"Bu qədər insan xəstə ola bilməz"

Arzu Müzəffərova ABŞ-ın məşhur psixoloqları ilə razılaşmır
"Mən sosial şəbəkələrin insanları real həyatdan qoparması, onlarda özünəqapanma hallarının yaratmasını zənn etmirəm"


ABŞ-ın Pensilvaniya universitetinin psixoloqları qənaətə gəliblər ki, sosial şəbəkələrdə çox vaxt keçirmək tənhalıq hissini yüksəldir və depressiyaya səbəb olur.
Psixoloqların işi "Journal of Social Clinical Psychology" jurnalında dərc olunub.

Öz araşdırmalarını mütəxəssislər "Facebook", "Instagram" və "Snapchat"-dan istifadə edən 143 tələbə arasında keçirib. Araşdırma nəticəsində psixoloqlar müəyyən ediblər ki, tənhalıq və depressiya birbaşa sosial şəbəkələrdə keçirilən vaxtdan asılıdır. "Çox qəribədir ki, insan sosial şəbəkələrə nə qədər çox vaxt ayırsa, bir o qədər tənhalaşır. Buna səbəb kimi şüuraltı müqayisə göstərilir. İnsan digərlərinin həyatında baş verən hadisələrə baxanda, məsələn, "Instagram"da, ona elə gəlir ki, hamı ondan daha yaxşı yaşayır", - deyə tədqiqatçılar qrupunun rəhbəri Melissa Q.Hann bildirib.

Psixoloqlar isə bildirirlər ki, sosial şəbəkələrin müsbət cəhətləri olsa da, həyatımıza müdaxiləsi daha çox zərərlidir. Belə ki, bu həm oturaq həyat tərzinə gətirib çıxarır, həm də insanları gerçək ünsiyyətdən, gerçəklikdən uzaqlaşdırır.

Psixoloq-konsultant Arzu Müzəffərova isə "Şərq”ə açıqlamasında deyib ki, virtual da olsa, sosial şəbəkələr də bir həyatdır. Nəinki sosial şəbəkələrdə, hətta real həyatda belə tənhalığa qapılıb depressiyaya düşənlərin sayı az deyil. Ünsiyyət bacarığı olmayan insanlarda bu cür problemlərə daha sıx rast gəlindiyini vurğulayan psixoloq deyib ki, doğru istifadə edildiyi təqdirdə sosial şəbəkədən istifadənin heç bir ziyanı yoxdur. Deyirlər sosial şəbəkə xəstəlikdir. Amma sosial şəbəkəyə kütlə bağlılığı var. Bu qədər insan xəstə ola bilməz.

Böyükdən kiçiyə hər kəsin sosial şəbəkə istifadəçisi olduğunu deyən A.Müzəffərova sosial şəbəkədən aşırı istifadənin insanlara verdiyi zərəri istisna etməyib, amma real həyatda da kifayət qədər travma alan insan var: "Belə halların yaranmaması diqqət tələb edir. Paylaşımlar, statuslar, yazılar, təhqirlər və s. xəbərlər. İnsanların sosial şəbəkələrdən aldığı informasiyadan necə faydalanması çox önəmlidir. Hətta paylaşılan informasiyalar vasitəsilə insanın özünü, düşüncələrini tanımaq da mümkündür. Psixoloq kimi onu deyə bilərəm ki , mənə üz tutan pasiyentlərin hər biri tənhalıqdan şikayət edirlər. Soruşanda ki, "necə tənhasınız, tənhalıq nədir?" fərqinə varıb düşündükdən sonra cavabları tamam fərqli olur: "Əslində tənha deyiləm, istədiyim kimi getmir hər şey” . 

Halbuki bu anlayışlar tamam fərqlidir. Hər şey insanların sosial şəbəkəni necə, hansı limitdə, hansı məqsədlə istifadə etməsindən asılıdır. Əlbəttə, öz inkişafları üçün istifadə edilərsə, niyə olmasın? Mən sosial şəbəkələrin insanları real həyatdan qoparması, onlarda özünəqapanma hallarının yaratmasını zənn etmirəm. Sosial şəbəkələr, əksinə, neçə-neçə insanları ünsiyyətə cəlb edə bilir. Bir-birindən uzaqda yaşayan insanlar da əlaqə yaradır.

Hər şey insanın öz seçimidir. Öz dünyasında yaşayan insanlar canlı ünsiyyət zamanı belə tənhalıq yaşayırlar".

Şəymən