Dil xətaları təkcə jurnalistikanın qüsuru deyil

Problem bütövlükdə təhsilin səviyyəsindən qaynaqlanır
Azərbaycan ədəbi dil normaları daha çox şou proqramlarda və mətbəx verilişlərində pozulur



(... əvvəli ötən sayımızda)

Televiziya və radioda dil qüsurları problemi hələ də öz aktuallığını qoruyur. Keçirilən monitorinqlər fonunda edilən xəbərdarlıqlara, tənqidlərə rəğmən hələ də Azərbaycan televiziya və radiolarında kifayət qədər çatışmazlıqlara rast gəlmək mümkündür. Başlıca çatışmazlıq isə aparıcıların peşəkarlığı ilə bağlıdır.

Təəssüflər olsun ki, efirə çıxan aparıcıların böyük əksəriyyətinin nə jurnalistikanın qızıl qaydalarından, nə də ədəbi dilin normalarından anlayışı var. Bəzi aparıcıların nitqində, davranışında, geyimində müəyyən nöqsanlar var. Halbuki efirə çıxan insanın nitqində, davranışında, geyimində qüsur olmamalıdır.

Aparıcıların əksəriyyətinin dialekt sözlərdən istifadə etməsi, ləhcə ilə danışması da artıq adət halını alıb. Nitqlərində loru, kobud ifadələrə yol verirlər. Lakin bunlar hamısı ədəbi dilə ziddir. Televiziya kütləvi informasiya vasitələri içərisində ən çox baxımlı və populyar olanıdır. Televiziya kanallarına baxan adamlar oradakı hər bir sözü, hər bir ifadəni çox ciddi qəbul edirlər. Orada hər hansı bir yanlışlıq ciddi bir rezonans doğurur və daha geniş yayılır. Ona görə də sovet dövründən sonra da özəl telekanalların sayı az olanda telekanallara daha çox səlis danışmağı bacaran, görünüşü fotogenik olan adamlar buraxılırdı. Amma son zamanlar çox təəssüf ki, özəl telekanalların sayı artdıqca, ümumiyyətlə, verilişlərin sayı çoxaldıqca, bunlara əməl etmək unudulub. Bir sözlə, telekanallarımız insanların zövqünü korlayır.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də Azərbaycanda ədəbi dil normalarının sovet dövründə ciddi şəkildə qorunduğunu deyib.

Onun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra televiziyalarda məişət xarakterli verilişlərin meydana gəlməsi ilə dilimizdən də təsirsiz keçməyib. N.Məhərrəmli televiziya verilişlərinə yarı Azərbaycan, yarı xarici dilli iştirakçıların dəvət edilməsini də doğru hesab etmir.

Mövcud vəziyyətlə bağlı "Şərq”ə açıqlama verən tanınmış media eksperti Zeynal Məmmədli ədəbi dilin fonetik, leksik və qrammatik səviyyələri ilə bağlı monitorinqlərin aparılmasının məsələnin həllinə çarə olmadığını deyib.

Ekspertin sözlərinə görə, dilin bütün səviyyələri üzrə araşdırma aparmaq dilçilərin vəzifəsidir və bunun mediaya heç bir aidiyyəti yoxdur: 

"Televiziya dili audiovizual, yəni eyni zamanda eşidilən və görülən bir dildi. Aparılan monitorinqlərin televiziyaya heç bir aidiyyəti yoxdu. Təsirli və ya informativ danışıq var. İnformativ danışıq, yəni bilgiləndirmək, düşündürməkdir. Məsələn, bilgiləndirən və təsirləndirən dilimiz necədir? Bu aspektdə monitorinqlər olmalıdır. Leksik, ya qrammatik səviyyənin yoxlanması ilə bağlı monitorinqlərin kimə faydası var?

Bu araşdırmaların tamaşaçıya, jurnalistlərə nə dərəcədə xeyri olacaq? Təbii ki, telekanallarla bağlı bəlli və qırmızı xətlər qoyulmalıdır. Azərbaycan televiziyalarında ciddi nöqsanlar və çatışmazlıqlar var. Amma bu çatışmazlıqları nazirlərin dilində axtarmırlar. Televiziya cəmiyyəti əks etdirən bir güzgüdür. Televiziya cəmiyyətdə olan xəstəlikləri göstərir. Sadəcə, monitorinq xatirinə bütün bunları yerinə yetirmək gülməli gəlir.

