“Daha Bakıya qayıtmaq boş xəyaldır”

“Ən çox qorxduğum övladlarımın yanında utanmaq, onların ehtiyaclarını ödəyə bilməməkdir”
“Hazırda ehtiyaclarımı az-çox ödəyəcək qədər qazanıram. Ən azından işsiz deyiləm və ayın sonunda alacağım müəyyən məbləğ var”


"Sözlə yaşayan adam” rubrikasının budəfəki qonağı gənc yazar Cəlil Cavanşirdir. Yazar "Şərq”ə müsahibəsində yaradıcılığından, şəxsi həyatından, rayona köçmə səbəblərindən, ədəbiyyatın hazırkı durumundan, ölkədə baş verən ictimai-siyasi proseslərdən və s. danışıb. Həmçinin o Azərbaycanda dini təhsili olan azsaylı yazarlardandır. Yeniyetməlik illəri dini ortamda keçən biri olaraq ondan dini mövzulara da münasibət öyrəndik.

- Cəlil bəy, hazırda hansısa əsər üzərində işləyirsinizmi?

- Təxminən 10-12 gün əvvəl "Dəli Qorqud” romanımı bitirmişəm. Hazırda həmin romanın redaktəsi ilə məşğulam. Romanın redaktəsi bitdikdən sonra, yayda yazdığım uşaq hekayələrini redaktə edib, çapa verəcəm. Eyni zamanda fürsət tapdıqca, yeni romanımı yazmağa hazırlaşıram.

- Gün ərzində daha çox mütaliə edirsiniz, yoxsa yazırsınız?

- Əgər yeni roman yazıramsa, gün ərzində daha çox yazı masasının arxasında, bilgisayar qarşısında oluram. Yazı prosesində ilişəndə, proses ürəyimcə getməyəndə bir siqaret yandırıb saatlarla ağ vərəqlərə baxıram. Yazı prosesində mütaliəni minimuma endirirəm. Gündə 10-12 səhifədən çox oxumuram. Çünki yazı prosesinə ara verib mütaliə etsəm, fikrim dağılır. Yazarkən fikrimi cəmləməkdə, diqqətimi yazıya yönəltməkdə çətinlik çəkməmək üçün başqa işlərdən uzaqlaşmağa çalışıram. Gündəlik yazılara, araşdırma və köşələrə gün ərzində 3-4 saat vaxt ayırıram. Tərcümə etmirəmsə, irihəcmli roman üzərində işləmirəmsə, bəzən bütün günü kitab oxuyuram. Rayon mühitində görə biləcəyim başqa iş olmadığı üçün, oxumağa, filmə baxmağa çox vaxtım olur. Aya ən azı 10 kitab oxuyuram. Ümumiyyətlə, mütaliə mənim üçün gündəlik işlərdən biridir. Hətta yemək yeyəndə də masamın üstündə kitab olur. Uşaqlıqdan mütaliəni gündəlik vərdişə çevirmişəm. Hətta ən gərgin iş rejimində çalışdığım vaxtlarda da, mütaliəyə vaxt tapmışam.

- Ədəbiyyatdan kənar hansısa məşğuliyyətiniz var mı?

- Hazırda "Oğuz” Bilik Evində çalışıram. Bilik Evləri Prezident yanında Bilik Fondunun layihələrindən biridir. Mən də yaradıcılıqla məşğul olan insanlara Azərbaycan və dünya ədəbiyyatından dərs deyirəm, Fondun gördüyü işlərə dəstək verməyə çalışıram. Həm də sevdiyim işlə, kitab təbliğatı ilə məşğul oluram. Gənc yazarları, Azərbaycan ədəbiyyatını təbliğ edirəm. Kitab müzakirələri, kitab təqdimatları təşkil edirəm. Əsas məşğuliyyətim isə, şübhəsiz ki, ədəbiyyatdır. Bütün başqa işlər, sadəcə ailəmin, övladlarımın az da olsa ehtiyaclarını təmin etmək üçündür. Köşə yazıları da, araşdırmalar da, hansısa layihədə çalışmağım da maddi qazanc əldə etmək üçündür.

- Bir də Bakıya nə vaxt qayıdacaqsınız?

- Yaxın vaxtlarda Bakıya qayıda biləcəyimə inanmıram. Evsizlik bunun ən ciddi səbəbidir. Qarşıdakı onillikdə ev sahibi olmaq perspektivim olmadığı üçün, Bakıya qayıtmaq məsələsi boş xəyaldır. Ona görə də bu barədə son vaxtlar ümumiyyətlə düşünmürəm. Rayonda kirayə evlər Bakıdan dəfələrlə ucuz olduğu üçün burada yaşamaq nisbətən rahatdır. Hazırda övladlarımın rahatlığı və normal yaşaması üçün çalışıram. Bunun üçün Bakıdan uzaq olmaq daha sərfəlidir.

