“Cümhuriyyət dərsini ali məktəblərdə də keçirmək mümkündür”

Almaz Həsrət: “Mən hər il ilk Bilik Gününü Bakının işğaldan azad edilməsinə həsr edirəm”
Şagirdlər əyani və görüntülü şəkildə Qafqaz İslam Ordusunun, qəhrəman türk əsgərlərinin Azərbaycana necə gəldiyini, hansı marşrut üzrə Bakıya yollandıqlarını və nəhayət, paytaxtımızı necə azad etdiklərini öyrənirlə




Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyi və "Cümhuriyyət İli” ilə bağlı gündəmə gətirilən mühüm məqamlardan biri də sentyabrın 15-də Bakının işğaldan azad edilməsi hadisəsidir. Həqiqətən də Bakının erməni-bolşevik qüvvələrindən təmizlənməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Məhz həmin gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu böyük şücaətlər və şəhidlər hesabına paytaxtımızı bizə ərməğan ediblər.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncə şəhərindən Bakıya köçürülüb. Məhz bundan sonra Azərbaycan hökuməti özünün elm, mədəniyyət və incəsənət mərkəzinə qovuşub. Bakının azad edilməsinin böyük əhəmiyyəti var idi, çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsi ilə şimali Azərbaycan bütövləşib, dövlət quruculuğunun əsas mərhələsinə start verilib, atributlarımız formalaşıb. Əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, Azərbaycan Xalq Cümhuriyyəti tarixçilərin dediyi kimi, elə "beşikdəcə boğulardı”. Bu baxımdan əksər tarixçilər və tanınmış ictimaiyyət nümayəndələri hesab edirlər ki, AXC-nin yüz illik yubileyi və "Cümhuriyyət ili” çərçivəsində orta məktəblərdə 15 sentyabr günü məhz Bakının işğaldan azad olunmasına, Qafqaz İslam Ordusunun qəhrəmanlıqlarına, ümumiyyətlə, Cümhuriyyətin daha dərindən tanıdılmasına həsr olunsun.

Təkliflə bağlı "Şərq”ə danışan Əməkdar müəllim Almaz Həsrət deyib ki, 15 sentyabr bilik günü kimi qeyd olunandan indiyədək ilk dərsin müəyyən hissəsini Bakının işğaldan azad edilməsinə həsr edir. Bakının yadelli işğalçılardan azad edilməsini şagirdlərin diqqətinə çatdıran müəllim həmin günün tarixi əhəmiyyətindən söz açır: "Baxmayaraq ki, mənim ixtisasım biologiyadır, amma buna rəğmən həmin günü girdiyim bütün siniflərdə Azərbaycan Xalq Cümhuriyyətindən, Bakının işğaldan azad edilməsindən danışıram. İnternetdə 15 sentyabrla bağlı mövcud olan videosüjetləri tapıram, üzərində işləyirəm və video-roliklər şəklində şagirdlərə təqdim edirdim. 

Əlbəttə, bunu özüm istədiyim üçün, yəni göstəriş olmadan edirdim. O baxımdan çox gözəl bir təşəbbüs olardı ki, 15 sentyabr günündə bütün orta məktəblərdə, ixtisasından asılı olmadan bütün müəllimlər öz dərslərində hadisənin əhəmiyyətindən, Cümhuriyyətin mahiyyətindən danışsınlar. Hətta bunu ali təhsil ocaqlarında da həyata keçirmək mümkündür. Hesab edirəm ki, bu, mütləqdir. Lakin bunu reallaşdırmaq üçün ilk növbədə müəllimin özü vətənpərvər olmalı, səmimi davranmalı, müəyyən tarixi bilgilərə malik olmalıdır. Yaxşı olar ki, müəllimlər bunu hansısa əmr və tapşırıq olduğu üçün yox, öz daxillərindən gəldikləri üçün, könüldən istəyərək etsinlər”. 

A.Həsrətin sözlərinə görə, hər bir müəllimin borcudur ki, 15 sentyabrın tarixi ilə bağlı məlumat əldə etsin və şagirdləri bilgiləndirsin: "Mən bunu öz üzərimdə sınamışam və xeyrini görmüşəm.

 Mütəmadi bu işlə məşğul olduğum üçün artıq Bakının işğaldan azad olunması məsələsi uşaqların beyninə həkk olunub. Şagirdlərlə sorğu-sual edəndə onlar dərhal Bakının hansı gün və kimlərdən xilas edildiyini deyirlər. Fikrimcə, hazırlanan videosüjetlər uşaqlar üçün çox faydalı olur. Şagirdlər əyani və görüntülü şəkildə Qafqaz İslam Ordusunun, qəhrəman türk əsgərlərinin Azərbaycana necə gəldiyini, hansı marşrut üzrə Bakıya yollandıqlarını və nəhayət, paytaxtımızı necə azad etdiklərini öyrənirlər. Şübhəsiz ki, bu işin davamlı və sistemli şəkildə aparılması müsbət nəticələr verə bilər. Biz 15 sentyabr gününü, Bakının işğalçılardan təmizlənməsini unutmamalıyıq. Böyüklü-kiçikli, millət halında həmin günü qeyd etməliyik”.

İsmayıl