Ərdoğan əmrin Səudiyyədən gəldiyini sübut etməyə çalışır

Çox yaxın zamanda jurnalistin cəsədi ortaya çıxacaq və qətlin konkret sifarişçiləri bəlli olacaq



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa səfərinin yekunları və Qərb ölkələrinin liderləri ilə görüşləri barədə jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan görüşlərdə bir çox məsələlərin, xüsusən də Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluqda öldürülən jurnalist Camal Qaşıqçı olayının geniş müzakirə olunduğunu söyləyib. Ərdoğan bildirib ki, cinayətin öncədən planlanmış olduğu, əmrin Səudiyyədəki yüksəkçinlilərdən gəldiyi ortadadır: "Biz əmri verənin kim olduğunu ortaya çıxarmaq istəyirik. Bu təlimatı kim verib? Cinayətlə bağlı həbs olunanların danışıqları barədə müzakirə aparmaq lazımdır. 

Qatilləri sağda-solda axtarmaq lazım deyil. Trampa dedim ki, qatillər bu 18 nəfərin içərisindədir”. Ərdoğan cinayətlə bağlı səs yazılarını hər kəsə verdiklərini söyləyib: "Səs yazılarını bizdən istəyən hər kəsə dinlətdik. Kəşfiyyat təşkilatımız heç bir şeyi gizlətmədi. Səudiyyə də daxil olmaqla, ABŞ, Fransa, Kanada, Almaniya, İngiltərə, kim istəyirsə istəsin, hər kəsə bunu dinlətdik. Səs yazısı həqiqətən fəlakətdir. Hətta səudiyyəlilərin kəşfiyyatçısı qeydi dinləyəndə "hər halda bu, narkotik maddə qəbul edib, bunları ancaq narkotik istifadə edən biri edə bilər” dedi”.

Türkiyə liderinin xüsusi önəm verdiyi Qaşıqçı cinayəti ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, qətlin detalları kifayət qədər açılıb. Artıq bütün dünya liderləri müxalif jurnalistin məlum güclərin təlimatı ilə qətlə yetirildiyini bilirlər. Analitikin fikrincə, cinayətin arxasında Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın dayandığı hamıya məlumdur:

 "Lakin bu cinayəti ört-basdır etməyə çalışan ABŞ kimi dünya gücləri var. Türkiyə ciddi-cəhdlə bu cür təşəbbüslərin qarşısını almağa çalışır. Ankara hökumətinin ortalığa qoyduğu inkarolunmaz dəlil və sübutların varlığı prosesin geriyə dönüşünü mümkünsüz edir. Elə şərait yaradılır ki, Tramp Administrasiyası Səudiyyə Ərəbistanını müdafiə edə bilməsin. Qaşıqçı olayı ilə bağlı Amerikanın özündə də birmənalı münasibət yoxdur. 

Respublikaçı bir neçə senator Qaşıqçı cinayəti ilə bağlı Ər-Riyad hökumətinə qarşı sanksiya tətbiq edilməsini tələb edirlər. Ancaq Tramp bunun qarşısını alır. Səbəbi isə odur ki, Vaşinqtonun və İsrailin Ər-Riyadla geosiyasi maraqları üst-üstə düşür. Həm də Ağ Ev gələcəkdə Qərb üçün daha məqbul sayılan vəliəhd şahzadə Məhəmməd bin Salmanın taxta çıxmasını istəyir. Ərdoğan isə "İsrail çocuğu” sayılan Məhəmməd bin Salmanın vəliəhdlikdən məhrum edilməsinə çalışır”.

N.Miri hesab edir ki, çox yaxın zamanda jurnalistin cəsədi ortaya çıxacaq və qətlin konkret sifarişçiləri bəlli olacaq: 

"Türkiyə Prezidenti cinayət əmrinin birbaşa kraldan və ya ölkədə ikinci adam sayılan vəliəhd şahzadədən gəldiyini dünyaya isbat etməyə səy göstərir. Əslində bu, reallıqdır, çünki onlardan başqa heç kim belə qətlin sərəncamını verə bilməz. Əgər dünya gücləri mövcud dəlillər sayəsində şahzadəni suçlu qəbul edərsə, o zaman Məhəmməd bin Salmanın taxta gedən yolu birdəfəlik bağlanacaq. Bu da indiki şəraitdə nə Tramp Administrasiyasının, nə də İsrailin maraqlarına xidmət edir”.

İsmayıl