“Tramp Amerika tarixində yeni bir fiqurdur. Onun ölkənin siyasi arenasında heç bir təcrübəsi yoxdur”
Dünyada etiraz səsləri artır
Donald Trampın müsəlman ölkələrlə bağlı qərarı xaos yaradıb
“Tramp Amerika tarixində yeni bir fiqurdur. Onun ölkənin siyasi arenasında heç bir təcrübəsi yoxdur”
“Tramp Amerika tarixində yeni bir fiqurdur. Onun ölkənin siyasi arenasında heç bir təcrübəsi yoxdur”
ABŞ-ın yeni Prezidenti Donald Trampın imzaladığı fərmana əsasən İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə girişi müvəqqəti dayandırılıb. Tramp qərarına bu cür haqq qazandırıb: "Ölkəmizdə güclü sərhədlər və ciddi yoxlanışlar lazımdır. Baxın, Avropada nələr baş verir, elə dünya da xaos içindədir!”. Yüzlərlə insan prezidentin müsəlman mühacirlərin ABŞ-a daxil olmasına qadağa qoyan sərəncamına etiraz etmək üçün Ağ Evin qarşısına toplaşıblar. Etirazçılar "Nifrətə-yox, qorxuya-yox, qaçqınlar bura xoş gəlib” şüarları ilə meydanlara axışıblar.
Amerikada tibb sahəsində təhsil alan 25 yaşlı iraqlı tələbə bildirib ki, o, etiraz aksiyasına hava limanında ilişib qalan bacı və qardaşlarına dəstək göstərmək üçün qatılıb. 10 ildir ABŞ-da yaşayan somalili Frahan Sulub da həyat yoldaşının Vaşinqton yaxınlığındakı Dalles hava limanında saxlandığını deyib. Onun sözlərinə görə, mühacirət orqanlarının rəsmiləri həyat yoldaşının ABŞ-a daxil olmasına icazə verməyiblər. Nyu-York, Vaşinqton, San-Fransisko və başqa şəhərlərin hava limanlarında da insanlar mühacirət məhdudiyyətlərinə etiraz aksiyaları keçiriblər.
"Tramp qərarından vaz keçmir”
Prezident Donald Tramp Nyu-York məhkəməsinin qərarı ləğv etməsinə və bir çox ölkələrdən gələn təzyiqlərə baxmayaraq, qərarından vaz keçməyəcəyini bildirib. Prezident tvitter hesabından verdiyi açıqlamada, ABŞ-ın güclü sərhədlərə ehtiyacı olduğunu söyləyərək, yeddi müsəlman ölkəsi vətəndaşlarına müvəqqəti olaraq viza və sığınacaq verilməməsi haqda qərarını müdafiə edib: "Bu məsələni dinlə bağlamaq olmaz. Söhbət təhlükəsizlikdən və terrorun qarşısının alınmasından gedir. Dünyada 40-dan çox müsəlmanların çoxluq təşkil etdiyi ölkə mövcuddur ki, onlara qarşı heç bir məhdudiyyət tətbiq olunmayıb. Ölkəmizin güclü sərhədlərə və ən yüksək səviyyəli sərhəd nəzarətinə ehtiyacı var. Avropada və dünyada nələr olduğuna baxın, dəhşətli bir qarışıqlıqdır”.
16 əyalətin baş prokurorundan Trampa etiraz
ABŞ-ın 16 əyalətinin baş prokuroru Prezident Trampın viza məhdudiyyəti qərarına kəskin etirazlarını bildiriblər. Dövlət ittihamçıları prezidentin bu qərarına qarşı ortaq bəyanat hazırlayıblar. Trampın qərarlarına kəskin etirazların ifadə edildiyi bəyanatda, "Yaradılan bu xaotik mühitdə mümkün olan ən az sayda insanın zərər görməsi üçün səylərimiz davam edəcək. İnanc azadlığı ABŞ-ın sarsılmaz prinsiplərindən biridir və heç bir prezident bu həqiqəti dəyişdirə bilməz”.
İranlıların ABŞ-a uçmasına icazə verilməyib
Təxminən 173 iranlının ABŞ hava limanlarına uçuşlar yerinə yetirən təyyarələrə minməsinə icazə verilməyib. Məlumata görə, aviaşirkətlər kütləvi surətdə İran vətəndaşlarını ABŞ-a olan reyslərə buraxmaqdan imtina ediblər. Bunların sırasında "Avstriya Hava Yolları”, Türkiyə aviaşirkətləri, "Fly Emirates”, "Lufthansa”, "Qatar Airways” və digərləri var. Hətta ABŞ-da yaşamaq hüququ verən "yaşıl kart”a sahib iranlılar da qeydiyyata buraxılmayıblar. Eyni zamanda, aviadaşıyıcılar iranlılara bilet satışını da dayandırıblar.
