Əgər Azərbaycandadırsa, dələduz hindli deportasiya olunmalıdır

“Həmin adam ölkəmizə qanuni daxil olubsa, giriş-çıxışı da pozmayıbsa, sadəcə öz ölkəsində onun haqqında cinayət işi varsa, Azərbaycan tərəfi araşdırma aparmalıdır”



Hindistanda ayrı-ayrı vətəndaşların telefon nömrələri üzərindən qanunsuz beynəlxalq telefon danışıqları təşkil etməyə görə axtarışda olan 23 yaşlı Saqar Thakkarın bacısı ilə birlikdə Azərbaycana qaçıb.

Bu barədə Hindistan polisi bildirib. Məlumata görə, polis onun yaratdığı qanunsuz beynəlxalq telefon danışıqlar mərkəzində oktyabrın 4-də axtarış keçirib. Lakin orada deyiblər ki, Thakkar bacısı Reema ilə birlikdə Dubaya qaçıb. Bununla belə polis müəyyən edib ki, ləqəbi "Tüklü” olan telefon dələduzu Azərbaycana qaçıb və hazırda oradadır: "T.Əhmədabad əyalətində fəaliyyət göstərən 10 nəfərlik qruplaşmanın rəhbəri olub. Qruplaşmanın daha üç üzvünün Tailanda qaçdığı bildirilir. Thakkarı Amerika ədliyyəsi də axtarır. ABŞ-da ona qarşı iki ayrı ittiham irəli sürülüb. İttihama əsasən Thakkarın əməllərindən Şimali Karolina və Texas ştatlarının sakinləri də zərər çəkib”.

Məsələni dəyərləndirən kriminalist-ekspert İlqar Altay "Şərq”ə söyləyib ki, Azərbaycan tərəfi bunu araşdırmalıdır: "Birincisi, əgər o, ölkəmizə qanuni yolla daxil olubsa, Azərbaycanda qalma müddəti başa çatıbsa, buna rəğmən yenə də ölkəmizdədirsə, dərhal deportasiya olunmalıdır. İkincisi, həmin adam ölkəmizə qanuni daxil olubsa, giriş-çıxışı da pozmayıbsa, sadəcə öz ölkəsində onun haqqında cinayət işi varsa, Azərbaycan tərəfi araşdırma aparmalıdır. Onun cinayəti təsdiq olunarsa, ölkəmiz onu ekstradisiya edib, öz ölkəsinə təhvil verə bilər” .

T.Əhmədabadın 10 nəfərlik qruplaşma rəhbəri olmasına diqqət çəkən ekspertin qənaətincə, həmin şəxsin ölkəmizə Dubaydan necə gəldiyini araşdırmaq lazımdır: "Onun bura hansı əsaslarla daxil olması öyrənilməlidir. Onun Azərbaycanda fəaliyyəti də yoxlanmalıdır. Hüquq-mühafizə və xüsusi xidmət orqanları bununla məşğul olmalıdırlar. Bunu araşdırmalıdırlar ki, o burada hansı işlərlə məşğul olub, kimlərlə əlaqə saxlayıb və nə cür yaşayıb. Onun törətdiyi əməl spesifik cinayətdir. Bunu hər adam bacarmır. Görünür, texnologiyanı yüksək səviyyədə bilir. Onun bu sahədə yaxşı təcrübəsi var. O, həmin təcrübədən cinayət məqsədilə istifadə edir. Əlbəttə, belə insanlar gəlib Azərbaycanda da həmin planlarını həyata keçirib, ölkəmizdə xeyli pozuntular törədə bilər. Düşünürəm ki, həmin şəxsin Azərbaycandakı fəaliyyəti dərindən araşdırılmalıdır”.

Ayyət Əhməd