Telekanallarımızdakı ədəbi dil normalarının düzəlməsinə gəlincə, düşünürəm ki, bu sahədə bir çox müsabiqələr keçirilməlidir. Məsələn, Azərbaycan dilində ən yaxşı danışan deputat, alim və s. Ədəbi dil normaları ilə bağlı tədbirlər müxtəlif səviyyədə olmalıdır. Yoxsa quru, cansıxıcı formada xətkeşlə dil ölçmək gülüncdür. Məncə, Petrov sağ olsaydı, bu monitorinqlə bağlı əməlli-başlı bir roman yazardı və bu, "12 stul” romanından min dəfə maraqlı olardı”.

Azərbaycan ədəbi dilinin normalarının qorunması ilə bağlı bir sıra problemlərin olduğunu vurğulayan "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bunun da bir sıra səbəbləri olduğunu deyib:

"Televiziyalarda ədəbi dil normalarının pozulmasının başlıca səbəbi efirdə çıxış edən aparıcıların də müxtəlif formatlı verilişlərə dəvət olunan ekspertlərin dilimizin qayda- qanunlarına yaxşı bələd olmaması ilə bağlıdır. Bu mənada dil xətalarına yol verilməsinin təkcə jurnalistikanın qüsuru olmadığını hesab edirəm. Çünki problem bütövlükdə təhsil səviyyəsinin aşağılığından irəli gəlir”.

Azərbaycan ədəbi dil normalarının daha çox şou proqramlarda və mətbəx verilişlərində pozulduğunu qeyd edən E.Mirzəbəylinin sözlərinə görə, bu cür verilişləri tamaşaçılara təqdim edən aparıcıların söz bazası həddindən artıq kasaddır. Onlar əzbərlədikləri bir neçə sözü tutuquşu kimi təkrarlayaraq öz fikirlərini ifadə etməyə çalışırlar. Radio aparıcılarının da peşəkarlığı eyni ilə aşağı səviyyədədir. Çox təəssüflər olsun ki, efir məkanımız boşboğazlığı aparıcılıqla səhv salan insanlarla dolub-daşır: 

"Belə hallara qarşı mübarizənin qanunlar çərçivəsində sərtləşdirilməsi, eyni zamanda, ictimai qınaq tədbirlərinin gücləndirilməsi vacibdir. Amma problem sadəcə inzibati yollarla aradan qaldırılacaq səviyyədə deyil. Telekanallarda yaradıcılıq potensialının artırılmasına səy göstərilməli, mütəxəssislər bu proseslərə cəlb olunmalıdır. Televiziyanın peşəkar səviyyədə xidmət göstərməsi üçün müəllif, rejissor və operatorlar biri-birini tamamlamalıdır. Ancaq bizdə hamı hər işi görür. Məhz bu səbəbdən də problemlər o qədər dərin kök salıb ki, qısa zamanda onları aradan qaldırmaq mümkün deyil”.

E.Mirzəbəylinini sözlərinə görə, televiziya üzrə mütəxəssislərin hazırlanması sahəsində də vəziyyət ürəkaçan səviyyədə deyil. Bu da təsadüfi adamların televiziyaya ayaq açmasına şərait yaradır. İşinin peşəkarı olan, özünə və potensialına hörmət eləyən mütəxəssislər isə prosesdən tamamilə kənarlaşmaq məcburiyyətində qalırlar.

Nuşirəvan Məhərrəmlinin Azərbaycanda ədəbi dil normalarının sovet dövründə ciddi şəkildə qorunduğuna dair iddiaları ilə razılaşmadığını deyən baş redaktor həmin illərdə də dilimizə qarşı münasibətin ideal səviyyədə olmadığını xatırladıb: "Sovet dövründə fəaliyyət göstərən telekanallarda, radiolarda və bir sıra aparıcı mətbuat orqanlarında Azərbaycan dilindən daha çox sovet ideologiyasını formalaşdırmaq məqsədi ilə istifadə edirdilər. Həddindən artıq akademik və sadə insanların anlaya bilməyəcəyi bir formada danışırdılar. Azərbaycan dilini qəsdən mürəkkəbləşdirirdilər ki, vətəndaşlar bu dildən üz döndərsinlər və rus dilində danışmağa meyl göstərsin. Yəni məqsədyönlü şəkildə dilimizi insanlarımızın gözündən salmağa çalışdırdılar. Halbuki türk dilləri qrupuna daxil olan Azərbaycan dili dünya dilləri içərisində ən sadə və anlaşılan dillərdən biridir. Sovet dövründə dilimizi o qədər ağırlaşdırmışdılar ki, rus dilini mənimsəyən insanlar öz dilimizdən imtina etmişdilər”.

