“Heç mən özüm də əvvəlki insan deyiləm. Əvvəllər telefonda başqa tərzdə danışırdımsa, bu gün başqa şəkildə danışmağa başlamışam”
“Bu günün tamaşaçısı dünənki deyil”
Şərqiyyə Hüseynova: “Bəzən aparıcıları qınamağa dəyməz”
“Heç mən özüm də əvvəlki insan deyiləm. Əvvəllər telefonda başqa tərzdə danışırdımsa, bu gün başqa şəkildə danışmağa başlamışam”
“Heç mən özüm də əvvəlki insan deyiləm. Əvvəllər telefonda başqa tərzdə danışırdımsa, bu gün başqa şəkildə danışmağa başlamışam”
"Ekran qarşısından bizi yaşlı, cavan, xəstə, ailəli, uşaq izləyir. Ona görə də elə bir ortaq nöqtə tapmaq lazımdır ki, həm aparıcı sərbəst ola bilsin, həm də tamaşaçı narahat qalmasın”
Ömürdən illərini, günlərini televiziyaya həsr edən aparıcı, əvvəllər isə diktor deyə təqdim edilən Şərqiyyə Hüseynovanın ömür yoluna boylanmaq istədik. Bir çoxumuzun uşaqlığı məhz Şərqiyyə xanımın efirdə olduğu illərə təsadüf etdiyindən onun mənalı, maraqlı səsi ilə böyümüşük. Hətta elə onun səsi ilə televiziyaya gəlməyə həvəsi olanlar da az olmayıb. Ötən əsrin ən tanınmış diktorlarından sayılan Şərqiyyə xanımla bu gün həmsöhbət olmağa çalışdıq. Ötənlərə boylandıq.
- Hər vaxtınız xeyir, Şərqiyyə xanım! Necəsiz?
- Yaxşı olmağa çalışıram. Şükür. Bu gün yaşamaq bir az çətin olsa da, hər halda zamanla mübarizə aparmağa məcburuq.
- Deyirlər televiziya elə bir məkandı ki, çox rəngarəng görünsə də, həm də bataqlığa bənzəyir. Səni çəkib aparır. Hətta bəziləri ailələrini bu bataqlığın qurbanı edirlər.
- Televiziya həqiqətən fərqli və maraqlı məkandı. Maraqlı olduğu qədər də əslində məsuliyyət tələb edir. Qaldı bataqlıq məsələsinə, ola bilər televiziya özünə böyük cazibə qüvvəsinə malikdi deyə, insanı özünə çəkir. Bir balaca ağlı yerində olmayanlar sənəti ailəyə, ailəni də sənətə qurban verirlər. Heç vaxt öz işimin fanatı olmamışam. Sadəcə olaraq işimi sevmişəm. Müəllim, həkim necə işə gedirsə, fəhlə necə zavoda, fabrikə gedirsə, mən də hesab edirdim ki, bu mənim işim, sənətimdir, mən işimin arxasınca getmişəm. Amma nəyisə qurban vermək - mən bunu heç cür anlaya bilmirəm. Ola bilsin, dəhşətli dərəcədə nəyinsə fanatı olasan, amma mənə elə gəlir ki, yaşlandıqca, bunun altını çəkəcəklər, peşman olacaqlar.
- Bəs televiziyaya yolunuz necə düşdü?
- İnstitutun 2-ci kursunda oxuyurdum. Müsabiqə elan olundu. Mən incəsənəti qurtarsam da, səhnəyə heç vaxt can atmamışam. Mən fikirləşirdim ki, universitetdə qalıb dərs deyərəm. Və ya başqa sahədə çalışaram. Amma heç vaxt səhnə arzusunda olmamışam. Müsabiqə elan olunanda Müxlis Cənizadə mənim kurs rəhbərim, Rza Təhmasib səhnə danışığı müəllimim olub. Rza Təhmasib çox istəyirdi ki, mən səhnədə olum. Çünki məndə o istedadı görmüşdü. Amma Müxlis Cənizadə çox təkid etdi ki, mən müsabiqədə iştirak edim. Və mən o müsabiqənin qalibi oldum. Müsabiqədə çox gənclər iştirak edirdi. Onda mənim 19 yaşım var idi. Amma çətinlik onda idi ki, mən məktəbdə rus dilində oxumuşdum, rusdilli idim. O vaxt da rus, Azərbaycan dillərini bilməyim, səsimin mikrofona düşməyi və xarici görünüş əsas idi. Mən Azərbaycan dilindən bir balaca çətinlik çəkdim. Çünki atam hərbçi olduğundan mən dünyanın bir çox vilayətlərində, şəhərlərində yaşamışdım. Ona görə də məndə rus dili daha çox inkişaf etmişdi. Müsabiqədən keçdikdən sonra öz üzərimdə çalışdım, nə lazımdırsa, əldə etdim.
- Bu gün efirdə olan aparıcıların qüsurlarının çox olduğunu tez-tez qeyd edirlər. Əvvəllər efirdə az hallarda diktorun qüsurlu olduğunu görmək mümkün idi.
