Azərbaycan Türk Ocağının təsisçilərindən Abbasqulu Kazımzadənin məzarı təmir olunub
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan sonra mühacir həyatı yaşamağa məcbur qalmış görkəmli ictimai-siyasi xadimlərinin xatirəsinə Azərbaycan dövlətinin göstərdiyi diqqətin təzahürü olaraq, AXC Parlamentinin deputatı, Azərbaycan Milli Şurasının üzvü Abbasqulu Kazımzadənin Ankarada Cəbəci Asri Məzarlığında yerləşən və yarıuçuq vəziyyətdə olan məzarı Səfirlik tərəfindən əsaslı təmir olunub.
Sherg.az xəbər verir ki, təmir zamanı məzarın orijinal görkəmi və ölçüləri qorunmaqla baş daşı və plitələri eyni materialdan olan andezit daşlarla yenilənib, öncəki baş daşı üzərində yer alan, şair Namiq Kamalın “Ölürsem görmeden millette ümid ettiğim feyzi. Yazılsın sengi kabrime vatan mahzun, ben mahzun” misraları olduğu kimi təkrar yazılıb.
Qeyd edək ki, Abbasqulu Kazımzadə Cümhuriyyətin süqutundan bir müddət sonra İstanbula köçmək məcburiyyətində qalıb.
1938-ci ildə Türkiyəni tərk edən A.Kazımzadə 1942-ci ildə yenidən Türkiyəyə geri qayıtmış və 28 iyul 1947-ci ildə Ankarada mühacirətdə vəfat edib.
“Azərbaycan Cümhuriyyəti hökumətinin rəsmi qərarı ilə 1918-ci ilin 7 noyabrında açılan Azərbaycan Türk Ocağının təsisçilərindən Abbasqulu Kazımzadənin məzarı əvvəlki körkəmi qorunmaqla yenidən təmir olunub”.
“Şərq” xəbər verir ki, bu haqda Azərbaycan Türk Ocağının başqanı Akif Aşırlı qeyd edib. O, daha sonra deyib: “Türkiyə Cümhuriyyətindəki səfirimiz Dr. Rəşad Məmmədova bu qədirşünaslığına, milli mövqe və düşünçəsinə görə, 2018-ci ildə fəaliyyətini bərpa edən Azərbaycan Türk Ocağının bərpaçıları, indiki idarə heyyəti adından xüsusi təşəkkürümü bildirirəm. Var olun!”.



