Rusiya Baş nazirinin müavini Alekseyv Overçuk Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi dəstək üçün Azərbaycan rəhbərliyinə təşəkkür edib.
APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında bu məsələyə toxunub.
“Buna görə ilk növbədə Azərbaycan rəhbərliyinə və Prezident İlham Əliyevə təşəkkür edirəm. İrandan Rusiya vətəndaşlarının təxliyəsi və İran xalqı üçün humanitar yüklərin çatdırılması zamanı göstərilən kömək və dəstəyə görə minnətdarıq”, - o vurğulayıb.
Overçukun sözlərinə görə, Azərbaycan tərəfi operativ şəkildə bütün zəruri şəraiti yaradıb: “Azərbaycanın dəstəyi ilə 500-dən çox Rusiya vətəndaşı İrandan təxliyə olunub, eyni zamanda, dərman vasitələri və ərzaq məhsullarından ibarət humanitar yüklərin çatdırılması təmin edilib. Bu cür əməkdaşlıq iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir”.