- Neqativ hallar bütün kanallarda var. Aparıcılığa qaldıqda, hər kanalda üzdə olan aparıcılar var. Elə aparıcılar var ki, çox gözəl çalışır, çıxışı adamı ekrana bağlayır. Birdəki tənqid eləmək asandı. Bu günün tələbləri də əvvəlki kimi deyil. Heç mən özüm də əvvəlki insan deyiləm. Əvvəllər telefonda başqa tərzdə danışırdımsa, bu gün başqa şəkildə danışmağa başlamışam. Yəni bu günün tamaşaçısı da dünənki deyil, bəzən aparıcıları qınamağa dəyməz. Zamana uyğun tərzdə efirdə danışmaq da lazımdı ki, tamaşaçı sənə diqqət yetirə bilsin. İstedadlı aparıcılarımız da var. İnsanların ümumiyyətlə qədrini bilmək lazımdır. Ələlxüsus da incəsənət aləmində, sənətdə olan şəxslərin. Yenə qeyd edirəm ki, tənqid etmək o qədər asandı ki. İndi baxın görün bizim nəvələrimiz, övladlarımız bizə oxşamaq istəyirlərmi? Təbii ki, yox. İndi həyatın tempi dəyişib. Ekran qarşısında olmaq təbii ki, məsuliyyət tələb edir. Çünki ekran qarşısından bizi yaşlı, cavan, xəstə, ailəli, uşaq izləyir. Ona görə də elə bir ortaq nöqtə tapmaq lazımdır ki, həm aparıcı sərbəst ola bilsin, həm də tamaşaçı narahat qalmasın. Birdəki, fikir vermisinizsə, kanallarda, verilişlərdə bəzən hamı xor olaraq danışır. Yəni müsahibə alan adamla eyni vaxtda studiyada olan hamı danışır. Bu, estetik baxımdan xoş görünmür. Bir də bizim dövrlə müqayisədə bugünkü aparıcıların işi çətindi. Çünki hərdən şahidi oluram, aparıcı həm də verilişin montajını edir, digər işləri görür. Bizim vaxtlarda belə deyildi. Biz ancaq efirə hazırlaşıb mətni oxuyurduq. Biz bu işlərdən azad idik. Hər zamanın öz marağı var. Bizim dövrdə televiziyanın bir marağı var idi, indi başqa maraq var. Sadəcə zamanın nəbzini tutmaq lazımdı. Yaşlı nəsil bəzən gənclərə qarşı çox sərt mövqe tuturlar. Yəni istəmirsənsə baxma, televiziyanın uzaqdan ötürücüsü əlindədi, yüz dənə də kanal var.
- Şərqiyyə xanım bu gün necə, çalışırmı?
- İki ildir başıma gələn faciədən sonra efirə çıxmıram. Amma tələbələrimə dərs keçirəm. Bir neçə kanalda aparıcılara dərs deyirəm. Bəzi kanallarla əməkdaşlıq edib aparıcıları efirə hazırlayıram. Hazırda SBS və SBS sport kanalları ilə çalışıram.
- Tək övladınızı itirdiniz?
- Bəli, tək övladım əlimdə gözünü yumdu. Qızım iki il öncə dünyasını dəyişdi. Ondan sonra efirlərə çıxmıram. Nəvəm var, 16 yaşında, mən bütün diqqətimi ona vermişəm. Gözləmədiyim vaxt qızımı itirdim. Nəvəmə ağır təsir etdi anasının yoxluğu. Ona görə də mənim bütün istəyim, niyyətim nəvəmi böyütmək, onun təhsili ilə maraqlanmaq, ona qayğı göstərməkdi. Nəvəm bu il Əzim Əzimzadə adına Rəssamlıq Kollecinə daxil oldu. Onun da problemləri çoxdu. Yəni mən işdən sonra ancaq nəvəmlə məşğul olub, onun tərbiyəsinə, təhsilinə vaxt ayırıram.
- Efirdə olan xanımdan hər zaman formada olmaq tələb olunur. Ümumiyyətlə, qadın özünə işi çox olsa da, vaxt ayıra bilərmi?
- Bilirsiz, qadın özünə həmişə qulluq etməli, səliqəli görünməlidir. Onu deyim ki, qadın özünə nə qədər çox qulluq eləsə, qəşəng görünsə, bu, övladın da baş ucalığıdır. Mənim nəvəm də xoşlayır ki, mən məktəbə tez-tez gəlim, yəni o "tökülmüş babulyalardan” deyiləm. Amma bütün bunların arxasında mən deyə bilmərəm ki, gündə kosmetoloqun yanındayam, plastik əməliyyatlara gedirəm. Heç bir vaxt bunlarla məşğul olmamışam. Çünki evdə özüm-özümə qulluq edirəm. Bir gün tanınmış balerinalardan birinə sual verirlər ki, sizin bu qədər cavan qalmağınızın sirri nədədir? Baxmayaraq ki, siz balerinasız, bu cür arıq qalmısınız, amma balerinaların çoxu yaşlandıqca qocalırlar. Balerina cavab vermişdi ki, çox yeməmək. Adicə mətbəxdə yemək bişirə-bişirə, ev işləri görə-görə qadınların bir əlləri üzlərində olsun.
- Televiziya üçün bu gün sizin kimi diktorlar canlı məktəb sayılır. İllərin aparıcılıq məktəbindən nələr qalıb?
- İndi aparıcılıq məktəbi ümumiyyətlə yoxdur. Mənim bildiyimə görə, Akademiya yaradılıb. Amma mənə elə gəlir ki, orada dərs keçilmir. Bizim gənc aparıcılarımız nədənsə öyrənmək istəmirlər. Hərdən nə isə məsləhət verəndə qulaq asır, amma bildiklərini eləyirlər. Odur ki, bu barədə danışmağın heç bir əhəmiyyəti yoxdur. Mən tənqid etməyi sevmirəm. Bunun hamı bacarır. Daha çox öyrətməyi sevən biriyəm. Təbii ki, mənə müracəit edilirsə, imkan qədər yox demirəm.
Tahirə Məmmədqızı
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb