Hikmət Babaoğlu: "Girovların taleyi ön plana çəkilməlidir ”




Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) -nin girovlarımız haqqında məlumatlarına inanmaqdan başqa çarəmiz yoxdur. 

Bu barədə Sherg.az-a girovlarımız- Dilqəm Əsgərovun və Şahbaz Quliyevin səhhətlərinin pisləşməsinə münasibət bildirərkən millət vəkili, "Yeni Azərbaycan " qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. 

Onun sözlərinə görə, girovların öz ata-baba yurdunda həbsdə olması onsuz da işgəncədir: 

" Beynəlxalq hüquq normalarında girovlarla bağlı müddəaların, insan hüquqlarının təminatının öz əksini tapmasına baxmayaraq, onların icra mexanizmi özünü doğrultmur. Erməni hərbi xuntası nə beynəlxalq norma və qanunlara, nə də insan hüquqlarına hörmət göstərir. Heç bir insani dəyərlərə məhəl qoymadan girovlarımıza qarşı fiziki, psixoloji işgəncələr törədirlər. Ermənilərin Qarabağ ərazilərində haqqı yoxdur və orada, Qarabağın, Kəlbəcərin öz sakinlərinə qarşı bu cür işgəncələrə yol verə bilməzlər. Azərbaycanın diplomatik institutları, humanitar təşkilatları bu məsələ ilə məşğul olmalı, beynəlxalq arenada problemi ön plana çəkməlidirlər”.

Millət vəkili bildirib ki, hazırda BQXK -nin vasitəçiliyi ilə yazılan məktublara inanmaqdan başqa çarəmiz yoxdur: 

"Çünki girovlarla real komminikasiya imkanı yalnız bu qurum nümayəndələrinin təşkil etdiyi görüşlərdir".

Qeyd edək ki, ata-baba yurdu olan Kəlbəcərdə separatçılar tərəfindən girov götürülən Ş.Quliyevin qardaşı İlham Quliyev və D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov yaxınlarının səhhətinin yaxşı olmadığını bildiriblər.

Aysel Aslan