- Ümumiyyətlə, rayona getməyiniz işlə bağlı bir məsələ idi, yoxsa işsizliklə?

- Daha çox işsizliklə bağlı idi. Sonuncu iş yerimdən öz ərizəmlə, xahişimlə uzaqlaşdım. Başqa iş tapa biləcəyimə ümid edirdim. Təəssüf ki, normal qazanclı iş tapa bilmədim və məcbur olub kəndə köçməyə qərar verdim. Bu mənim ehtiyaclar qarşısında ilk böyük məğlubiyyətim oldu. Rayona köçmək qərarı verəndən sonra rayonda qalıb işləmək məsələsi də ortaya çıxdı. Çox təəssüf ki, rayonda da uzun müddət işsiz qaldım. Çox gərgin günlər keçirdim. Ailəmin və dostlarımın dəstəyi olmasaydı, nə baş verərdi, bilmirəm. Hazırda ehtiyaclarımı az-çox ödəyəcək qədər qazanıram. Ən azından işsiz deyiləm və ayın sonunda alacağım müəyyən məbləğ var. Onsuz da az pulla xoşbəxt yaşamağı öyrənmişəm. Daha doğrusu, pulun insanı xoşbəxt etmədiyini öyrənmişəm. Amma yaşamaq üçün işləmək, pul qazanmaq vacibdir. Ən çox qorxduğum övladlarımın yanında utanmaq, onların ehtiyaclarını ödəyə bilməməkdir. İşsizliyə nifrət edirəm. Çünki mən işləməyə, dinamik həyata alışmışam. İşsiz qalanda özümü lazımsız hiss edirəm.

- Uzun müddət qaynar şəhər həyatı yaşayan bir insan kimi kənd mühiti sizi darıxdırmır?

- Mənim darıxmağım xronikidir. Hər yerdə darıxıram. Şəhərin səs-küyündə də, kəndin sükutunda da darıxan adamam. Hazırda kənddə yox, rayon mərkəzində yaşayıram. Kiçik, sakit bir rayondur. Meşələr, dağlar, möhtəşəm təbiət... Darıxmamaq üçün çoxlu səbəblərim var. Övladlarımla daha çox vaxt keçirə bilirəm. Tıxaclarda, avtobuslarda, metro vaqonlarında əsəbiləşmirəm. Həyatım dəfələrlə asanlaşıb. Amma mən yenə də darıxıram. Və bilirəm ki, Bakıya qayıtsam da, darıxacağam.

- Yazar dostlarınızdan kiminsə kitab təqdimatı olanda gəlib, iştirak edirsiniz, yoxsa sadəcə telefonla təbrik edirsiniz?

- Təəssüf ki, ürəyim istəyəndə gəlib-gedə bilmirəm. Amma sözsüz ki, kitabları əldə edib, oxuyuram. İnternet onsuz da uzağı yaxınlaşdırıb. Hər gün olmasa da, dostlarla mütəmadi əlaqə saxlayıram. Eyni zamanda uzaqda olmaq insanları tanımaq üçün də çox yaxşıdır. Kimin dost, kimin bədxah olduğunu uzaqlaşdıqca daha yaxşı anlamaq olur.

Elə tədbirlər olur ki, gələ bilmədiyim üçün, orada ola bilmədiyim üçün çox əsəbiləşirəm. Hər halda, bütün bunlar ümumi bəladır. İmkansızlıq, ehtiyac, kasıblıq...
Bunlar sadəcə müəyyən şeylərə mane olur. Hisslərimizə, dostlara olan sevgimizə heç nə maneə deyil. Eyni zamanda oxumaq istədiyim kitabları əldə edib oxuya bilirəm.

- Uzun müddətdir ədəbiyyat sahəsindəsiniz. Bu sahədəki ümumi vəziyyəti necə dəyərləndirirsiniz?

