Dayanacaqlarda sərnişinlər addım atmağa yer tapmır

Çünki asfaltın nə ki qarı, buzu, palçığı var, səkilərin kənarına yığıblar
Travmatoloq məsləhət verdi: Buzlu havada əl ağacı, əsadan istifadə edin, bunu kimsə qocalıq əlaməti kimi qəbul edib, ayıb sanmasın



Qarın gözəlliyi bitdi və başladı "buz dövrü”; gölməçələr, palçıqlı yollar, sürüşkən səkilər, yıxılıb-əzilmələr. Bu dövrdən kim salamat çıxacaqsa, vallah, sədəqə verməlidir.

Başlayaq sürüşkən yol kənarları və səkilərdən. Dünən işə gələndə 96 saylı marşrut avtobusuna minmişdim. Bakı Dövlət Universitetinə yaxınlaşanda, sərnişinlərdən biri sürücüdən avtobusu saxlamağı xahiş etdi. Zatən, BDU-nun önündə avtobus dayanacağı var. Amma avtobus sürücüsü çarəsiz görünürdü: "Ay bacı, dayan, düşmə, qoy görüm, bir quru yer tapa bilirəm?!” Sürücü avtobusu dayanacaqdan bir az irəli sürdü, nəhayət quru yer tapdı və "indi düş” dedi. 

Bu günlərdə paytaxt yollarında və yol kənarlarında quru yer tapmaq əsl müşkülə dönüb. Məlum məsələdir, qar yağıb, indi də əriməyə başlayır, küçələr su olacaq, təbii. Təbii olmayansa, səkilərin və yol kənarlarının sulu qarla örtülməsidir. Buna səbəbsə, asfaltın təmizlənən qarının məhz yol kənarlarına, səkilərin qırağına toplanmasıdır. Avtobusa minib-düşmək istəyənlər bundan əməlli-başlı əziyyət çəkir. Dayanacaqların qarşısı qar-palçıq-buz birləşməsindən ibarətdir. Avtobusa atlanıb minməlidirmi bu camaat? Hələ sürüşkən səkilər, bağların, parkların buz meydançasına dönmüş səthləri...

Asfaltlar təmizlənir, avtomobillərin hərəkəti üçün yaxşı-pis şərait yaradılır. Bəs, piyadalar? Piyadalar deyəsən, kimsənin umurunda deyil. Mütləqdir ki, asfaltın qarı, palçığı səki kənarlarına toplansın? Səki kənarlarını təmizləmək, qarı, palçığı səkidə bir kənara toplamaq çətin iş olmasın axı gərək!..

Kommunal xidmət sektoru pis gündədir

"Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev "Şərq”ə açıqlamasında dünən işə böyük çətinliklə gəlib çıxdığını dedi:

- Məlum məsələdir, qar yağıb, hərəkət çətinləşib. Avtomobillərdən də ehtiyatlı olmaq, təhlükəsizlik qaydalarına riayət etmək tələb olunur. Ancaq piyadalar üçün hərəkət etmək lap çətindir. Çünki səkilər, yol kənarları təmizlənmir. Təmizlənməsi bir yana, üstəlik hələ daha da bərbad vəziyyətə salınır. Asfaltın nə ki qarı, buzu, palçığı var, yığırlar səkilərin kənarlarına, yol qıraqlarına. Avtobus dayanacaqlarında sərnişinlər addım atmağa yer tapmır. Bərk səth bilib addım atdıqları yerdə qəfil palçığa, suya batırlar. Uşaqlar var, məktəbə ayağı islanmış vəziyyətdə gedir və dərsin sonunadək islanmış ayaqqabıda, islaq corabda qalırlar. Qar yağanda mənzil kommunal təsərrüfatı birliklərinin yarıtmaz fəaliyyəti üzə çıxır. Bakıda kommunal xidmət sahəsi pis gündədir. Kommunal təsərrüfatı işçiləri yalnız asfaltı təmizləyir, həm də əsasən mərkəzi küçələri. MKTB-də "ölücanlar” var. Adları yazılıb əmək haqqı kitabçasına, özləri isə yoxdur. Ona görə də işçi çatışmazlığı yaranır, yollar lazımi qaydada təmizlənmir. Məhəllədaxili yolların təmizlənməsindən isə ümumiyyətlə, söhbət gedə bilməz. Sanki mənzil istismar kontorları yoxdur. Mən Mərdəkan yoluyla işə gəlirəm. Yollardakı vəziyyəti görmüşəm. Piyadaları düşünən yoxdur. Səkilər, yol kənarları suya dönmüş qarın, palçığın əsarətindədir. Bir-iki qartəmizləyən maşın çıxarırlar küçəyə. Müəyyən gözəgəlim ərazilərdə saxlayırlar, qəza işıqlarını da yanılı qoyurlar, guya ki, iş başındadırlar. Sadəcə, görüntü yaradırlar. İnsanların intensiv hərəkət etdiyi küçələrdə piyadalar üçün keçidlər yoxdur. Mərdəkan, Buzovna, Qala istiqamətində piyadalar yolu keçməkdə xeyli çətinlik çəkir. "Bağırov” körpüsünün yanında elektrik cihazları zavodu var, hər gün orada fəhlələr işə gedib-gəlir. Amma bir dənə də piyada keçidi yoxdur ki, insanlar yolu təhlükəsiz keçə bilsin. Parkların, bağların döşəməsinə vurulmuş mərmər plitələr aşkar ölüm mənbəyidir. Xüsusən də yağışlı, qarlı havalarda. O səthlərlə hərəkət etmək böyük hünər istəyir. Nə qədər insan yıxılır, əli-ayağı şikəst olur. Mərkəzi küçələrin səkiləri, marketlərin, ticarət

