"Bu, insanlara rahatlıq verəcək" - İLHAM ƏLİYEV
"Bu il "Azərişıq” tərəfindən bütün bölgələri dayanıqlı enerji ilə təmin etmək üçün əlavə işlər görülməli, yeni yarımstansiyalar, dayaqlar quraşdırılmalıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib. O bildirib ki, bu il "Azəriqaz” ən azı 80 kəndə qaz xətləri çəkməlidir: "Bu il qazla təminat 94 faizə çatdırılmalıdır”.
Prezident qeyd edib ki, "Azəravtoyol” 40 kənd yolu layihəsini icra etməlidir: "Bu, həm insanlara rahatlıq verəcək, həm də iqtisadi inkişafa mühüm təsiri olacaq”.
Dövlət başçısının sözlərinə görə, bu il Ələt Beynəlxalq Dəniz Limanı layihəsinin birinci mərhələsi başa çatmalıdır: "Digər nəqliyyat layihələrinin icrasına gəlincə, Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı Azərbaycan üzərinə düşən işləri görüb. Biz gəmiqayırma zavodu hesabına donanmamızı yeniləşdiririk, Xəzəryanı ölkələri də gəmilərlə təmin edə bilərik”.
Prezident "Azərsu”ya da tapşırıqlar verib: "Bakının fasiləsiz su təminatı 80 faizə çatıb, ölkə üzrə bu göstərici 65 faizdir. Bu göstərici daha da artmalıdır. Biz bu proqrama başlayanda fasiləsiz su təminatı 25 faiz idi. Bu il minimum 50 kənddə sutəmizləyici qurğular quraşdırılmalıdır. Digər tərəfdən, meliorasiya sahəsində böyük işlər görülməlidir. Bu il 150-160 min hektar torpağa suyun verilməsi təmin edilməlidir. Biz buna nail olmalıyıq. Bu layihələrin icrası nəticəsində ixrac potensialımız artmalıdır. Yeni suvarılacaq torpaqlarda hansı məhsulların əkilməsi ilə əlaqədar hazırda işlər gedir. İlk növbədə daxili tələbat ödənilməli, sonra ixrac olmalıdır”.
Dövlət başçısı görüləcək işlərə güclü dövlət və ictimai nəzarət həyata keçirilməli olduğunu vurğulayıb: "Ağdam rayonunda 30 artezian quyusunun qazılması xahiş olundu. Bunun nəticəsində 1000 hektar torpağın suvarılması təmin olunacaq. Kürdəmirdə 15800, Hacıqabulda 4800, İmişlidə 3000, Neftçalada 8000, Şəmkirdə 8000, Ucarda 2100 hektar yeni torpaq sahələri suvarılacaq. Bu işlər yerli icra hakimiyyəti orqanlarının xətti ilə həyata keçiriləcək. Meliorasiya və Su Təsərrüfatı ASC-nin həyata keçirdiyi layihə nəticəsində Arazın yeni qolu sayəsində 40 min hektar torpaq sahəsi suvarılacaq. Ümumilikdə 160 min hektara yaxın yeni əkin sahələri yaradılacaq. Mən bu rəqəmləri ona görə səsləndirirəm ki, ictimaiyyət bunu bilsin və nəzarət etsin. İlk dəfə bu işlərin bir hissəsini rayon icra hakimiyyətlərinə həvalə edirik və bu işlər görülməlidir”.
Prezident eyni zamnda bildirib ki, Azərbaycan kərə yağı ilə 76 faiz özünü təmin edir, bunun 10 faizi xarici faktordur: "Burada 10 faiz qablaşdırma ilə bağlıdır. Qablaşdırma elə məsələ deyil ki, biz bunu həll edə bilməyək. Buğda ilə özümüzü 53 faiz təmin edirik, burada 23 faiz xarici faktordur. Arpa ilə 102 faiz, qarğıdalı ilə 71 faiz, soya ilə cəmi 4 faiz, meyvə və giləmeyvə ilə 102 faiz özümüzü təmin edirik. Ancaq elə növlər var ki, özümüzü təmin edə bilmirik. Meyvə və giləmeyvə vacib ixrac məhsulumuzdur”.
