Əvvəl gənclər arasında pərakəndəlik var idi - Fikrət Qoca




Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olan gənclərin sayı artıb.

Bunu Sherg.az-a gənc şair və yazarların AYB-ə marağının artmasından danışarkən xalq şairi Fikrət Qoca söyləyib. 

Onun sözlərinə görə, əvvələr üzvlüyün az olmasına səbəb gənclər arasında pərakəndəliyin üstünlük təşkil etməsi idi: 
"Qabaqlar birlikdə görüşlər, layihələr, tədbirlər seyrək keçirilirdi. Artıq bu sahədə irəliləyiş var. Gənclərin özünün ayrıca görüş günü, layihələri, tədbirləri olur ki, onlar burada bir yerə toplaşır, əlaqələrini genişləndirir, müxtəlif təbliğat işləri ilə məşğul olurlar. Həmçinin ölkə başçısının sərəncamı ilə gənclər üçün də təqaüd müəyyən olunub və artıq bu öz təsirini göstərir”.

Birliyinin tənqid olunmasına gəlincə, F. Qoca qeyd edib ki, tənqidsiz ədəbiyyat olmaz: 

"İstənilən sahənin tərifləyənləri və tənqid edənləri olur. Baxır bu proses hansı səviyyədə aparılır. Tənqid də hiss edilməlidir. Tənqidçi nöqsanları üzə çıxartmağa, keyfiyyətli fəaliyyətə dəstək olmağa çalışır. Yazıçıların və birliyin ünvanına təriflər də çoxdur, lakin tənqid tez yayıldığına görə, daha çox diqqət çəkir. Əsas odur ki, tənqid və tərif də öz yerində, səviyyəsində olsun. Artıq o zaman irəliləyişdən danışmaq reallaşar”.

Qeyd edək ki, son zamanlar Azərbaycan Yazıçılar Birliyinə üzv olan gənclərin sayında artım müşahidə olunur. Həmin gənclərin əsksəriyyət feysbuk sosial şəbəkəsində AYB-nın üzvlük vəziqəsinin fotolarını paylaşırlar.  

Aysel Aslan