Elman Nəsirov: Gərək, Uorlik bəyan edərdi ki...





Ermənistan xarici işlər naziri müavininin bəyanatı əslində separatçı ölkənin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini çox dəqiq ifadə edir.

Bu sözləri Sherg.az -a Ceyms Uorlikin "Hamburq görüşünü səbirsizliklə gözləyirik" fikirlərinə münasibət bildirərkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, münaqişənin həlli prosesinin dayandırılmasının səbəbkarı Erməsnistandır ki, bu da, XİN müavinin yanaşmasında öz əksini tapıb: 

"Onlar yenidən bu məsələni elə təqdim etmək istəyirlər ki, guya danışıqları Azərbaycan dondurub. Düşmən tərəfi bu fonu yaratmağa çalışır. Bu mənada hesab edirəm ki, C.Uorlik son bəyanatında ortaya qətiyyətli mövqe qoymadı. Dekabrın 7-8 də Alamaniyanın Hamburq şəhərində ATƏT -in Xarici İşlər Nazirləri Şurasının toplantısı baş tutacaq. O tədbirdə ATƏT-in həmsədr dövlətlərinin nümayəndələri və Ermənistan -Azərbaycan XİN nazirləri ilə ayrı-ayrılıqda görüş keçiriləcək. Sonra isə onların görüşünü təkil etməyə çalışacaqlar. Bu, onların istəyidir".


Bununla yanaşı, parlamentari qeyd edib ki, ortada Ermənistan XİN müavinin son bəyanatı, bundan başqa Qondarma Dağlıq Qarabağ Respublikasının adının "Arsax Respublikası" adlandırılması cəhdləri var: " Baxın, BMT Təhlükəsizlik Şurası , Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşilatının bəyanatlarında Dağlıq Qarabağ və ətraf rayonların işğalı ifadəsi işlənib. Amma təcavüzkar rejim həmin təşkilatların da qərarına, bəyanatına hörmətsizlik edir. Təbii ki, bu məsələlərin fonunda danışıqların heç bir effekti olmayacaq. Gərək C.Uorlik bəyan edərdi ki, son baş verən proseslər qarşıda gözlənilən danışıqların mahiyyətini pozur, danışıqları kölgə altına alır.Yəni bu addımlar nəticə etibarilə həm Hamburq danışıqlarını, həm də qarşıda prezidentlər səviyyəsində planlaşdırılan danışıqların baş tutmasına çox ciddi əngəldir. Belə olan vəziyyətdə hansı görüşdən söhbət gedə bilər? Reallıq bundan ibarətdir".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Hamburq görüşünü səbirsizliklə gözlədiyini və hərtərəfli həllə gətirib çıxaracaq istənilən yollarla tərəflərlə işləməyə hazır olduqlarını bəyan edib.

Ayyət Əhməd