DTX təhlükəli nöqtələri ortaya çıxarır

Azərbaycan da terror təhdidindən sığortalanmayıb
“Vətəndaşlarımız da ayıq- sayıq olmalı, hüquq-mühafizə orqanlarına inanmalıdır”
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları təhlükəli cinayətkarlara qarşı xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində dövlətimiz üçün ciddi təhlükə törətməyə hazırlaşan və radikal qruplaşmalarla əlaqəsi olan silahlı şəxslər məhv ediliblər.
DTX əməkdaşlarına silahlı müqavimət göstərən qruplaşma üzvlərinin gizləndikləri evdən xeyli silah-sursat, partlayıcı maddələr aşkar edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Bu barədə "Şərq”ə danışan keçmiş MTN əməkdaşı, siyasi ekspert Arzu Nağıyev bildirib ki, mütəmadi olaraq belə əməliyyatların keçirilməsi ona dəlalət edir ki, Azərbaycan terror təhdidindən sığortalanmayıb: 

"Terror təşkilatlarının rüşeymlərini, təhlükəli üzvlərini vaxtında aşkar etmək və zərərsizləşdirmək mühüm məsələdir. Əməliyyatların keçirilməsi göstərir ki, DTX şəraitə nəzarət edə bilir və qruplaşmalarla mübarizəni sona qədər aparır. Dünyada gedən proseslər, Yaxın Şərqdəki olaylar hamımıza məlumdur. Azərbaycanın şimal sərhədlərində mövcud olan müxtəlif terror təşkilatlarına "biyət” etmiş qüvvələr hələ də mövcuddur. Həmin qruplaşmalar sadəcə İŞİD və digər təşkilatlara deyil, həmçinin dini cərəyanlarla da bağlı ola bilər. Hamısını nəzarətdə saxlamaq, əməliyyat şəraitinə nəzarət etmək DTX-nin qarşısında qoyulan əsas missiyadır”. 

Ekspertin fikrincə, təhlükəli əməliyyatlar ölümlə nəticələnə bilər: 

"Terrora qarşı mübarizə konfransında DTX-nin rəhbərliyi səviyyəsində açıq elan edildi ki, 900-ə yaxın şəxs terrorçulara qoşulduqları üçün həbs edilib, vətəndaşlıqdan çıxarılıb və müxtəlif yollarla zərərsizləşdirilib. Bu baxımdan DTX-nin təhlükəli nöqtələri ortaya çıxararaq zərərsizləşdirməsi müsbət haldır. Təbii ki, vətəndaşlarımız da ayıq-sayıq olmalı, hüquq-mühafizə orqanlarına inanmalıdır. Unutmayaq ki, hələ Qarabağ münaqişəsinin sonuna çatmamışıq. Erməni terroru davam etməkdədir, düşmən tərəf ölkəmizdə hansısa təxribata əl ata bilər. Buna görə də hərtərəfli mübarizə aparmaq lazımdır”.

İsmayıl