Elektrik kəsilsə, həyat dayanacaq: Ekspert qlobal çöküş ssenarisini açıqladı

"Üçüncü dünya müharibəsi milyonları bir anda yox edə bilər"

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva beynəlxalq təhlükəsizlik mühiti ilə bağlı diqqətçəkən bəyanat verib. O, mümkün Üçüncü Dünya müharibəsinin İkinci Dünya müharibəsindən qat-qat daha dağıdıcı nəticələr doğura biləcəyini bildirib və mövcud qlobal institutların, xüsusilə də BMT-nin bu risklərin qarşısının alınmasında yetərli effektivlik göstərmədiyini vurğulayıb.

Prezidentin fikrincə, artan geosiyasi gərginlik fonunda çoxtərəfli əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinin yenidən nəzərdən keçirilməsi artıq zərurətə çevrilib.

Politoloq Turab Rzayev Sherg.az-a söyləyib ki, üçüncü dünya müharibəsinin nəticələri İkinci dünya müharibəsi ilə müqayisədə daha ağır ola bilər:

“Bunun əsas səbəbi odur ki, İkinci dünya müharibəsi dövründə kütləvi qırğın silahları indiki qədər inkişaf etməmişdi və bu qədər geniş yayılmamışdı. Həmin dövrdə bioloji silahlar, nüvə silahlarının müxtəlif növləri, o cümlədən plutonium əsaslı bombalar və digər yüksək dağıdıcı texnologiyalar bugünkü səviyyədə deyildi. Eyni zamanda müasir kimyəvi və texnoloji silahlar, yüksək dəqiqlikli və geniş miqyasda dağıntı törədə bilən sistemlər də mövcud deyildi. Digər mühüm amil isə urbanizasiyanın səviyyəsidir. Keçmişdə bu qədər böyük meqapolislər yox idi. Bu gün isə on milyonlarla insanın yaşadığı şəhərlər, hətta yüz milyona yaxın əhalisi olan nəhəng urban mərkəzlər mövcuddur. Belə ərazilərə nüvə silahının tətbiqi milyonlarla insanın dərhal həlak olmasına səbəb ola bilər. Kimyəvi və bioloji silahların istifadəsi isə geniş miqyaslı insan itkilərinə gətirib çıxarar”.

Analitik qeld edib ki, pandemiya dövründə bunun müəyyən mənada şahidi olduq:

“Bir virusun qlobal miqyasda yayılması milyonlarla insanın həyatına təsir etdi və bütün dünyada karantin rejimləri tətbiq olundu. Bu da bioloji təhlükələrin nə qədər ciddi nəticələr doğura biləcəyini göstərir. Müasir dünyanın digər zəif tərəfi onun yüksək səviyyədə qloballaşmasıdır. Əvvəllər ölkələr daha çox öz resurslarına güvənirdilər. İndi isə qida, enerji və su kimi həyati əhəmiyyətli resurslar ölkələr arasında geniş şəkildə daşınır. Hər hansı bir regionda bu zəncirin qırılması qlobal böhranlara səbəb ola bilər. Məsələn, Rusiya-Ukrayna müharibəsindən sonra taxıl ixracında yaranan problemlər Afrikanın bir çox ölkələrində qıtlıq təhlükəsi yaratdı. Bu, qlobal ərzaq sisteminin nə qədər həssas olduğunu açıq şəkildə göstərdi. Eyni vəziyyət su və enerji sahəsində də müşahidə olunur. Bir çox ölkələr içməli suyu ya idxal edir, ya da dəniz suyunun təmizlənməsi yolu ilə əldə edir. Enerji infrastrukturu isə bu sistemlərin işləməsi üçün əsasdır. Enerji şəbəkələrinin sıradan çıxması xəstəxanalar, su təchizatı, rabitə və digər həyati xidmətlərin dayanmasına, nəticədə isə kütləvi insan itkilərinə səbəb ola bilər. Xüsusilə xəstələr, yaralılar, yeni doğulan körpələr və asılı vəziyyətdə olan insanlar belə şəraitdə ən həssas qruplardır. Elektrik enerjisinin kəsilməsi yalnız bir texniki problem deyil, geniş humanitar fəlakətlərin başlanğıcı ola bilər”.

Ekspert əlavə edib ki, müasir dövrdə genişmiqyaslı müharibə yalnız döyüş meydanı ilə məhdudlaşmır, bütöv sivilizasiyanın funksionallığını hədəfə alır:

“Dünya daha çox inteqrasiya olunub və qarşılıqlı asılılıq artıb, bu isə riskləri daha da yüksəldir. Bu təhlükələrin qarşısını almaq üçün beynəlxalq institutların rolu böyükdür. Xüsusilə BMT kimi təşkilatların daha effektiv fəaliyyət göstərməsi vacibdir. Əks halda regional münaqişələr genişlənərək qlobal böhranlara çevrilə bilər. Eyni zamanda beynəlxalq sistemin islahı məsələsi də aktuallaşır. Daha çox ölkənin qərar qəbuletmə prosesində təmsil olunması, qlobal təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və daha ədalətli strukturun qurulması müzakirə olunur.Nəticə etibarilə, müasir dünyada mümkün böyük müharibənin nəticələri əvvəlkilərlə müqayisədə qat-qat ağır və dağıdıcı ola bilər. Bu səbəbdən də qarşısının alınması beynəlxalq siyasətin əsas prioritetlərindən biri olaraq qalır”.