Əvvəllər ağsaqqal sözü eşidilirdi...
Ailədaxili və qohumlar arasında xüsusi amansızlıqla törədilən qətllər çoxalıb
Son zamanlar ölkədə kriminal hadisələrin sayı artıb. Xüsusən də baş verən kriminal hadisələrin çoxu odlu silahdan atəş açılması nəticəsində baş verir.
Kriminal hadisələrin gündən-günə bu qədər artmasının konkret səbəbi isə nə ekspertlərə, nə də psixoloqlara məlumdur. Demək olar ki, xırda bir məsələ üstündə düşən mübahisənin sonu ölümlə nəticələnir. İnsanların psixoloji durumu o qədər gərilib ki, heç kəs öz problemini sülh yolu ilə həll edə bilmir. Artıq hər kəs milli dəyərlərimizi belə unudub. Əlinə silah alan düşünmür ki, qabağımdakı kimdir? Mən kimə atəş açıram? Sonunu belə düşünmədən atasını, anasını, bacı və qardaşını, yaxın qohumlarını belə öldürənlər olur.
Qeyd edək ki, son iki gündə ölkədə bir-birindən dəhşətli 3 xüsusi amansızlıqla törədilmiş cinayət hadisəsi baş verib. Xaçmaz rayonunda baş verən dəhşətli qətldə 39 yaşlı Şamama Seyidova oğlu ilə birləşərək, öz həyat yoldaşını qətlə yetirib. Ağsu rayonunda isə iki müəmmalı qətl hadisəsi qeydə alınıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Ağsu şəhərinin Şakir Hacıyev küçəsindəki 6 saylı evdə kirayə yaşayan və Səməd Vurğun küçəsindəki 66 saylı mənzildə qeydiyyatda olan 1953-cü il təvəllüdlü Ələkbərov Ramiz Ələkbər oğlu özünə məxsus avtomobilin xarab olan mühərrikini düzəltdirmək bəhanəsi ilə motor ustası işləyən, şəhərin Azadlıq küçəsindəki 20 saylı ünvanda qeydiyyatda olan və Heydər Əliyev prospektindəki 16 saylı evdə yaşayan 1966-cı il təvəllüdlü Soltanov Sərxan Əsgər oğlunu kirayə yaşadığı evə dəvət edib. Ramiz Ələkbərov evinə çağırdığı Sərxan Soltanovu əvvəlcədən hazırladığı ov tüfəngi ilə güllələyərək qətlə yetirib. Məlumatda o da bildirilib ki, Sərxan Soltanovu qətlə yetirən Ramiz Ələkbərov həmin ov tüfəngi ilə bu gün səhər saatlarında Ağsu aşırımındakı "Ata yurdu” restoranının qarşısında Xalq artisti, tanınmış aktyor Mikayıl Mirzənin qardaşı oğlu, sahibkar Mahir Mirzəyevi də öldürərək qaçıb.
Hazırda respublikanın hüquq-mühafizə orqanlarının əməkdaşları bir gündə iki nəfəri amansızlıqla qətlə yetirən Ramiz Ələkbərovun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Ramiz Ələkbərovun hər iki şəxsi bir gündə öldürməsinin dəqiq səbəbi hələ ki, məlum deyil. Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Maraqlıdır, belə qətllərin, cinayətlərin baş verməsi nədən qaynaqlanır? Bu cinayət əməlləri fizioloji, yoxsa potoloji səbəblərdən doğmaqdadır?
Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, digər qətllərdə cinayətin tərkibinə önəm vermək lazım deyil:
"Əsas diqqəti qohumlar, doğmalar arasında və ya başqa xüsusi amansızlıqla törədilən qətllərin başvermə səbəblərinə yönəltmək lazımdır. Cinayətin baş verməsi onsuz da "qanunauyğunluqdur”. Niyə? Çünki cəmiyyət olan yerdə mütləq cinayət olmalıdır. Bu, aksiomadır. Vaxtilə kommunistlərin çürük bir ideologiyası vardı. Deyirdilər ki, kommunizmə keçəndən sonra ölkədə demək olar ki, cinayət olmayacaq. Sosialist düşüncəsi və sosialist birgə yaşayış qaydaları tezisi ortaya atılmışdı. Birgə yaşayışın nə kommunizmi, nə sosializmi? Çürük bir ideologiya idi. İndi də insanlarımızda həmin ideologiya müəyyən qədər qalıb. Cinayətin bu ay çox, o biri ay az olmasını əsas gətirirlər. İnsanlar deyir ki, cinayət artıb və ya azalıb. Bu belə deyil. Nisbi çoxluq və azlıq kriminologiyanın sadəcə qanunauyğunluğudur. Soyğunçuluq, qətl olanda kütləvi informasiya vasitələri bunu sensasiya kimi qəbul edirlər. Deyirlər niyə və nədən oldu. Ancaq əsas önəm verilən məsələ ailədaxili xüsusi amansızlıqla törədilən qətllərə olmalıdır. Bu, həyəcan təbilidir”.
Mahmud Hacıyev ailə-məişət zəmnində baş verən qətllərin sayının çoxalmasının səbəblərinin araşdırılmamasının cinayət faktlarının artmasına gətirib çıxardığını deyib:
"Son on ilin cinayət işi təcrübələri göstərir ki, ailədaxili və qohumlar arasında xüsusi amansızlıqla törədilən qətllər çoxalıb. Bunun səbəblərini araşdırmaq lazımdır. Bunu da işi aparan istintaqçı, sosioloq, psixoloqlar yığışıb bir araya gəlməlidir. Səbəbləri araşdırmalıdır və nəticə qəbul olunmalıdır. Onlar da xüsusi təkliflə, paketlə hökumət qarşısında çıxış etməlidirlər. Təəssüf ki, bu bizdə yoxdur. Açığını deyim ki, belə bir şey bizdə yoxdur”.
Elmi-Praktik Hüquq Mərkəzinin eksperti bu cür cinayət hadisələrinin bizim milli mentalitetimizə yad olduğunu da qeyd edib. O, əvvəllər belə halların baş verməməsinin səbəbini ictimai qınağın kəskin olması ilə əsaslandırıb:
"Əvvəllər ictimai qınaq vardı. Ağsaqqal sözü eşidilirdi. Amma indi belə deyil. O zamanlar kimsə ailədə səsinin tonunu qaldıranda qonum-qonşu gəlib deyirdi ki, ayıb olsun səsinin tonunu yığışdır. Məsələ də həll olunurdu. İndi belə deyil. Axı biz müsəlman ölkəsiyik. Üstəlik, bu cür cinayət hadisələri şərq ölkəsinə yaraşan hal deyil. Bu cür cinayətlərin baş verməsinin səbəbi ictimai gərginlikdir. İşsizlik, fahişəlik, ekstrasenslik çox olan yerdə bütün bunlar yığılıb-yığılıb, birdən partlayır. İnsanlar da cinayət törədərkən affekt durumunda olurlar. Nə etdiklərinin fərqinə varmırlar. Sonradan başlarını divara döyürlər. Bayaq dediyim kimi, müstəntiqlərin, psixoloq və sosioloqların yığışıb təhlil aparmadığı, ortaya bir təklif qoyulmadığı üçün bu da baş alıb gedir”.
Ümumi qətllərə gəldikdə isə yenə deyirəm, cəmiyyət varsa, cinayət də olacaq: "Burada əsas məqam isə əhalinin psixoloji durumunun həddindən artıq gərgin olması ilə bağlıdır. Hər hansı bir mübahisə affekt durum yaradır. Məhkəmə psixiatriyasında buna affekt vəziyyət deyilir. Affekt vəziyyətin iki növü var: patoloji və fizioloji. Yəni gərgin psixoloji durum insanların adi bir mübahisəsində affekt yaradır, bu da qətl hadisəsinə gətirib çıxarır”. M.Hacıyev belə halların başlıca səbəbinin ölkə əhalisinin sosial-iqtisadi durumunun aşağı olması ilə izah edib.
Şəymən