Donor südü gündəmə gətirildi

Necə ki, qan, orqan bankı var, eynilə də süd bankının yaradılması vacibdir



Son illərdə Azərbaycanda süni uşaq qidalarının istehlakı artıb. Ana südü ilə qidalanan körpələrin sayında isə tədricən azalma qeydə alınıb. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2017-ci ildə 3 aya qədər olan körpələrin 89.7 min nəfərindən 60,5 mini, 2016-cı ildə 3 ayadək olan 95.2 min körpənin 63 mini ana südü ilə qidalanıb.

Pediatr Aytən İsmayılzadə son illərdə süni qidalara marağın artması, ana südü ilə qidalanmanın azalmasına təsir edən səbəblər haqqında danışıb. Onun sözlərinə görə, son illər süni uşaq yeməklərinin daha çox tövsiyəsi ana südünə təşviqi azaldıb.

"Müxtəlif uşaq qidası firmaları neontoloqlara öz məhsullarını təklif edir. Neontoloqlar isə həmin firma məhsullarını yeni ana olmuş qadınlara tövsiyə edirlər. Göründüyü kimi, vəziyyət çox acınacaqlıdır. Çünki müəyyən pul qarşılığında körpənin mədəsini süni qida ilə yükləmək cinayətdir" - ekspert bildirib. A.İsmayılzadə süni uşaq qidalarının tərkibindən də söz açıb: "Bəzən körpənin doyması üçün analar vaxtsız olaraq süni qidaya keçirlər. Nəzərə almaq lazımdır ki, inək südündən ibarət olan bu süni qidalar körpələrdə allergiyanın yaranmasına səbəb ola bilər. 

Bununla yanaşı, inək südündən ibarət olan süni qidalar qəbzlik, köp və sancı yaradaraq, reflyuks, atopik dermatit kimi problemlərə də yol açır". "Bu gün uşaqlar üçün nəzərdə tutulan süni qidalar qazanc mənbəyi hesab edilir. Süni qidaların satışının bu qədər geniş yayılması, daha çox istehlak edilməsi heç də müsbət hal deyil. Düşünürəm ki, analar maariflənərsə, həkimlər daha da vicdanlı olarsa, bununla yanaşı, donor südü məsələsi gündəmə gələrsə, süni qidaların satışı azalar" – deyə pediatr əlavə edib.

"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralının sözlərinə görə, ana südü təbiətin insana bəxş etdiyi ən böyük möcüzədir:

 "Əslində, necə ki, qan, orqan bankı var, eynilə də süd bankının yaradılması vacibdir. Uşaqların ana südü ilə qidalandırılması faizinin getdikcə aşağı düşdüyünü nəzərə alsaq, deyə bilərik ki, həqiqətən də genefondumuzu təhlükə gözləyir. Amma cəmiyyətin bunu necə qarşılayacağı hələ sual altındadır. Çünki bəzi xanımlarımız ola bilsin ki, övladlarına başqa bir ananın südünü vermək istəməsinlər.

 Yəni həqiqətən elə analar tanıyıram ki, onların südü yoxdur və başqa bir ananın uşağına süd verməsinə razı olmayıb, tərkibinin nə olduğu bəlli olmayan, mağazalardan alınan uşaq yeməklərindən istifadə edir. Düşünürəm ki, bu, bir az xanımlarımızın eqolu olmasından, bir az da bilgisizliklərindən irəli gəlir. Məsləhət görərdim ki, hamilə xanımlarımız arasında ana südü ilə bağlı ciddi maarifləndirmə işləri görülsün. Xüsusilə də doğum evlərində onlar üçün seminarlar təşkil edib, ana südünün uşaqların inkişafında necə əhəmiyyətli olduğunu izah etsinlər”.

Mexanizmin necə işləməsinə gəldikdə isə L.Mehralı deyib ki, südü bol olan, övladını yedizdirdikdən sonra artıq qalanından donor kimi istifadə edə bilər. Həmin süd soyuducularda dondurularaq saxlanılır və sonra ehtiyacı olan insanlara verilir.

Şəymən