Hüquqşunas deputata haqq qazandırdı

Əkrəm Həsənov: "Kredit borcu olanlara şəxsiyyət vəsiqəsinin verilməməsi qanunsuzluqdur"
Kredit borcu olan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi qanunsuzluqdur. 
Bunu Sherg.az-a "ASAN Xidmət”də banklara borcu olan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsinə münasibət bildirərkən hüquqşünas Əkrəm Həsənov deyib.
 Ekspert bildirib ki, bu, dövlətin və hansısa qurumun yox, subyektiv məmurların addımıdır: 
"Belə halla bir müddət əvvəl mən də qarşılaşmışam. Banka borcu olan vətəndaş ailə vəziyyəti haqqında məlumatı şəxsiyyət vəsiqəsində qeyd etmək üçün müraciət edib. Lakin ona banklara borcunu ödədikdən sonra müraciət etməsi məsləhət görülüb. Köməyimizlə həmin şəxs Daxili İşlər Nazirliyinə məktub yazıb, şikayətini bildirdi. Bir müddət sonra nazirlik orqanları vətəndaşı dəvət edərək, problemini həll etdi. Bəllidir ki, nazirlik də bu halın qanunsuz olduğunu etiraf edir.
Ə. Həsənov əlavə edib ki, şikayətlərin artacağı təqdirdə ciddi tədbirlərin görülməsi zəruri ola bilər: 
"Vətəndaşın bu barədə problemi yaranarsa, qısa müddət ərzində həll etmək üçün 102 qaynar xəttinə zəng etməsi kifayətdir. Bu xəttə daxil olan şikayətlərə baxılır”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa banklara borcu olan şəxslərə şəxsiyyət vəsiqəsinin verilməməsi məsələsini gündəmə gətirib.
Aysel Aslan