Gələn ilin büdcəsində neftin bir barelinin qiyməti 60 ABŞ dollarından hesablanıb





Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi haqqında məlumat verib. Sherg.az-ın xəbərinə görə, nazir deyib ki, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 milyard 917,5 milyon manat məbləğində proqnozlaşdırılıb: 

"Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 768,5 milyon. manat çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28,0 faiz səviyyəsində nəzərdə tutulub. 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 milyard 364,3 milyon. manatı ARDNF-dan transfertlərin, 3 milyard 451,6 milyon. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon manatı isə digər gəlirlərin payına düşür".

Nazir söyləyib ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub

"2019-cu il dövlət büdcəsinin xərcləri 24 milyard 780,1 milyon manat məbləğində olmaqla 2018-ci ilin proqnozu ilə müqayisədə isə 1680,1 milyon manat çox proqnozlaşdırılıb. 2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2 faiz səviyyəsində olması nəzərdə tutulub".

S. Şərifov vurğulayıb ki, 2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2, 275 milyard manat, səhiyyə xərcləri 1, 048 milyard manat, müdafiə xərcləri 3, 038 milyard manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 milyon. manat, Naxçıvan MR-nın dövlət büdcəsinə verilən dotasiya 300,4 milyon manat proqnozlaşdırlır: 

"Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1862,6 milyon manat məbləğində müəyyən edilib ki, bu 2017-ci ilin dövlət büdcəsinin faktiki kəsirindən 784,8 milyon manat, 2018-ci il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən 911,6 milyon manat çoxdur. Qanun layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı göstərilib".

Anar