Hər bir televiziya öz auditoriyasını öyrənməli və tamaşaçıdan gələn reaksiyaları dəyərləndirməlidir
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov ictimaiyyətin narazılığına səbəb olan, sosial şəbəkələrdə çoxluq tərəfindən obyektiv şəkildə tənqid edilən verilişlərin nəzarət altında olduğunu deyib.
Hazırda bu istiqamətdə iş aparıldığını vurğulayan şöbə müdiri hesab edir ki, yayımçılar tamaşaçıdan gələn reaksiyanı nəzərə almalıdırlar: "Bu barədə biz öz iradlarımızı telekanallara mütəmadi olaraq çatdırırıq. Təbii ki, biz Şura olaraq verilişlərin məzmununa müdaxilə etməyi doğru bilmirik. Hər zaman olduğu kimi, bu cür məsələlərdə ilk addımı telekanallardan gözləyirik. Məsələn, bu yaxınlarda "Space” belə bir jest etdi. Narazılıq yaradan verilişin bağlandığını bildirdi. Lakin yayımçılar addım atmayanda inzibati metodlardan istifadə zərurəti yaranır”.
Media eksperti Zeynal Məmmədli də hesab edir ki, hər bir televiziya öz auditoriyasını öyrənməli və tamaşaçıdan gələn reaksiyaları dəyərləndirməlidir: "Dünya təcrübəsində auditoriyanı öyrənməyin müxtəlif yolları var. Bu vasitələrdən biri də reklam xidmətləridir. Amma söhbət Azərbaycan televiziyalarının bu yollardan istifadə edib-etməməsindən gedir. Adətən sərbəst reklam bazarı olmayanda televiziyalar öz auditoriyasının mövqeyini öyrənməkdə maraqlı olmurlar. Azərbaycan telekanallarında şou proqramların, əyləncə xarakterli verilişlərin bayağı olması dəfələrlə deyilib. Amma nəzərə almırlar ki, bazar iqtisadiyyatıdır. İlk növbədə sərbəst bazar olmalıdır. Hər kəs bilməlidir ki, bu bazarda pul qazana biləcək. Şəffaflıq olanda prodüsser deyir ki, filan proqramı hazırlayacam, digəri deyir ki, mən filan verilişi hazırlayacam. Beləcə bir yarış başlayır. Nəticədə isə tamaşaçı udur”. Konkret olaraq MTRŞ-nin şöbə müdirinin bəyanatına gəldikdə isə Z.Məmmədli bunu Şuranın televiziyalara təzyiqi kimi qiymətləndirib: "İlk baxışda elə görünür ki, Şuranın bu açıqlaması xoş niyyətlə deyilib. Amma burada pərdəarxası məqam var. MTRŞ televiziyaların fəaliyyət istiqamətlərini idarə etdiklərini açıq şəkildə etiraf etməsə də, əsas qurum olduqlarını sətiraltı məna ilə ifadə edib. Düzdür, MTRŞ-nin haqlı olduğu məqamlar var, amma Şura özünün haqlı olmasını da haqlı vasitələrlə deməlidir”.
Şəymən