Trampın FED-ə birbaşa təsir imkanı olmasa da, dekabr ayının 14-də FED-in uçot dərəcəsinin artırılması gözləniləndir
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın iqtisadi müşaviri Devid Malpas Federal
Ehtiyatlar Sisteminin (FED) fəaliyyətini ciddi tənqid edib. ABŞ-ın CNBC telekanalına
müsahibəsində D.Malpas qeyd edib ki, FED-in fəaliyyətinin nəticələri qənaətbəxş deyil. FED-in
müstəqil siyasət yürütdüyünü vurğulayan müşavir Amerikanın iqtisadi artım templərinin
olduqca aşağı olduğunu deyib.
O hesab edir ki, FED dekabrda keçiriləcək iclasda statistik məlumatlara əsaslanacaq: "ABŞ-da
iqtisadi artım tempinin sürətlənməsinin bütün əlamətləri var”. FED-in ABŞ-da iqtisadi artım
tempinin ləngiməsinə səbəb olan qurumlardan biri olduğunu vurğulayan Malpasın sözlərinə
görə, D.Tramp prezidentliyi dövründə kiçik biznesdə məşğulluğun artmasına fokuslanacaq:
"Buna tənzimləmənin artırılması və vergilərin azaldılması hesabına nail olmaq olar”.
Donald Trampın prezident seçilməsinin dünyada şok effekti yaratdığını deyən iqtisadçı-ekspert
Natiq Cəfərlinin sözlərinə görə, bu xəbərdən sonra birjalarda bir sıra indekslər artıb-azalmağa
başlayıb: "
Donald Trampın prezident seçilməsini şok kimi qarşılayan dünya birjalarında dollar
öz dəyərini itirməyə başladı. Xüsusən də ilk 7-8 saat ərzində dünyadakı bütün indekslər, o
cümlədən dolların özü 3 faizə qədər ucuzlaşmağa başladı. Amma sonradan bir toparlanma oldu
və artıq dünən axşamdan stabillik yaranıb. Federal Rezerv sisteminin qərarlarına Amerika
Prezidentinin birbaşa təsir imkanları olmadığını vurğulayan N.Cəfərlinin sözlərinə görə, Donald
Tramp seçki kampaniyasında Federal Rezerv sisteminin daha aqressiv artırılmasının tərəfdarı
olduğunu demişdi: "Hər halda Trampın FED-ə birbaşa təsir imkanı olmasa da, onun bu
açıqlaması fonunda dekabr ayının 14-də FED-in uçot dərəcəsinin artırılması ilə bağlı qərar
verməsini istisna etmirəm. Bu baş versə, təbii ki, dünyada dollar sürətlə bahalaşacaq. Bu,
Azərbaycana da təsirsiz ötüşməyəcək. Onsuz da manatın vəziyyəti daxili problemlərdən
qaynaqlanan məsələlərə görə çox ağırdır. Dünyada da bu başlasa, manatın dəyərdən düşməsi
sürətlənə bilər”. Ekspertin sözlərinə görə, dünyada dolların bahalaşması digər bir tərəfdən də
Azərbaycana təsir edir: "Neftin qiyməti ucuzlaşır. Yəni bu iki yöndən Azərbaycana təsiri ola
bilər. Tramp dediyi kimi, daha aqressiv maliyyə-kredit siyasəti yürüdəcəksə, FED-in faiz
artımına çalışacaqsa, bunun nəticəsini yaxın gələcəkdə görə bilərik”.
Şəymən