Əhali xeyir görmür - Bütün bazarların girişində alverçilər dayanır
Kənd təsərrüfatı məhsullarının satış yarmarkası kortəbii təşkil olunur
Yeni ilə sayılı günlər qalır. Amma kənd təsərrüfatı məhsulları yarmarkalarından bir xəbər yoxdur. Hələ ki, yeni il oyuncaqlarının şıdırğı alveri gedir. Metrostansiya çıxışlarında yenə "toy çadırları” qurulub. Və orada şaxta babalar, qar qızları, santa-klauslarla yanaşı, yeni il hədiyyələri, "yolka” oyuncaqları, işıqlar, çinli çoxbilmişlərin beyninin və əlinin məhsulu min cür xırda-xuruş. Həm də keyfiyyətsiz.
Kənd təsərrüfatı məhsulları üçünsə hələ yer ayrılmayıb. Onlar da olacaq, böyük ehtimalla. Ancaq bayrama bir həftə, 3-5 gün qalmış. Halbuki qonşu ölkələrdə satış yarmarkaları hər həftə sonları təşkil edilir. Həm də xeyli qiymət fərqi ilə. Əhali həftənin sonunu səbirsizliklə gözləyir ki, evinə bazarlıq etsin. Bunun özü də üzərində düşünülməli məsələdir. Çünki bizdə yarmarkalar təşkil olunsa da, əhali onlardan razı qalmır. Qiymətlərdə elə də hiss edilən fərq görmədiklərindən. Bir tərəfdən "ucuz ətin şorbası olmaz” el məsəli ortaya gəlir. Səbəbsiz də yox.
Yarmarkalarda ucuz məhsul alanlar keyfiyyətindən narazı qalır. İtkiyə gedən məhsulun pulunu hesablayanda bazarla eyni qiymətə gəlib çıxır. Kənd təsərrüfatı məhsullarının vaxtaşırı təşkil edilməməsinə mane olan səbəblər hansılardır?
İqtisadçı Fuad İbrahimov "Şərq”ə açıqlamasında satış yarmarkalarının institusional səviyyədə olmadığını dedi:
- İnstitusional səviyyə odur ki, satış yarmarkasının təşkilinin məram və məqsədi bəlli olsun. Bu satış yarmarkası nəyə xidmət edəcək, hansı gəlir əldə olunacaq, vətəndaşlara nə dərəcədə xeyri dəyəcək. Bunlar hamısı elmi yanaşma, araşdırma tələb edən məsələlərdir. Bizdə bu yanaşma tərzi olmadığından, satış yarmarkaları kortəbii şəkildə təşkil olunur.
Məqsəd bolluq olduğunu nümayiş etdirməkdir. Vətəndaş bu yarmarkalardan yararlana bilirmi, bunu müəyyənləşdirmirlər. Doğru deyirsiniz, qonşu ölkələrdə, məsələn, Türkiyədə həftə sonları yarmarkalar təşkil olunur, əhali bazarlıq edir, mənfəət əldə edir, iqtisadi baxımdan irəli düşürlər. Çünki məqsəd başqadır. Məqsəd əhalinin aztəminatlı hissəsinin büdcəsinə uyğun satış yerləri təşkil etməkdir. Bizdə isə yarmarka özünün əsl mahiyyətini itirib. Yarmarkalar adətən, görüntü xətrinə təşkil olunur.
Kəndli, fermer becərdiyi məhsulu bu yarmarkalara gətirə bilmir. Siz kənd təsərrüfatı yarmarkalarında, ya da lap elə adi vaxtlarda, bazarlarda regiondan öz məhsulunu gətirib piştaxta arxasında dayanan və becərdiyi məhsulunu satan kəndliyə çoxmu rast gəlmisiniz? Əlbəttə ki, yox. Bizim bazarlarda piştaxta arxasında adətən kəndlidən, fermerdən məhsulu şəhərə və ya bazara girişdə ucuz qiymətə alıb, iki-üç dəfə baha qiymətə satan alverçilər dayanır. Yalandan da and içirlər ki, filan yerdən özüm gətirmişəm, özüm becərmişəm.
Kənd təsərrüfatı yarmarkalarının təyinatına uyğun olmaması və əhalinin razılıq etməməsinin əsl səbəbi də budur. Kəndli, fermer məhsulunu bazara gətirə bilmir. Nə kəndli qazanır, nə şəhərli. Yarmarkalardan gəlir əldə edən yalnız ortadakı işbazlardır. Fermerlər elə vəziyyətdədir ki, məhsulu bazara çıxarmağı səbirsizliklə gözləyirlər. Amma bazara girişdə yolları bağlanır. Bu problem həllini tapmayınca, əhali yarmarkalardan xeyir görməyəcək.
Bəs yerli icra hakimiyyətləri hansı tədbirləri görə bilər?
F.İbrahimov bildirdi ki, bazarda bolluğun təmin edilməsi Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətlərinin vəzifəsidir:
- Məsələn, ötən il Xırdalanın mərkəzində, Əhmədli qəsəbəsində və daha bir neçə nöqtədə hər həftə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunurdu. Əhali qiymətlərdən də razı idi. Danışırdılar ki, satıcılardan "yer haqqı” alınmadığı üçün qiymətlər münasibdir. Deməli, səy göstərdikdə, müsbət nəticə əldə etmək mümkündür. Həqiqətən də bazarlarda satıcılar bir neçə instansiyaya "yer haqqı”, yəni icarə pulu verdiklərindən qiyməti qaldırmaq məcburiyyətində olduqlarını deyirlər.
Bunun özü də xüsusi bir araşdırma tələb edən məsələdir. Bu məsələdə artıq Kənd Təsərrüfatı Nazirliyi də ciddi çalışmalıdır, nəzarəti gücləndirməlidir. Bundan əlavə, nazirliyin şöbələri regionlar üzrə kvalifikasiya aparmalıdırlar. Hansı bölgədə hansı məhsul yetişdiriləcək, bazara hardan hansı məhsul gətirilə bilər, bunu müəyyənləşdirməli və məhsulun bazara gəlib çıxmasını təmin etməlidirlər. O zaman ucuzluq da olar, vətəndaş da münasib qiymətə evinə bazarlıq edər. Amma sadaladığımız bu problemlər həllini tapmayınca, vətəndaş arzuladığı, bayram bazarlığını yenə edə bilməyəcək.
Məlahət Rzayeva