Azərbaycan dilçilərinin dilin inteqrasiya prosesindən kənarda qaldığını vurğulayan müsahibimiz hesab edir ki, mütəxəssislər 10 il bundan əvvəl baş verən proseslərə reaksiya verirlər: 

"Əcnəbi dillərdən dilimizə daxil olan sözlərin elmi əsasları olmur deyə dillə bağlı mövcud olan problemlər daha da qabarıq şəkildə özünü büruzə verir. Dilçilərimiz çevik olmalı və inteqrasiya ilə ayaqlaşmağı bacarmalı, dilimizə daxil olan hər sözün elmi izahını araşdırmalıdır. İnformasiya texnologiyaları inkişaf etdikcə, dilimiz zənginləşir, amma biz yeni terminlərdən hansı formada istifadə etmək lazım olduğunu bilmirik. Dilçilərimiz isə gözləyirlər ki, aradan 10 il keçsin, ancaq o zaman bu gün daxil olan sözlərin izahını versinlər! Problemlərimiz o qədərdir ki, hansı birini deyim?! Danışırsan, pis adam olursan, danışmasaq da olmur”.

Mövcud problemlərin həll imkanları olduğunu deyən E.Mirzəbəyli qeyd edib ki, ilk növbədə mütəxəssislər və ekspertlər səviyyəsində ciddi müzakirə tədbirləri keçirilməli və mövcud olan bütün imkanlar tapılmalıdır: 

"Aparıcıların niqt mədəniyyətinin formalaşması istiqamətində real addımlar atılmalı, onlar üçün xüsusi kurslar təşkil edilməlidir. Amma bütün bunlardan əvvəl təhsil sahəsindəki problemləri aradan qaldırmaq lazımdır. Orta məktəblərdə Azərbaycan dilinin tədrisi yüksək səviyyədə keçirilməli və uşaq yaşlarından övladlarımıza "adam balası” kimi danışmaq öyrədilməlidir. Təhsilin səviyyəsi o qədər aşağıdır ki, uşaqlarımız öz fikirlərini tam izah edə bilmir, mürəkkəb sözlərdən istifadə edib, sözün həqiqi mənasında çabalayırlar. Rusiyada, Türkiyədə 2-3-cü sinif şagirdləri öz fikirlərini o qədər mükəmməl izah edirlər ki, bizim heç ictimaiyyət üzvləri onlar kimi danışa bilmir. Bunun da səbəbi Azərbaycanda uşaqların şəxsiyyət kimi formalaşdırılması istiqamətində ciddi problemlərin olması ilə bağlıdır. Nə məktəblərdə, nə də ailədə uşaqların söz haqqı tanınır. "Sən hələ uşaqsan” deyib, onların öz fikirlərini sərbəst ifadə etmək hüququ tanınmır”.

Azərbaycan dilinin korlanması prosesinin qarşısını almaq üçün ziyalıların ata biləcəyi addımlara gəldikdə isə baş redaktor danışmaqdan və həll yollarını göstərməkdən başqa əllərindən bir şey gəlmədiyini deyib:

"Problemi həll etmək və qarşısını almaq üçün ziyalılarımızın əlində heç bir mexanizm yoxdur. Biz neyləməliyik!? Media nümayəndəsi olaraq, əlimizdən gəldiyi qədər bu sahədəki mövcud problemləri işıqlandırırıq. Artıq danışmaqdan da yorulmuşuq. Eyni problem haqqında nə qədər fikir mübadiləsi aparmaq olar? Bəzən çox danışdığımıza görə qınaq obyektinə də tuş gəlirik, hətta bəzi vaxtlarda bizi "demaqoq” kimi də qələmə verirlər. Nə edək? Əgər bugünkü efir mədəniyyəti, dil səviyyəsi cəmiyyəti qane edirsə, buyursunlar! Bizsə, artıq yorulmuşuq...!”

Şəymən