mərkəzlərinin önü də keçilməzdir. Çünki əksəriyyətində sürüşkən mərmər plitələr döşənib. Bunu edənlər piyadaları nəzərə almayıb. Sadəcə, görüntünün gözəl olmasını, zahiri gözəlliyi düşünüblər. Bakıya qışda bir-iki dəfə güclü qar yağa, ya yağmaya. Nə çətin işdir ki, bir-iki gün güclü rejimdə işləmək, insanların təhlükəsizliyini təmin etmək. Səkilərdə piyadalar üçün cığır açmaq, dayanacaqları təmizləmək çətin iş deyil. Sadəcə, heç kim bunu düşünmür.

Travmatoloq məsləhət verdi

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev artıq məlumat verib ki, qarlı-şaxtalı günlərdə paytaxtda 42 nəfər yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb. Bir nəfərsə - 47 yaşlı Daməd Hüseynov Yasamal rayonu Ə.Əhmədov küçəsində yıxılaraq ağır travma alıb və hadisə yerində vəfat edib. Demək, qarlı hava təkcə təmizlik, gözəllik, ruzi-bərəkət deyil, bəzən hətta ölüm də gətirir.

Yolda buz üstdə "uçan” adamları isə hamımız görürük. Söyülənsə, ağappaq qar olur. Bakı sakinlərinin məşhur frazası var: "Bakıya qar yaraşmır”.

Paytaxt klinikalarından birinin baş həkimi, həkim-travmatoloq Bayram Qorçiyev "Şərq”ə açıqlamasında qarlı-buzlu havada insanların hədsiz ehtiyatlı olmasını vacib sayır:

- Hər bir insan müəyyənləşdirməlidir ki, hansı yolla getsin, haradan yolu keçsin, yol buzludursa, mümkün qədər ehtiyatlı olsun. Qışda geyimin, ayaqqabının çox böyük önəmi var. Ayaqqabıların altlığı sürüşkən olmamalıdır. Əyində yüngül, lakin isti geyimlər olmalıdır. Ehtiyat üçün əl ağacı, əsadan da istifadə etmək olar. Bunu kimsə, qocalıq əlaməti kimi qəbul edib, ayıb sanmasın. Əldə əsa tutmaq, yıxılıb əzilməkdən daha yaxşıdır. Pilləkənlərdə mütləq tutacaqlardan istifadə edilməlidir. Ümumiyyətlə, hərəkət edərkən yaxınlıqdakı hər bir əşyadan, vasitədən tutacaq qismində istifadə edilməlidir. Sürüşkən yerlərlə hərəkət edilməməlidir. İnsanlar diqqətli, ehtiyatlı və ayıq olmalıdırlar, fikri dağınıq gəzməməlidirlər ki, sürüşəndə özünü saxlaya bilsin, yumşaq yıxılsın, ağır travma almasın. İnsanın diqqəti, fikri özündə olanda, bədbəxt hadisələrdən də müəyyən qədər sığortalanmış olur. Kimsə sürüşüb yıxılırsa, yerdən tez qalxmağa cəhd etməsin. Əvvəlcə, diqqət etmək lazımdır ki, hansı dərəcədə əzilmisiz. Yüngül xəsarət aldığınıza əmin olduqda qalxın. Yaxınlıqda kimsə yıxılırsa, ona ilkin yardım göstərilməlidir. Amma bu zaman da həmin adamı qaldırmağa, yeriməyə məcbur etməyə tələsməyin, çünki hər hansı çıxıq və ya sınıq ola bilər, isti-isti insan bunu hiss etməz, amma yeridiyi, hərəkət etdiyi üçün travması ağırlaşa bilər. Əsas şərt isə təcili yardım çağırmaqdır.

Buzda yıxılmamaq üçün...

Qeyd edək ki, "ailem.az” qarda yıxılmamaq üçün məsləhətlər təqdim edib:

- Əgər varsa, mismarlı ayaqqabı, ya da ayaqqabının üzərindən corab geyinin.

- Addımlarınızı sürətli, kiçik-kiçik atın.

- Ayağınızın öncə burnu, sonra dabanı ilə yerə basın.

- Qarın əzildiyi və ya üzərindən çox gedildiyi yerlərdən keçməyin.

- Yeriyərkən bəzi yerlərdən tutun.

- Yanınızdakı dostunuzla qol-qola girməyin.

- Yeriyərkən ayağınızın yerlə tam təmasını kəsməyin.

- Yıxıldınızsa, o dəqiqə qalxmayın. Zərər görmüş ola bilərsiz.

- Bel çantası istifadə edin. Əlləriniz boş olsun.

- Şalvar yerişi əngəlləyəcək qədər gen, uzun olmamalıdır. Çalışın qalın olsun.

- Paltonun çox uzun olmaması yaxşıdır.

- Yıxılarkən əl və qollar dəstək rolu yerinə yetirdiyi üçün daha çox travma alır. Odur ki, əl və biləyi qoruyan əlcəklər taxın.

- Yeriyərkən əllərin cibdə olması müqavimətin itməsinə və başın zərbə almasına səbəb olur. Əllərinizi cibinizdən çıxarın.

- Buz sallanan binaların altından keçməyin.

Salamat qalın!..

Məlahət Rzayeva