“Qarabağ probleminin həllinə nail olmaq üçün ilk növbədə prosesi Rusiyanın nəzarətindən çıxarmağa çalışmalıyıq”
Keçirdiyi mətbuat konfransında Rusiyanın hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəklədiyini vurğulayan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, bu istiqamətdə konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə həmsədrlər tərəfindən vurğulanıb. Onun sözlərinə görə, bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib.
Hazırda həmsədrlərin prezidentlərin növbəti görüşünün təşkili üzərində işlədiklərini qeyd edən M.Zaxarova bu məsələ bağlı artıq iyul ayında həmsədrlərin Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar apardıqlarını bildirib: "Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyasət prioritetlərimizə aiddir”.
Həmsədrlərin prezidentlərin növbəti görüşünə hazırlıq prosesini dəyərləndirən Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri "Şərq”ə açıqlamasında indiki situasiyada bütün səylərin formal xarakter daşıdığını deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həllinə nail olmaq üçün ilk növbədə prosesi Rusiyanın nəzarətindən çıxarmağa çalışmalıyıq:
" Münaqişəni yaradan əsas qüvvə Rusiyadır və düz 24 ildir prosesi idarə edir. Öz maraqları üçün Dağlıq Qarabağ münaqişəsindən yararlanan Rusiya manipulyasiya edərək həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarını gücləndirir və özünün Cənubi Qafqaz regionundakı geosiyasi maraqlarını genişləndirir. Rusiyanın Dağlıq Qarabağ probleminin həllində maraqlı olmadığı Azərbaycana və bütün beynəlxalq güclərə məlumdur. Moskva rəsmiləri hesab edir ki, Dağlıq Qarabağ problemi həll olunacağı təqdirdə Rusiya Cənubi Qafqaz ölkələrinə təsir imkanlarını itirəcək.
Rusiya Dağlıq Qarabağ probleminin çözümü prosesində yeganə moderator ölkədir. Yəni Dağlıq Qarabağ prosesi bilavasitə Rusiyanın tamamilə nəzarətindədir. Belə olduğu halda da, əgər Dağlıq Qarabağ problemi 24 il müddətində həll olunmursa, bu zaman sual yaranır. Demək ki, Rusiya bu problemi ya həll etmək istəmir, ya da ki, problemi həll etmək Rusiyanın maraqları çərçivəsində deyil. Ona görə ki, Dağlıq Qarabağ problemi qaldıqca Rusiyanın təzyiq, təsir imkanları Azərbaycan və Ermənistan, həmçinin bütövlükdə Cənubi Qafqazın üstündə qalacaq”.
Münaqişə tərəflərindən biri olan Ermənistanın ikili oynadığını qeyd edən N.Mirinin sözlərinə görə, Rusiyadan aldığı maliyyə yardımı və hərbi silah-sursatla öz təhlükəsizliyini təmin edən Ermənistan o biri yandan da NATO-nun tədbirlərində iştirak edib, qərb ölkələri ilə isti münasibətlər qurub, assosiativ müqavilələr imzalamaq niyyəti güdür:
"Azərbaycan isə daha müstəqil siyasət yeridir. Rusiya ilə paralel olaraq qərb dünyası ilə siyasi və iqtisadi əlaqələr qura bilir. Məhz bu səbəbdən də Rusiya əmin deyil ki, Rusiya, Dağlıq Qarabağ problemi həll olunandan sonra bu ölkələri öz əhatə dairəsində saxlayacağından əmin ola bilmir. Dəhşətli məqamlardan biri odur ki, üfüqdə qərb-Rusiya qarşıdurması olmasına rəğmən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ məsələsində eyni mövqedən çıxış edirlər. Bu gün biri-birinə qarşı əks mövqedə dayanan, faktiki olaraq qarşıdurma vəziyyətində olan ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ problemini məhz Azərbaycanın hesabına həll etmək istəyir, hər üç həmsədr Azərbaycandan Qarabağa müstəqillik verilməsini tələb edir. Hesab edirəm ki, hökumət Azərbaycan üçün qurulan bu "tələ”dən mütləq mənada yaxa qurtarmalıdır. Bunun üçün də cəbhə xəttində hadisə yaratmaq və prosesi aktivləşdirmək lazımdır. Azərbaycan isə bu istiqamətdə heç bir fəallıq nümayiş etdirmir. Dünya güclərindən ədalət ummaqla vaxt itirir, ölkəmiz üçün gündə yaradılan hadisələrin arxasınca sürünməli deyil. Əgər bu cür siyasət davam edəcəksə, əmin olun ki, Dağlıq Qarabağ prosesi də 10 illərlə davam edəcək.
Həmsədrlərin təşkil etdiyi bütün görüşlər Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, atəşkəsin qorunmasına hesablanıb, status-kvonun saxlanılmasına xidmət edir”.
Şəymən