Dünya bunu gözləmirdi, Tramp prezident seçildi

Siyasi təhlilçilər hesab edir ki, yeni lider
ABŞ-ın oturuşmuş siyasi sisteminə tabe olacaq


ABŞ-da keçirilən prezident seçkiləri Respublikaçılar Partiyasının namizədi Donald Trampın
qələbəsi ilə başa çatdı. Donald Tramp son olaraq Viskonsin ştatında qalib gələrək Amerikanın
45-ci Prezidenti seçildi. 

1946-cı ildə Nyu-Yorkda anadan olan Tramp ABŞ tarixində ən yaşlı
Prezidentdir. "Forbes” jurnalının 2016-cı ildə "Dünyanın ən zəngin 400 insanı” siyahısında yer
alan Prezidentin sərvətinin 3,6 milyard dollar dəyərində olduğu təxmin edilir. Xatırladaq ki,
Donald Tramp Barak Obamadan prezidentlik kürsüsünü gələn ilin 20 yanvar tarixində təhvil
alacaq.
Tramp Prezident seçildi, ABŞ qarışdı

ABŞ-da Trampın prezident seçilməsinə etiraz əlaməti olaraq kütləvi aksiyalar başlayıb. Nəticələr
bəlli olandan sonra küçələrə axışan narazı kütlə ölkə bayrağını yandırmaqdan belə
çəkinməyiblər. Yürüşlərin mərkəzi Trampın doğulub boya-başa çatdığı Nyu-York şəhəri olub.
Minlərlə sakinin aksiyaya qoşulması nəticəsində mərkəzi magistrallarda avtomobillərin hərəkəti
məhdudlaşıb. Yürüş zamanı nümayişçilər, "Mənim prezidentim deyil”, "Trampın qarşısını
kəsin”, Trampa yox” şüarları səsləndiriblər. Çikaqo və Kaliforniyada da oxşar etiraz aksiyaları
təşkil edilib. Nümayişçilər arasında tələbələrin çoxluq təşkil etməsi diqqət çəkib. Yerli mənbələr
hadisə zamanı 4 nəfərin yaralandığını yazır.Trampdan ilk açıqlama: "ABŞ-ın
maraqları ön planda olacaq, amma...”

Yeni Prezident ölkədə çoxlu sayda problemlərin olduğunu və onların həllinə çalışacağını deyib:

"Məni dəstəkləməyənlərin sayı çox deyil. Bizim hərəkatımız bütün irqlərdən, dinlərdən, fərqli
keçmişdən gələn insanların hərəkatıdır. Bu ölkənin çox böyük potensialı var. Hədəfim bu
potensialı reallaşdırmaqdır. İnfrastrukturumuzu yeniləyəcəyik, veteranlarımıza diqqət ayıracağıq.
Böyük iqtisadi planımız var. Bütün digər millətlərlə, bizimlə dostluq etmək istəyən xalqlarla çox
gözəl münasibətlər qurmağı düşünürük. Dünyaya müraciət edirəm. Bəli, Amerikanın maraqları
ön planda olacaq, amma hər kəslə ədalətli şəkildə davranacağıq”.

"Kaliforniya ABŞ-dan ayrılmaq istəyir”

Trampın qələbəsi demokratların üstünlük təşkil etdiyi əyalətlərdə insanları çaş-baş salıb.
Kaliforniya ştatının sakinləri sosial mediada ABŞ-dan ayrılmaq kampaniyasına başlayıblar.
Əyalətin dünyada altıncı böyük iqtisadiyyata malik olan ərazi olduğunu deyən seçicilər
Kaliforniyanın ABŞ-dan ayrılmasını tələb ediblər. Bundan əlavə ştatın Oklend və Berkli
şəhərlərində, eləcə də Oreqon Universitetində etiraz aksiyaları keçirilib. Oklenddə baş tutan
etiraz aksiyasında təxminən 200 sakin iştirak edib. Etirazçılar "Tramp bizim Prezidentimiz
deyil!” şüarı səsləndiriblər.
Bütün dünya Trampdan danışır - Liderlərin reaksiyası

Avstriyanın vitse-kansleri Raynhold Mitterlener deyib ki, Donald Trampın Prezident seçilməsi
ilə əlaqədar Avropa bir neçə istiqamətdə məsuliyyətini artırmalıdır: "Prezident Trampdır - bu,
təəccüblüdür. Avropa iqtisadi, xarici və təhlükəsizlik siyasətində öz üzərinə daha çox məsuliyyət
götürməlidir”. Almaniyanın iqtisadiyyat və energetika naziri Qabriel Ziqmar isə ABŞ-da
prezident seçkilərində Donald Trampın qələbəsini "Almaniya üçün xəbərdarlıq” kimi
qiymətləndirib: "Tramp yeni avtoritar və şovinist beynəlxalq hərəkatın pioneridir”. Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan da Donald Trampın ABŞ-ın yeni Prezident seçilməsinə
münasibət bildirib: "ABŞ-da yeni dövr başlayır. Demokratlar iki prezidentik dövründən sonra
iqtidarı təkrar respublikaçılara təhvil verdi. Bu, ABŞ xalqının seçimidir və bunun dünyada istər
hüquq və azadlıq, istər demokratiya, istərsə də regiondakı proseslərdə xeyirli addımların
atılmasına səbəb olmasını arzulayıram”. Rəsmi Tehran da Trampın qalib gəlməsinə münasibət
bildirib. İranın Atom Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvəndi deyib ki, Tehran
əldə olunan nüvə razılaşmasının bundan sonra da davam etdirilməsinə çalışacaq: "Nüvə
razılaşması mövzusu ilə bağlı İranın planları uzunmüddətlidir”.

