"Çöpçüyə getməyin!"

Adil Qeybulla: "Bu, tibbə zidd üsuldur"


Çöpçülərə etibar etmək uşaqların səhhətində fəsadlar yarada bilər.

Bunu Sherg.az-a çöpçülərin fəaliyyətini tənqid edən tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib. Ekspert bildirib ki, çöpçülük əsaslandırılmamış bir müalicə üsuludur: "

Birincisi, həmin proses əl və barmaqla aparılır ki, bu da, müxtəlif mikrobların, infeksiyaların ötürülməsinə, uşaqların boğaz nahiyyəsinin daxildən zədələnməsinə gətirib çıxara bilər. Həmçinin çöpçü adı ilə fəaliyyət göstərənlərin əksəriyyəti fırıldaqçı olur. İnsanları uşağın burun, boğazından müxtəlif əşyalar çıxarmaqla aldadırlar. 

Həmin əşyalar gündəlik istifadə olunan qida məhsulları və ya çərəzlər olur ki, bu da, müəyyən inam yaradır. Həkim kimi çöpçüyə getməyi məsləhət görmürəm. Əgər valideynlərin övladının burun-boğaz boşluğunda nə isə qalması haqqında şübhəsi varsa, bunu tibbi yollarla müəyyən edə bilərlər. Bəlkə də valideynlər bu prosesin maddi cəhətdən daha ucuz başa gəldiyini düşünür. Lakin övladların sağlamlığı hər şeydən önəmlidir".

Qeyd edək ki, uzun illərdir, ekspertlərin çöpçülüyün fəsadları ilə bağlı çağırışlarına baxmayaraq cəmiyyətdə bu tendensiya zəifləməyib.
  
Aysel Aslan