Erməni girovundakı soydaşlarımız tanınmaz hala düşüb

“Azərbaycanın diplomatik institutları, beynəlxalq arenada problemi ön plana çəkməlidirlər”



Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Dağlıq Qarabağda saxlanılan girovlara baş
çəkib. Qurumun Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə
Hüseynovanın sözlərinə görə, onlardan ailələri üçün məktublar alınıb, eyni zamanda onların
məktubları ailələrinə çatdırılıb.

Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının öz
qardaşına yazdığı məktubun onlara çatdığını deyib: "Məktubda vəziyyətinin yaxşı olduğunu
deyib, hamıya salam göndərib. Yazmaqla deyil ki, onsuz da vəziyyətinin yaxşı olmadığını
hamımız bilirik. Erməni əlində olan bir insan necə yaxşı ola bilər?”
Hazırda Şəmkirdə yaşayan K.Əsgərov atasının ona yazdığı məktubu hələ ala bilmədiyini
açıqlayıb: "Məktub göndərilib, amma hələ mənə çatmayıb. Amma budəfəki məktub əvvəlkindən
fərqli olaraq azərbaycanca yazılıb”.

Şahbaz Quliyev tanınmaz hala düşüb

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev isə ailəsinin
məktubuna cavab verməyib. Şahbaz Quliyevin qardaşı İlham Quliyev onun səhhətində ciddi
problemlər olduğunu deyib.

İ.Quliyevin sözlərinə görə, BQXK nümayəndələri tərəfindən Şahbaz Quliyevin yeni görüntüləri
onlara göstərilib: "Qardaşımın yeni çəkilmiş şəkillərini bizə kompüterdə göstərdilər. Tanınmaz
hala düşüb. Girov düşməmişdən əvvəl Şahbazın çəkisi 110 kiloqramdan çox idi. Şəkli görəndə
Şahbazı tanımadıq. O qədər arıqlayıb ki, tanınmaz halda idi. Çəkisi heç 50 kiloqram da
qalmayıb. Əminəm ki, Şahbazın vəziyyəti ağırdır. O, bizim məktubumuza cavab verməyib.
Hamımız narahatıq. Dilqəm ailəsinə məktub yazıb. Amma Şahbazdan məktub gəlməyib.
Qardaşımın şəkillərini Bakıya gələn ermənilərə göstərmək lazımdır. Onlar bilməlidirlər ki, biz
ermənilərə necə münasibət göstəririk, onlar isə Şahbazgilə əziyyətlər verirlər”. Xatırladaq ki,
ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev
Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri
tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə”qurublar. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Erməni hərbi xuntası nə beynəlxalq norma və qanunlara, nə də insan hüquqlarına hörmət göstərir
Dilqəm Əsgərovun və Şahbaz Quliyevin səhhətlərinin pisləşməsinə münasibət bildirən millət
vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Beynəlxalq Qızıl Xaç
Komitəsinin (BQXK) girovlarımız haqqında məlumatlarına inanmaqdan başqa çarəmiz
olmadığını deyib.

Onun sözlərinə görə, girovların öz ata-baba yurdunda həbsdə olması onsuz da işgəncədir:

"Beynəlxalq hüquq normalarında girovlarla bağlı müddəaların, insan hüquqlarının təminatının öz
əksini tapmasına baxmayaraq, onların icra mexanizmi özünü doğrultmur. Erməni hərbi xuntası
nə beynəlxalq norma və qanunlara, nə də insan hüquqlarına hörmət göstərir. Heç bir insani
dəyərlərə məhəl qoymadan girovlarımıza qarşı fiziki, psixoloji işgəncələr törədirlər. Ermənilərin
Qarabağ ərazilərində haqqı yoxdur və orada, Qarabağın, Kəlbəcərin öz sakinlərinə qarşı bu cür
işgəncələrə yol verə bilməzlər. Azərbaycanın diplomatik institutları, humanitar təşkilatları bu
məsələ ilə məşğul olmalı, beynəlxalq arenada problemi ön plana çəkməlidirlər.
Hazırda isə bizim BQXK-nin vasitəçiliyi ilə yazılan məktublara inanmaqdan başqa çarəmiz
yoxdur. Çünki girovlarla real kommunikasiya imkanı yalnız bu qurum nümayəndələrinin təşkil
etdiyi görüşlərdir”.

Şəymən