Sabiq millət vəkili xaricdəki soydaşlarımızı səfirliklərin qarşısında aksiya keçirməyə çağırdı
3 ilə yaxındır ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun səhhətində ciddi problem yaranıb. Bu barədə oğlu Kürdoğlu Əsgərov məlumat verib. O, dövlət və qeyri-dövlət qurumlarına müraciət etdiyini bildirsə də, heç bir nəticəsinin olmadığını deyib: "Atam sonuncu məktubunda xəstə olduğunu bildirib.
Atam yazıb ki, ürəyində, başında və ayağında olan xəstəliklərə görə, hər gün ona 3 iynə vururlar”. K.Əsgərovun sözlərinə görə, atasına vurulan iynələrin nə olduğunu bilmirlər, bəlkə də həmin dərmanlarla onun ömrünü qısaltmağa çalışırlar: "Qırmızı Xaç Komitəsinin fəaliyyəti sıfıra bərabərdir. Bu necə beynəlxalq təşkilatdır ki, 3 ildir hansısa fəaliyyətə nail ola bilməyib?! Atamın 3 il girovluqda qalmasına, mənəvi və psixoloji təzyiqlərə məruz qalmasına göz yumurlar. 2 ildir Avropa Məhkəməsinə müraciət etmişik. İşə hələ də baxılır. İnsan haqları deyilən bir şey yoxdurmu?! Nəyə görə mənim atama günahsız yerə 86 il iş verilib?! Nədir atamın günahı, vətənini sevməkmi?!”. K.Əsgərov bu açıqlaması ilə dünyaya mesaj verdiyini deyib: "Artıq mənim səbir kasam dolub, səbrim tükənib. Bundan sonra olacaqlara cavabdeh deyiləm. Mən atamı istəyirəm”.
Girovların naməlum taleyi ilə bağlı "Şərq”ə danışan sabiq millət vəkili Həvva Məmmədova deyib ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımlar və faciələr törətməsi, torpaqlarımızı işğal etməsi, evlərimizi, abidələrimizi dağıtması bir əsr boyu davam edib:
"Hər cür vəhşiliyə imza atan ermənilərdən hansısa humanist addım gözləmək yersizdir. Xocalı faciəsində meyitlərin üzərində belə dəhşətli işgəncələr aparan adamlardan insani davranış gözləmək olmaz. Qəddarlıq, işgəncə və təcavüz ermənilərə xas olan xüsusiyyətlərdir. Dilqəm və Şahbazın durumu ilə bağlı narahatlığı təkcə onların ailəsi keçirmir, bütün xalq o ağrı-acını duyur. Hər dəfə girovlarımızın fotosunu görəndə dərin kədər hissi keçiririk. Çox yaxşı olar ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Ermənistan səfirliklərinin və BMT ofislərinin qarşısında etiraz aksiyası keçirsinlər. Bu yaxınlarda parlamentin deputatları Avropa Parlamentində çıxış etdilər.
Orada deputatlardan Səməd Seyidov və Qənirə Paşayeva girovlarla bağlı məsələni qaldırdılar. Həmçinin, bir sıra ölkələrdə diaspora fəallarımız da girovlarla bağlı tədbirlər görürlər. Lakin bu işlə bütün vətəndaşlarımız məşğul olmalıdır. Bacardığımızı etməliyik, dayanmamalıyıq. Qırmızı Xaç Komitəsinin fəaliyyətindən narazılığımız böyükdür. Sadəcə məktub aparıb gətirməklə iş bitmir. Söhbət təkcə Dilqəmlə Şahbazdan getmir, hazırda erməni girovluğunda nə qədər əsirlərimiz var. Ermənilər həmin insanların da başına min-bir müsibət gətirir”.
H.Məmmədovanın sözlərinə görə, erməni vəhşiliyini bütün çılpaqlığı ilə ifşa etmək lazımdır:
"Azərbaycan tərəfində əsir və girov saxlanılan, ağ bayraq qaldırıb bizim tərəfə keçən ermənilərlə necə xoş rəftar etdiyimizi, humanist şəkildə davrandığımızı dünya ictimaiyyətinə çatdırmalıyıq. Təbliğatı genişləndirməliyik. Təəssüflər olsun ki, bu işdə geri qalırıq. Düzdür, onsuz da dünyada ikili standartlar, müsəlman ölkələrinə qarşı qərəzli mövqe göz önündədir. Amma mümkün qədər ermənilərin yaramaz xislətini dünyaya göstərməliyik, düşməni ifşa etməliyik. Mən girovlarımızın ailə üzvlərinin keçirdiyi həyəcanı və narahatlığı paylaşıram”.
İsmayıl