İlham İsmayıl: "Dağlıq Qarabağa uzağı 10-15 PKK-çı gələ bilər"





"PKK sürətlə İrandan, Rusiyadan və Türkiyədən işğal edilmiş Dağlıq Qarabağa köçür, burada
yeni binalar inşa edirlər”. 
Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Ər deyib:

"Bu, Azərbaycan üçün təhlükəli məsələdir, gec olmadan tədbir görülməlidir. Yoxsa rəsmi Bakı
bu problemin altından çıxa bilməyəcək”. T.Ər bildirib ki, dünyada PKK-dan ancaq Türkiyəni və
türkləri təhdid etmək məqsədi ilə istifadə edirlər: "Artıq bu, o qədər də asan olmayacaq. Çünki
PKK bir terror təşkilatı kimi məhv ediləcək”. 

Məsələ ilə bağlı "Şərq”ə danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə PKK-lıların işğal altındakı torpaqlarımıza kütləvi axın etməsinin həqiqəti əks etdirmədiyini deyib. 

Onun sözlərinə görə, PKK-nın hədəfi bizim torpaqlar olsaydı, o zaman işğalçı rejimlə danışıqlar apararaq birdəfəlik Dağlıq Qarabağa köçərdilər: 

"PKK-nın əsas hədəfi Türkiyədir, onlar Türkiyə ərazisində muxtariyyət, yaxud müstəqil dövlət qurmaq istəyirlər. Bu məqsədlə də kütləvi terror aktları törədirlər. PKK-çılar kütləvi şəkildə Qarabağa gəlsələr, təşkilat bununla öz əl-qolunu bağlamış olar. Axı Qarabağda nə edəcəklər? OnlaraQarabağ lazım deyil. O boyda yolu qət edib işğal altındakı torpaqlara gəlmək terrorçular üçün
qətiyyən əlverişli deyil. Onu da vurğulamaq lazımdır ki, PKK terrorçuları Türkiyədən çıxmaq,
qaçmaq niyyətində deyil. Uzağı, 10-15 nəfər terrorçu Qarabağa gələ bilər. PKK-nın Türkiyə
ərazisində təlim keçmək üçün geniş kampları, məkanları var və orada özlərini çox rahat hiss
edirlər”. Ekspertə görə, Ermənistan PKK-nı işğal altındakı ərazilərimizdə yerləşdirmək, onları
yedirdib-içirtmək və Azərbaycana qarşı döyüşdürmək iqtidarında deyil: "Bu məsələ nə düşmən
ölkəyə, nə də PKK-ya sərf edir. Artıq ABŞ başda olmaqla bütün ölkələr PKK-nı terrorçu təşkilat
kimi tanıyırlar. Əgər ermənilər terrorçulara Qarabağda geniş yer versələr, özlərinə qarşı ən
böyük kompromat hazırlamış olarlar”.

İsmayıl