"Bu qərar islam dünyası üçün təhqirdir”
Rəsmi Tehran Trampın müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasına dair qərarına eyni tədbirlərlə cavab verəcəyi barədə bəyanat yayıb. İran XİN-in yaydığı bəyanatda deyilib ki, hökumət böyük İran xalqını daxildə və ölkə hüdudlarından kənarda qorumaq məqsədilə Amerika hökumətinin qısamüddətli və ortamüddətli qərarlarını diqqətlə təhlil etdikdən sonra müvafiq addımlar atacaq. Bu məhdudiyyətlər ləğv olunanadək hökumət vətəndaşların hüquqlarını qorumaq üçün tədbirlər görəcək. Qeyd olunub ki, İran hökuməti Amerika xalqına hörmət edir və onu ABŞ administrasiyasının aqressiv siyasətindən ayırır. ABŞ administrasiyasının bu addımı bütün islam dünyası üçün açıq təhqirdir.
Fransa XİN rəhbəri Trampı tənqid edib
Fransa xarici işlər naziri Jan-Mark Eyro ABŞ Prezidenti Donald Trampı miqrasiya siyasətini sərtləşdirməsi ilə əlaqədar tənqid edib. O deyib ki, terrorizm təhlükəsi qarşısında qorxu qaçqınları yerləşdirməkdən imtina etməyə əsas ola bilməz: "Qaçqınların qəbulu həmrəylikdən doğan borcdur. Terrorizmin vətəndaşlığı yoxdur. Diskriminasiya cavab ola bilməz”.
Merkel Trampın qərarını bəyənmədi
Almaniya kansleri Angela Merkel müsəlman əhalinin üstünlük təşkil etdiyi ölkələrdən ABŞ-a səfərlərə qadağa qoyulmasını tənqid edib. Almaniya hökumətinin təmsilçisi Şteffen Zaybert bildirib ki, Merkel terrorizmlə aktiv mübarizəni zəruri saysa da, bunun milli və dini mənsubiyyətə görə insanlardan şübhələnmək üçün əsas vermədiyini vurğulayır.
ABŞ millisinin kapitanı: "Trampa görə utanıram”
"Toronto”nun yarımmüdafiəçisi, ABŞ millisinin kapitanı Maykl Bredli ölkə Prezidenti Donald Trampın siyasəti ilə bağlı narazılığını gizlətməyib. Tanınmış futbolçu deyib ki, qadağanın səbəbini başa düşmür: "Amerikanın dəyərlərini qurban vermək olmaz. Bu qərarın nə dərəcədə utandırıcı və üzücü olduğunu bilirəm. Tramp seçkilərdə qalib gələndə onun fərqli prezident olacağına ümid edirdim. Radikal, millətçi təfəkkürünün dəyişəcəyinə inanırdım. Yanılmışam. Müsəlmanlara qoyulan qadağa sübut edir ki, adam ölkəsinin ana siyasətinə və inkişafına qarşı biganədir”.
"Trampın qərarları xaotik və mənasızdır”
Trampın etiraz doğuran qərarları ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru Fikrət Sadıqov deyib ki, Donald Trampın yaxın müddətdə hakimiyyətdən devriləcəyi inandırıcı görünmür. Çünki Trampın devrilməsi üçün bir çox siyasi mərhələlər keçməlidir:
"ABŞ Prezidentinin hakimiyyətdən uzaqlaşdırılması çox mürəkkəb prosesdir. Donald Tramp Amerika tarixində yeni bir fiqurdur. Onun ölkənin siyasi arenasında heç bir təcrübəsi yoxdur. Ona görə də Trampın bir sıra hərəkətləri, NATO, BMT, Avropa, Meksika, müsəlman ölkələri ilə bağlı qərarları və təhqiramiz düşüncələri ciddi etirazlara səbəb olur. Müsəlman ölkələri ilə yanaşı, amerikalılar da Trampa qarşı çıxırlar. Trampın qərarları xaotik və mənasızdır. Belə vəziyyət uzun müddət davam edə bilməz. Çünki Prezidentin ətrafında kifayət qədər təcrübəli şəxslər var”. Ekspert bildirib ki, dövlət katibi və Pentaqonun Baş Kəşfiyyat İdarəsinin rəhbəri Trampın qərarlarına düzəliş etməlidir: "ABŞ Prezidenti sonradan dedi ki, guya onun sözlərini düzgün başa düşməyiblər. O, sadəcə radikal islamçıları nəzərdə tutub. Amma sərəncamda vurğulanan məqamlar öz əksini tapmayıb, ümumi şəkildə 7 ölkənin vətəndaşları qeyd olunub. Əgər Ağ Ev rəhbəri düz deyirsə, onda qərara düzəliş edilməlidir. Yaxud tamamilə ləğv olunmalıdır. Qərar dəyişilmədən qəbul olunsa, İran və digər müsəlman ölkələri də adekvat addımlar ata bilərlər. O zaman baş verən hadisələr isə rəsmi Vaşinqtonun xoşuna gəlməyəcək”.
İsmayıl