Türkiyədən Trampa şərt: "Güləni verin, yeni səhifə açaq”

Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın 45-ci Prezidenti Donald Trampı təbrik edib.
Yıldırım Trampa Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Güləni ekstradisiya etməsi üçün
çağırış edib: "Amerika və türk xalqının tarixi dostluğuna xələl gətirən terror təşkilatının
rəhbərini qısa zamanda ekstradisiya etsəniz, əmin olun ki, Türkiyə-ABŞ dostluğunda yeni səhifə
açmış olacaqsınız. Odur ki, Güləni ekstradisiya edin, yeni səhifə açaq”.

Tramp ABŞ-a demokratiyanı qaytardı...

Belarus Prezidenti Aleksandr Lukaşenko Trampa təbrik məktubu göndərib. Lukaşenkonun 
sözlərinə görə, Amerika xalqı Trampı ədalətli, məsuliyyətli siyasət üçün seçib. O, bundan sonra
da ölkəsinin ABŞ-la əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, 2008-ci ildən bu
günə qədər ABŞ Belarusa səfir təyin etmir.

ABŞ-ın Azərbaycanla bağlı yeni siyasəti necə olacaq?

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, Amerikanın yeni administrasiyası
Azərbaycanla bağlı siyasətini öz yanaşmalarından irəli gələrək quracaq. Səfir qeyd edib ki, yeni
administrasiyanın xarici siyasətlə bağlı öz baxışları olacaq: "Hələlik ABŞ-ın Azərbaycanla bağlı
siyasətinin necə dəyişəcəyi barədə danışmaq tezdir”.

"Amerikanı yalnız prezidentlər idarə etmir”
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Tramp Klintonlar
ailəsini tarixin arxivinə göndərdi. Ekspertin sözlərinə görə, Amerikada oturuşmuş siyasi sistem
var və bəzən prezident bu sistemin gedişatına tabe olmaq məcburiyyətindədir: "Amerikanı yalnız
prezidentlər idarə etmir. Dövlət Departamenti, Pentaqon, müşavirlərin hazırladıqları hesabatlar
və yüzlərlə beyin mərkəzi, bütün bunlar prezidentlərin qərarlarına təsir edir. Əgər Amerikanın
siyasi sistemi Krımın işğalına və Suriyada Bəşər Əsəd rejiminə verdiyi dəstəyə görə, Rusiyaya
qarşı sanksiyaların davamını diktə edirsə, Tramp bunu gözardı edərək Putinlə asanlıqla dostlaşa
bilməyəcək. Həmçinin, Vaşinqton Tehranla nüvə razılaşmasına nail olmaq üçün uzun illər
danışıqlar aparıb və İranın nüvə silahı əldə etməyəcəyinə dair zəmanət aldıqdan sonra bu ölkə ilə
barışıb. Ağ Evin yeni sahibi bu barışdan imtina edərsə, bu, Amerikanın ziyanına olacaq. Çünki
Tehran müqavilədən çıxmaqla nüvə silahı yaratmaqda sərbəst olacaq”.

Tramp administrasiyası ABŞ-Azərbaycan münasibətlərinə nə vəd edir?

Politoloq bildirib ki, Barak Obamanın prezidentliyi və Hillari Klintonun dövlət katibliyi
dövründə ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş qeydə alınmayıb: 
Vaşinqton-Bakı münasibətləri yeganə olaraq enerji əməkdaşlığında müsbət tendensiyaya malikdir. Vaşinqton Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Bakıya hər cür dəstək verir. Hətta bu
məqsədlə Avropa İttifaqı dövlətlərində Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti aparır. Donald
Trampın administrasiyası bu dəstəyi davam etdirəcək. Adətən respublikaçı prezidentlər geosiyasi
amillərə önəm verirlər. Tramp da Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük
verməlidir. Unutmayaq ki, Amerikanın siyasi sistemi Azərbaycanın ayaqları üstündə möhkəm
dayanmasında, dünyəvi müsəlman ölkəsi kimi inkişafında, o cümlədən Rusiyanın və İranın
mümkün təsirlərindən qorunmasında maraqlıdır. Bu, Azərbaycanın da maraqlarına uyğundur.
Ona görə də rəsmi Bakı Vaşinqtonun regional siyasətindən nə qədər narazı olsa da,
balanslaşdırılmış xarici siyasət çərçivəsində Amerikanın yeni administrasiyası ilə əməkdaşlığın
yollarını axtarmalıdır”.

İsmayıl