“Bu gün Minsk Qrupunun vasitəçiliyinin də heç bir əhəmiyyəti qalmayıb”
ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri Ceyms Uorlik dünən Vyanada olub. Öz "tvitter” səhifəsindəki paylaşımına görə, amerikalı həmsədr Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində baş verən son hadisələr, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yenilənmiş vasitəçilik səyləri haqqında Minsk Qrupu rəhbərliyinə məlumat verəcək.
Zorakılıq və vasitəçilik üzrə yenilənmiş səylər haqqında ATƏT-in Minsk Qrupuna məlumat vermək üçün Vyanaya getdiyini qeyd edən Uorlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini prioritet etməyin vacibliyini vurğulayıb. Sülh və Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyevin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmsədrlərin yeganə narahatlığı atəşkəs rejiminin pozulmasında və cəbhə xəttində vəziyyətin günü- gündən daha da gərginləşməsindədir: "Azərbaycan torpaqlarının işğalı, minlərlə insanın öz-yurd yuvasından didərgin düşməsi, yurdlarının talanması onları zərrə qədər də düşündürmür. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində onların bütün fəaliyyəti atəşkəs rejiminin qorunub saxlanması və danışıqlar prosesinin davam etdirilməsindən ibarətdir”.
Politoloq deyib ki, cəbhədə yaşanan gərginliyin aradan qalxması üçün Minsk Qrupu nümayəndələrinin atacağı elə bir addım yoxdur: "Özlərinin dediyi kimi, həmsədrlərin missiyası vasitəçilikdir. Hərçənd ki, bu gün Minsk Qrupunun vasitəçiliyinin də heç bir əhəmiyyəti qalmayıb. Reallıqda isə, əksinə, onlar vasitəçilik missiyasından kənara çıxan missiya ilə məşğuldurlar. İşğalçı Ermənistana yox, daha çox Azərbaycana təzyiq göstərməyə çalışırlar. Onların yanaşmasına görə, atəşkəsi pozan məhz Azərbaycan tərəfdir”.
Son günlər Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı məsələnin gündəmə gəlməsini isə E.Mehdiyev real hesab etmir. Onun sözlərinə görə, Putinin aprelin 24-də İrəvana edəcəyi səfər zamanı Ermənistanı 7 rayonu qaytarmağa vadar edəcəyi ilə bağlı deyilənlər absurddur: "Bu iddialar kiminsə arzusu və ya mənasız düşüncələrinin məhsuludur. Putin heç də 24 apreldə Ermənistan prezidenti ilə ətraf rayonların Azərbaycana qaytarılması məsələsini müzakirə etməyəcək. Əslində Putinin Ermənistanı buna məcbur edəcəyi ağlasığmaz bir iddiadır. Şəxsən mən heç vaxt belə bir fikirdə ola bilmərəm. Saxta erməni soyqırımının 100 illiyi münasibətilə Ermənistana səfər edən Putin 7 rayonu Ermənistandan alıb, Azərbaycana verəcək? Bu tədbiri keçirməkdə Sarkisyanın məqsədi bilavasitə danışıqlar prosesini uzatmağa xidmət edən bir addımdır. Dünyanı İrəvana yığmaqla Sarkisyan ermənilərin yüz il boyu türklər tərəfindən təcavüzə, qırğına məruz qaldığına, bu gün isə Azərbaycanda genosidə məruz qaldığına inandırmaq istəyir. Ermənilər heç də öz xoşları ilə Qarabağ ətrafındakı 7 rayondan çıxan deyil”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə birmənalı şəkildə vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri heç vaxt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində obyektiv mövqe tutmayıblar. QAT sədrinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri birmənalı şəkildə ermənipərəst mövqedə olublar: "Təbii ki, bu da növbəti dəfə onun təsdiqidir. Ümumiyyətlə onlara inanmağın mənası yoxdur. Hesab edirəm ki, qondarma erməni soyqırımının ildönümü ilə bağlı Rusiya və Fransa prezidentinin Ermənistana gedəcəyi və orada sərgiləyəcəyi mövqe Azərbaycan xalqına, dövlətinə bir təhqirdir. Hətta Fransa prezidentini Bakıda qəbul etmək belə lazım deyil. Çünki bu dövlət açıq şəkildə öz mövqeyini göstərir və Ermənistana şərik çıxır. Belə olan təqdirdə, axı onlardan nə gözləmək olar? Bu mənada hesab edirəm ki, onların "xidmətindən” imtina etməyin vaxtı artıq çatıb”.
Şəymən