Sərdar Cəlaloğlu: "Bu ictimai rəyə hesablanıb".
Ermənistanın "Daşnaksütyun” Partiyası Dağlıq Qarabağ döyüşlərində iştirak etmək üçün keçmiş hərbçilərdən ibarət batalyon yaradır. Ermənistan KİV-nə istinadən aldığımız məlumata görə, könüllü batalyonun yaradılmasına Müdafiə Nazirliyi yardım göstərəcək. Təxminən 600
döyüşçüdən ibarət daşnak batalyonu ehtiyat qüvvə kimi təlimlər keçəcək və hərbi əməliyyatlar
aktivləşən kimi döyüşlərə qatılacaq.
Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu isə Ermənistanın bu addımının
ictimai rəyə hesablandığını deyib: "
Aprel döyüşlərindən sonra Ermənistan hakimiyyəti bir daha şahid oldu ki, Azərbaycan ordusu ilə döyüşmək iqtidarında deyillər. Görünür, bu boşluğu aradan qaldırmaq üçün keçmiş döyüşçülərin gücündən faydalanmaq istəyirlər. Ən əsası odur ki, bu addımın heç bir siyasi əhəmiyyəti yoxdur. Birmənalı olaraq, daxili siyasətə hesablanıb. Əgər Ermənistanın təpədən-dırnağa silahlanan ordusu milli ordumuz qarşısında duruş gətirə bilmirsə, 3-4 veteran döyüşçülərindən ibarət batalyonun yaradılmasının nə əhəmiyyəti ola bilər ki? Dediyim kimi, aprel döyüşlərindən sonra erməni ordusunun məğlub olması erməni cəmiyyətində çox böyük ruh düşkünlüyü yaradıb.
Son zamanlar dünyada gedən proseslər də onların xeyrinə olmadığı üçün hökumət əhalini sakitləşdirmək, xalqın narazılığına son qoymaq üçün müəyyən "manevr”lər edirlər. Yoxsa ki, Ermənistanın əlavə qoşun dəstələri saxlamaq üçün maddi gücü yoxdur. Rusiyanın köməyi olmadan heç ordusunu saxlaya bilməz. "Daşnaksütyun” Partiyasının Dağlıq Qarabağ döyüşlərində iştirak etmək üçün keçmiş hərbçilərdən ibarət batalyon yaratması Ermənistan ordusunun gücsüzlüyünün etirafından başqa bir şey deyil. Deməli, Ermənistan ordusunda vəziyyət biz düşündüyümüzdən daha çox ağırdır ki,
hökumət hələ də yaranan problemləri yığıb-yığışdıra bilmir”.
ADP sədrinin sözlərinə görə, başqa bir aspektdən yanaşsaq Ermənistanın Müdafiə Nazirliyinin
yardımı ilə "Daşnaksütyun” Partiyasının Dağlıq Qarabağ döyüşlərində iştirak etmək üçün
keçmiş hərbçilərdən ibarət batalyon yaratması birmənalı olaraq ermənilərin münaqişənin sülh
yolu ilə həllinə nail olmaq üçün aparılan danışıqlar prosesindən imtina etməsi anlamına gəlir.
Şəymən