Prezident Azərbaycanın bütün növ tərəvəzlə 96 faiz özünü təmin etdiyini söyləyib: "Kartofla təminat 86 faizdir, bu, bir az aşağı düşüb. Şəkərlə özümüzü 115 faiz təmin edirik. Ancaq bunun tərkibində 73 faiz xarici faktor var. Şəkər çuğundurunun əkilməsi, becərilməsi, şəkər hazırlanması üzrə Dövlət Proqramı hazırlanıb. Bal ilə 97 faiz təmin edirik”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqillik dövründə ərzaq təhlükəsizliyini tam təmin etməyə çalışmalıdır: "Yeni dövriyyəyə cəlb edilən torpaqlar hesabına idxaldan asılılığa son qoya və ixracın artmasına nail ola bilərik. Keçən il 90 min ton pambıq tədarük etmişik. Bu il isə 200 min ton pambıq istehsalı gözləyirik. Bu sahə Mingəçevirdə yaradılacaq sənaye parkının təminatı ilə bağlıdır. Mingəçevirdə təməlini qoyduğumuz iplik və digər sahələrlə bağlı zavodlar bu ilin sonlarında istifadəyə verilməlidir. Yeri gəlmişkən, hazırda 37 rayonda insanlar baramaçılıqla məşğuldurlar. 2019-cu ildə 1300 ton barama istehsalı planlaşdırılır”.
Prezident İlham Əliyev fındıqçılığın inkişafının xüsusi diqqət mərkəzində olduğunu nəzərə çatdırıb: "Hazırda 3035 min hektarda fındıq sahələri var, biz bunu 80 min hektara çatdırmalıyıq. 30-40 min hektar ərazidə isə şəkər çuğunduru əkilməsi nəzərdə tutulub. Bu şəkər çuğunduru şəkər zavoduna göndəriləcək və şəkər zavodunun xaricdən valyuta ilə xammal alması minimuma enəcək. Bakı ətrafında və Abşeronda badam, zeytun bağları salınmalıdır. Tütün istehsalı Azərbaycanda 10 min tona çatmalıdır. Üzümçülük və şərabçılıqla bağlı tədbirlər də nəzərdə tutulur. Biz indiki səviyyə ilə razılaşa bilmərik. Bu sahələr üzrə assosiasiyalar keçən il yaradılıb. Şərabçılıq Assosiasiyası xarici bazarlara çıxışlar tapmalıdır. Hazırda cəmi 3 milyon dollar həcmində şərab məhsulları ixrac olunur. Bu göstərici 10 dəfə, 20 dəfə, daha çox artırılmalıdır. Biz dost, qonşu ölkələrlə də danışmışıq ki, Azərbaycan şərabına yer ayrılsın. Biz ildə 50-60 milyon dollar soya alınmasına xərcləyirik. Biz soya sahələrini artırsaq, bunu uğurla ixrac edə bilərik".
Dövlət başçısı 50 min baş cins mal-qara gətirilərsə, Azərbaycanda süd məhsullarına tələbatın tam təmin olunacağını açıqlayıb: "Biz səmərəsiz örüş sahələrini əkinə cəlb etməliyik. Ancaq bu sahədə də planlı iş görülməlidir. Yəni bir sahəni inkişaf etdirməklə, digər sahənin inkişafına ziyan vurulmamalıdır. Burada düşünülmüş siyasət aparılmalıdır. Yeri gəlmişkən, yun tədarükü ilə bağlı cəmi bir sahə var. Bu il ən azı 10 yeni yun tədarükü sahəsi yaradılmalıdır".
Prezident çayçılığın, arıçılığın inkişafının da diqqət mərkəzində olduğunu söyləyib: "Biz bal məhsullarının istehsalına başlamışıq. Bazarlara çıxmaq üçün təqdimatlar keçirilməli, reklam işləri aparılmalıdır. Aqroparkların sayı da 10-a çatdırılmalıdır. Qəbul etdiyimiz strateji yol xəritələrində də əsas istiqamətlər göstərilib".
Dövlət başçısının sözlərinə görə, taxılçılıq az gəlir gətirən sahə olsa da, strateji sahədir. O deyib ki, hazırda Azərbaycan 53 faiz özünü taxılla təmin edir və bu göstərici artırılmalıdır: "İndi 250-300 milyon dollar xaricdən taxıl alınmasına sərf edilir”.
Prezident bildirib ki, Azərbaycanda gübrə zavodu fəaliyyətə başlayacaq: "Pestisidlərin də ölkə daxilində istehsalına nail olmalıyıq”.
Dövlət başçısı inkişaf etmiş ölkələrdə icbari sığortanın tətbiq olunduğunu da qeyd edib.
Məktəb tikintisi və təmirindən danışan prezientin sözlərinə görə, ölkə üzrə 130 məktəbdə təmir işləri aparılmalıdır: "Bakı Şəhər İcra Hakimiyyəti də bu il, uzağı gələn il Bakıda məktəblərdə təmir işlərini yekunlaşdırmalıdır. Bu il Gənclər və İdman Nazirliyi tərəfindən Abşeron və Ağcabədi idman kompleksləri də tikilib istifadəyə verilməlildir".