- Tam səmimi deyim ki, daha bu barədə danışmaq mənim üçün maraqsızdır. Uzun müddət dövlətin pulunu göyə sovuran yaradıcı qurumları, ədəbiyyatda monopolistlik edənləri, ədəbiyyata pərçim olanları tənqid etmişəm. Dostlarımın bu sahədə ardıcıl və barışmaz mübarizəsini də dəstəkləyirəm. Heyif ki, bütün bu mübarizələr nəticəsizdir. Boş yerə başımı daş-divara çırpıb, özümü yormaq istəmirəm. Hazırda yazdıqlarım və yazacaqlarım barədə düşünürəm. Ədəbiyyatın vəziyyətini isə qoy bu sahədə ekspertlik edənlər, ədəbiyyatdan qazanc əldə edənlər, ədəbiyyat sayəsində lyüks həyat quranlar, araq məclisində ədəbiyyatdan danışıb, fırıldaqçılıqla məşğul olanlar qiymətləndirsinlər. Hər halda onların ədəbiyyatdan danışmağa daha çox vaxtı var. Mən yazıçıyam, müasir ədəbiyyatın yaranmasında, müasir ədəbi mühitin formalaşmasında iştirak etmişəm və yenə də bu prosesin içindəyəm. Dolayısıyla iş görənlərdən, aktiv yaradıcılıqla məşğul olanlardan biriyəm. Qoy bu fəaliyyəti, görülən işin keyfiyyətini ekspertlər, ədəbiyyat haqqında danışmağa, onu saf-çürük etməyə boş vaxtı olanlar qiymətləndirsin. Mənim işim yazmaqdır və mən yazıram.

- Kitablarınızın adı hər zaman cəlbedici olur. Ad seçimi sizcə, kitabın oxunması üçün nə dərəcədə əhəmiyyətlidir?

- Ad seçimi önəmlidir. Kitabın adı, onun təqdimatı oxunmağına, satışına az-çox təsir edir. Mən ad seçimində çox vasvasıyam. Seçdiyim adların üzərində uzun müddət düşünürəm. Amma nə sirdirsə, bir əsəri yazmağa başlayanda seçdiyim adı, son anda mütləq dəyişirəm. Kitaba ad seçmək prosesi, yazı prosesi qədər çətin və əzablı prosesdir.

- Zaman-zaman yazıçılarımızın hansısa əsərinə bir neçə dəfə redaktələr etdiyinin şahidi olmuşuq. Bəs, sizin gələcəkdə redaktə etmək istədiyiniz əsəriniz varmı?

- Gələcəklə bağlı heç nə deyə bilmərəm. Bəlkə də nə vaxtsa, nəşriyyatlardan təkrar nəşr üçün təklif alsam, kitablarımı yenidən redaktə edə bilərəm. Hələlik belə bir ehtiyac hiss etməmişəm.

- Yaxşı yazıçı olmaq üçün çox oxumaq lazımdır, yoxsa anadangəlmə istedadlı olmaq?

- Yaxşı yazıçı olmaq üçün çox əziyyət çəkmək lazımdır. Mən zəhmətə inanıram. İstedad mücərrəd anlayışdır. Yaxşı yazıçı olmaq üçün çoxlu mütaliə etmək və istedadlı yazmaq lazımdır. Anadangəlmə istedad hər insanda var. Məsələn, kənddə böyüyən əksər uşaqlar məftildən, taxtadan oyuncaq maşınlar düzəldib. Bu istedaddır. Həqiqi maşın düzəltmək üçün, bu sahədə təhsil almaq, texnikanı dərindən öyrənmək lazımdır. İstedad yaradıcı insan üçün xammaldır. Onu emal etməsək, cilalamasaq, üzərində işləməsək, faydalı bir şeyə çevirə bilmərik. Mütaliə, istedadı cilalayır, düzgün istiqamətləndirir.

- O gün Aqşin Yenisey belə bir status yazmışdı: Bir çoxumuzun yazıçı, şair kimi tanınmasında bəxtimizə düşən mütaliəsiz nəslin çox böyük rolu var. Razılaşırsınız?

- Aqşin tanınmasında mütaliəsiz nəslin rolunu etiraf edirsə, deməli, öz həqiqətini artıq anlayıb. Şəxsən mənim belə bir təsbitim, qənaətim yoxdur. Bəlkə də, bu qənaətə gəlmək üçün müəyyən vaxt keçməlidir. Mən Aqşin qədər tanınanda, populyarlaşanda, oxunanda bu barədə düşünəcəm.

- Azərbaycanda kitab oxumağa maraq yoxdur, yoxsa oxucuların maddi durumu buna imkan vermir?

- Maddi durumun oxumaqla heç bir əlaqəsi yoxdur. Kitab oxumaq üçün imkanlı olmaq, istənilən kitabı pul verib almaq, böyük kitabxanaya sahib olmaq vacib deyil. Oxumaq istəyən insan, ictimai kitabxanalardan da istifadə edə bilər. Mən kitab almağa imkanım olmayanda kitabxanalara üz tuturam və ya oxuduqlarımı yenidən oxuyuram. Yəni, oxumaq istəyən adama heç nə mane ola bilməz. Təbii ki, vəziyyət qənaətbəxş deyil, oxucu sayı azdır. Hər halda inanıram ki, getdikcə insanlar kitabın qiymətini anlayacaqlar.

