Həmsədrlər böyük müharibədən narahatdır

Amma cəbhədə vəziyyət elədir ki, prezidentləri, hətta nazirləri belə görüşdürmək qəliz məsələdir


Xəbər verdiyimiz kimi, ötən gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfər ediblər. Səfər çərçivəsində vasitəçilər Prezident İlham Əliyev tərəfindən də qəbul ediliblər. Prezidentlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Rusiyalı həmsədr İqor Popov bildirib ki, Minsk Qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin münaqişənin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır. Onun sözlərinə görə, həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər: "Vyana və Sankt-Peterburqda əldə edilən razılıqlar icra olunmalıdır”. Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti isə deyib ki, danışıqlar prosesi durğun nöqtədən tərpənib: "ABŞ, Rusiya və Fransa birgə səylərini davam etdirəcək. Əlbəttə, bu, asan məsələ deyil. Bildiyiniz kimi, təmas xəttində gərginlik müşahidə olunur. Amma tərəflərin irəli getmək istəyi var”. Amerikalı həmsədr Riçard Hoqland da bildirib ki, danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır: "2016-cı ilin aprel hadisələrinin birinci ildönümü cəbhədə yox, danışıqlar masasında qeyd olunmalıdır. Biz hazırda fəaliyyətimizi yüksək səviyyəli görüşün reallaşdırılması istiqamətində cəmləşdirmişik. Hər üç həmsədr münaqişənin hərbi yolla həllinin mümkün olmadığını düşünür”. Ekspertlərin fikrincə, cəbhə xəttində yaranmış gərginlikdən narahatlıq duyan həmsədrlər tərəflər arasında prezidentlər və ya nazirlər səviyyəsində görüşə nail olmaq istəyirlər. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, həmsədrlərin əsas məqsədi cəbhədəki gərginliyi azaltmaq, atəşkəsi bərpa etməkdir. Ekspertə görə, əgər bu baş tutarsa, vasitəçilər təmas xəttində atəşkəsi qoruyan mexanizmlər yaratmağa çalışacaqlar: 

"Azərbaycan tərəfi haqlı olaraq digər mühüm məsələlərin müzakirəsini tələb edir, torpaqlarımızın tez zamanda işğaldan azad edilməsinin zəruriliyini vurğulayırlar. Lakin indiki məqamda həmsədrlərin niyyəti başqadır. Bildiyimiz kimi Prezident İlham Əliyev Fransada səfərdədir. Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Parisdə yüksək səviyyədə müzakirə olunacaq. İstəyimiz odur ki, Fransa və digər həmsədrlərin ciddi fəaliyyəti ilə münaqişənin həlli prosesi sürətlənsin, real addımlar atılsın. Əslində Vyana və Sankt-Peterburq görüşlərində bu məsələlər kompleks şəkildə müzakirə olunub. Ancaq son aylarda yaşanan hadisələrdən sonra sadəcə atəşkəs məsələsi müzakirə mövzusu olub. Anlamaq lazımdır ki, həmsədrlərin yaxın durmadığı məsələlər öz həllini tapmayana kimi cəbhədə atəşkəsi bərpa etmək mümkün olmayacaq. Belə məqamda prezidentləri bir araya gətirmək isə qeyri-mümkündür. Hətta nazirləri belə görüşdürmək qəliz məsələdir”.

İsmayıl