Dönərxanalar ölüm saçır

Eyyub Hüseynov: "Kilosu 50 qəpik olan ətlərdən dönər hazırlayıb, satırlar"
Bakıda 15 mindən çox dönərxana var. Onlardan yalnız 20 faizi standarlara uyğun dönər hazırlayır. 
Bu sözləri Sherg.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov söyləyib.
 E. Hüseynov qeyd edib ki, Azərbaycanda qida təhlükəsizliyi problemi mövcuddur: 
"Çinlilərdə belə ifadə var - "xəstəliyi boşqabında axtar.” Hazırda Azərbaycanda apteklərə növbələrin yaranması, dərmanların kütləvi şəkildə satışı qida sağlamlığının lazımi səviyyədə olmadığından xəbər verir. 3 il bundan əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin hazırlanması haqqında qaydaları hazırladı. İstifadə olunan ətlərin doğranıb, şişə taxılması, gigiyenik vəziyyətdə dönər evlərinə çatdırılması üçün müəssisələr müəyyən olundu. Buna baxmayaraq dönərxanaların 85 faizində bu xidmətlərdən, standartlardan istifadə olunmur. 
Mənşəyi məlum olmayan, kiloqramı 50 qəpik olan yararsız ətlərdən dönər hazırlayıb, satırlar. Dönərin çox ucuz olması da hazırlayanların qazancını azaltmır. Çünki xammalı standartlara, gigiyenik qaydalara uyğun olmur. Hazırda toxunulmazlıq verildiyinə görə heç bir hökumət orqanı dönər evlərinə müdaxilə edə bilmir. Lakin insanların sağlamlığı üçün gec olmadan lazımi tədbirlər görülməlidir”.
Qeyd edək ki, paytaxtın əksər ərazilərində fəaliyyət göstərən dönərxanalar dönərlərin qiymətini aşağı salıb. 1 manata həm dönər, həm də ayran almaq olur. Amma keyfiyyətdən söhbət belə gedə bilməz.
Ayyət