- Rubrikamızın adı "Sözlə yaşayan adam”dır. Sizin nəzərinizdə sözlə yaşayan adam kim və ya kimlərdir?

- Hökm vermək mənim üçün çətindir. Adamları tanımaqda böyük çətinliyim var. Uzun illər söz adamı kimi tanıdığım adamların, son anda maddiyyatçı, mənfəətini düşünən adamlar olduğunu çox görmüşəm. Ona görə də adamlar haqqında hökm vermək istəməzdim. Hər halda bu sual da açıq qalsın. Sözlə yaşayan adam, həqiqət uğrunda savaşan, yeri gəlsə, bu həqiqət üçün başından keçməyi bacaran adamdır. Belə insanları tanıyırsınızsa, siz özünüz hökm verin. Sözün yanında olmaq, sözlə yaşamaq çətin məsələdir.

- Cəlil bəy, rayondan baxanda Bakının "mənzərəsi”necə görünür?

- Səs-küylü, narahat, qarışıq...

- Müsahibələrinizin birində mədrəsə təhsili aldığınızı oxumuşdum. Dini sahəyə bələd olduğunuz üçün Nardaran hadisələri ilə bağlı fikirlərinizi bilmək istərdim?

- Nardaran hadisələri taleyüklü məsələlərdəndir. Ölkəmin müstəqilliyini təhdid edən bütünü məsələlərdə, yazıçı kimi də, adi vətəndaş kimi də narahat oluram. Nardaran hadisələrinin bu məcraya gəlib çıxacağını öncədən görmək mümkün idi. Açın 3-4 il, hətta 5 il əvvəl yazdığım yazıları oxuyun. Nardaranla bağlı, Azərbaycanda dini kəsimin fəallaşması ilə bağlı dəfələrlə sərt yazılar yazmışam, dindarlar tərəfindən təhdid olunmuşam. Azərbaycanın sekulyar dövlət olaraq, bu cür şər yuvalarından xilas olmasının tərəfdarıyam. Dövlətin atdığı addımları gecikmiş də, olsa doğru hesab edirəm. Vaxtında, zamanında bu insanlara yerini göstərmək lazım idi. Nəzərə almaq lazımdır ki, bu cür proseslər Azərbaycanın müstəqilliyi üçün təhlükəlidir. Dini cərəyanlara, qeyri-ənənəvi dini təriqətlərə bu qədər geniş meydan vermək olmaz. Din dövlətdən ayrı olmalıdır və mən əsla Azərbaycanda teokratik rejimin qurulmasını istəmirəm.

- Bu günlərdə Milli Məclis avtomobillərə dini yazıların yazılmasına qadağa qoydu. Sizcə, bunun bir təhlükəsi varmı?

- Belə bir qadağadan xəbərim yoxdur. Məncə, dini yazıların yazılmasına yox, ərəb və fars əlifbası ilə yazılan yazılara qadağa qoymaq lazımdır. Bu ölkənin dili, əlifbası ali qanunlarla təsbit olunub. Bunu dəyişdirməyə, müdaxilə etməyə, qarşı çıxmağa heç kəsin haqqı yoxdur.

- Cəmiyyətdə son vaxtlar dini ekstremizm təhlükəsinin artmasına rəğmən yazarlar bu mövzudan kənar gəzirlər kimi bir rəy formalaşıb. Siz necə düşünürsünüz?

- Yazarların bu mövzudan kənar gəzməsini kim deyir? Bəs bizim bu yolda canına qıyılan həmkarımız Rafiq Tağı necə olsun? Hələ də qatili tapılmayan həmkarımız bu yolda verdiyimiz ilk qurbanlardandır. Bütün açıqfikirli, sağlam əqidəli insanlar dini ekstremizmi tənqid edir. Biz bu mövzuları müzakirə edəndə, bu təhlükədən xəbər verəndə bizi qınayanlar, indi də susduğumuzu uydururlar. Rafiq Tağıya ölüm fətvası verən, o həbs olunanda məhkəmənin qarşısında toplaşıb problem yaratmağa çalışanlar bilirsiniz kim idi? İndi dövlətə meydan oxuyan nardaranlılar! Sabir Rüstəmxanlıya ölüm hökmünü də nardaranlılar çıxarmışdı. İndi hansısa yazarı bu mövzuya biganə qalmaqda suçlamaq ədalətsizlikdir. Şəxsən mən, bu mövzu barədə heç vaxt susmamışam.

Şəymən