Gələcəkdə Azərbaycan da layihənin bir parçasına çevriləcək

Çinin “Bir kəmər, bir yol” strategiyası dünyanın əməkdaşlıq xəritəsini dəyişmək gücündədir



Aprelin 26-da Çinin paytaxtı Pekində 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb. Prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin də qatıldığı Forumda ümumilikdə 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri də iştirak edirlər. İlk forumdan sonra təşəbbüsü dəstəkləyən ölkələr arasında səmərəli əməkdaşlığın qurulduğunu deyən Çinin dövlət başçısı Si Szinpin hazırda "Bir kəmər, bir yol” təşəbbüsünün 150 ölkə tərəfindən dəstəkləndiyini, bu sıraya bir sıra nüfuzlu beynəlxalq təşkilatların da daxil olduğunu diqqətə çatdırıb: "Bu da göstərir ki, bizim təşəbbüs bütün dünyanı əhatə edir”. Szinpin bu təşəbbüsü dünyanın inkişafında yeni mərhələ olduğunu diqqətə çatdırıb. 

O, "Bir kəmər, bir yol” layihəsinin həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə etdiyini vurğulayıb. Çin lideri iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüsün qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək göstərdiyini, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdığını, bu layihənin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyini bildirib. Həmin layihənin həyatın bütün sahələrinə, xüsusilə də sosial məsələlərə inkişaf baxımından ciddi təsir göstərdiyini deyən Çinin dövlət başçısı mədəni-humanitar əlaqələrin genişlənməsində də yeni mərhələnin başlandığını vurğulayıb.

Azərbaycan rəhbərinin də iştirak etdiyi Forumu "Şərq”ə şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Çin "Bir kəmər, bir yol” strategiyasını 2013-cü ildə irəli sürüb. Analitikin sözlərinə görə, strategiya tarixi İpək yolunun yeni variantda bərpası ilə Çinin Avropa və digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur: 

"Çin hökuməti müxtəlif ölkələrin strategiyanın icrasına cəlb olunması istiqamətində aktiv siyasət yürütməkdədir. Ayrı-ayrı ölkələrə maliyyə-iqtisadi dəstəyin göstərilməsi bu siyasətin əsas tərkib hissəsidir. 2013-2018-ci illərdə "Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələrlə Çin arasında ticarət dövriyyəsinin ümumi məbləği 6 trilyon ABŞ dollarını ötüb. Çinin irəli sürdüyü "Bir kəmər, bir yol” təşəbbüsünü 150 ölkə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar dəstəkləyir. Bu o deməkdir ki, faktiki bu təşəbbüs dünyanın əməkdaşlıq xəritəsini dəyişmək gücündədir. Aydındır ki, bu layihənin reallaşmasında maraqlı olan əsas ölkə Çindir. 

Birincisi, Çin bu təşəbbüs vasitəsilə dünya bazarlarına daha çox mal nəql etmək imkanına malik olur. İkincisi, Çin "Bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə müxtəlif qitələrin müxtəlif ölkələri ilə daha sıx əlaqələrə malik olacaq. İqtisadi və ticarət əlaqələri siyasi əlaqələri də gücləndirəcək. Məsələn, Çin lideri Pekindəki konfransdan əvvəl Avropa ölkələrində olmuşdu, İtaliya və Fransa ilə milyardlarla dollarlıq müqavilələr imzalanmışdı. Cənubi Qafqaz ölkələrindən tədbirə Azərbaycan Prezidenti İlham Əliyev dəvət edilib. Çünki Azərbaycan gələcəkdə "Bir kəmər, bir yol” təşəbbüsünün bir parçasına çevriləcək. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti ilə görüşdə Çin Xalq Respublikasının Sədri Si Szinpin belə bir ifadə işlədib: "Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır”. Çin lideri eyni zamanda "bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini də qeyd edib.

Çin liderinin sözlərindən çıxan nəticə budur ki, Çin gələcəkdə Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən dünya bazarlarına daha çox mal daşımağı planlaşdırır. Əslində rəsmi Bakı illərdir buna çalışır. 

Azərbaycan Çinin Ələt limanından və Bakı-Tbilisi-Qars dəmiryolundan istifadəsini istəyir. Çin Azərbaycan üzərindən mallarının nəqlinə başlasa da, yüklərin həcmi hələ yüksək deyil. Pekin sanki bu marşruta bir az ehtiyatla yanaşır. Ancaq Çin liderinin son açıqlamasından sonra Pekinin artıq Azərbaycanın nəqliyyat imkanlarından istifadəyə artıq qərar verdiyini söyləmək mümkündür”.
Siyasi şərhçi vurğulayıb ki, Çin mallarının 5-7 faizini Azərbaycan üzərindən Avropaya daşımağa qərar verərsə, bu həm Ələt limanının, həm də Bakı-Tbilisi-Qars dəmir yolunun kifayət qədər yüklənməsinə və Azərbaycanın gəlirlərinin artmasına imkan verəcək: "Bunun Azərbaycan üçün siyasi əhəmiyyəti də var. Azərbaycanın Avrasiya bölgəsindəki rolu artacaq. Dövlət başçısı İlham Əliyev Çində bu ölkənin müxtəlif rəsmiləri və şirkət rəhbərləri ilə də görüşdü. Səfər nəticəsində iki ölkə arasında 821 milyon dollarlıq 10 müqavilə imzalandı. 

Çin investorları Azərbaycana 800 milyon dollardan çox sərmayə qoyublar. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1,7 milyard dollar təşkil edir. İki ölkə arasında sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar sahələrdə əlaqələr genişlənir. Çin Azərbaycanda sənaye parklarının yaradılmasına maraq göstərir”.

İsmayıl