"Bu məcburi köçkünlər 36 manata göz dikməməlidir" - Deputat





"Gəliri yüksək olan məcburi köçkün ailələri ehtiyacı olan təbəqə üçün ayrılan 36 manata göz dikməməlidir”.

Bunu Sherg.az-a 300-dən çox məcburi köçkünün ayrılan müavinətlərdən imtina etməsini dəyərləndirərkən millət vəkili Elman Məmmədov deyib. 

O bildirib ki, öz ailəsini dolandırmaq imkanına malik olan məcburi köçkünlərin könüllü şəkildə bu addımı atması təqdirəlayiq haldır:

"Dövlət işində işləyən, özəl şirkətlərdə firmalarda, gəlirli sahələrdə çalışan sahibkarlar, iş adamları, ziyalılar, deputatlar, məmurlar, icra başçıları və digər şəxslər bu gün pul qazana bilir, yüksək maaş alır və ailəsini dolandırır. Həmin şəxslərin, məcburi köçkünlər üçün ayrılan müavinətlərdən imtina etməsi doğrudur. Ötən günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən müşavirədə də sədr Əli Həsənov özü də təklif etdi ki, qənaət olunan həmin vəsait gələcəkdə cənab prezidentin qərarı ilə daha çox ehtiyacı olan təbəqənin müavinətlərinin artırılmasına sərf oluna bilər. Burada artıq vicdanlı vətəndaş mövqeyi nümayiş etdirmək lazımdır. Məcburi köçkünlər düşünməlidir ki, mən kifayət qədər yüksək maaş alıramsa, və ya hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğulamsa, müəyyən sahədə çalışıb, ailəmi dolandıra bilirəmsə, niyə dövlətə yük olmalıyam? Həmin pullar isə işi olmayan, xəstə, əlil və imkansız ailələr bundan istifadəsinə verilsin, onların müavinəti artırılsın”.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə indiyə qədər 300-dən çox məcburi köçkün könüllü olaraq vahid aylıq müavinətdən imtina edib.
 
Aysel Aslan