
İnternet mediada Qarabağa diqqət azalıb
“Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyi 4 saytın 3 aydakı fəaliyyətinin monitorinqini aparıb
"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata
keçirdiyi "İnternet media resurslarında Qarabağ mövzusunun stimullaşdırılması” layihəsinə
yekun vurub. Bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən "dəyirmi masa”da
layihə çərçivəsində aparılan monitorinqin nəticələri açıqlanıb. Eyni zamanda, Qarabağ
mövzusunda internet mediada yazılan yazıların üç aylıq monitorinqinin nəticələri ilə bağlı
yekun hesabata toxunulub. Nəticələrin sevindirici olmadığını diqqətə çatdıran Birlik sədri Asəf
Quliyevin sözlərinə görə, monitorinq olunan saytların seçilməsində əsas meyar ziyarətçi
çoxluğu, müstəqil media orqanı olması və mövzuya həssaslıqdır. Birlik bu meyarlarla 4 sayt
seçib və 3 ay ərzində monitorinq həyata keçirib.
Birlik sədri 3 ay ərzində 4 saytda 33268 material emal olunduğunu qeyd edib.
Qarabağ mövzusunda 4 saytda 1202 material müşahidə olunduğunu vurğulayan A.Quliyevin
sözlərinə görə, bu da ümumi emal olunan materialların 3.6 faizi qədər olub: "Bütün monitorinq
boyu bu mövzuda materiallar az olub. Lakin avqust ayı ərzində bu mənfi tendensiya bir qədər də
artıb və ümumi materialların sayının artmasına baxmayaraq Qarabağ mövzusunda materialların
sayı azalıb. Materialların cəmi 2.1 faizi Qarabağ mövzusuna toxunub”.

Monitorinq olunan saytların əsasən rəsmi informasiya mənbələrinə istinad etdiyini deyən Birlik
sədrinin sözlərinə görə, bununla yanaşı istinad olunan mənbələr arasında xarici media orqanları
da olub: "Monitorinq zamanı erməni mənbələrinə istinadların az olmaması diqqəti cəlb edib.
Monitorinq müddətində 105 material erməni mediasına istinadən hazırlanıb. Emal zamanı bəlli
olub ki, monitorinq olunan saytlardan erməni mənbələrinə ən çox istinad edən modern.az
saytıdır.
Monitorinq müddətində az sayda da olsa anonim mənbələrdən alınan informasiyalar müşahidə
olunub. Digər hallarda isə həm jurnalistlər, həm də ekspertlər mənbə rolunu oynayıb”.
"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyinin sədrinin sözlərinə görə,
emal olunan materiallarda əsasən Qarabağ münaqişəsinin həlli üçün diplomatik cəhdlərdən bəhs
edən yazılar olub:
"Bu da iyun və iyul aylarında aprel döyüşlərindən sonra aparılan intensiv
danışıqların məhz iyun və iyul aylarına təsadüf etməsi ilə izah oluna bilər. İkinci yerdə cəbhə
xəttində yaşananları ehtiva edən materiallar olub. İyun və iyul aylarında hiss olunan bu
tendensiya avqust ayında dəyişib. Avqustda birinci yerdə cəbhə xətti, ikinci yerdə diplomatik
cəhdlər olub. Müharibə tarixi və hərbi quruculuq barədə yazılan materiallar azlıq təşkil edib.
Avqust ayında hərbi quruculuqla bağlı material ümumiyyətlə olmayıb”.
Üç aylıq monitorinqin nəticələri ilə bağlı yekun hesabata görə, ümumilikdə isə müharibə tarixi
ilə bağlı Qafqazinfo.az saytında 5, Lent.az saytında 10, Axar.az saytında 5, Modern.az saytında
12 olmaqla cəmi 32 material dərc olunub:
"Hərbi quruculuqla bağlı 4 saytda cəmi 38, diplomatik cəhdlərlə bağlı cəmi 503, cəbhə xəttində baş verənlərlə bağlı isə cəmi 458 material dərc olunub.
3 ay müddətində ölkənin 4 aparıcı internet mediasında Qarabağ mövzusu ilə bağlı yuxarıda qeyd
olunan qədər material dərc olunduğunu vurğulayan A.Quliyev bu statistikanın həddindən artıq
aşağı göstərici olduğunu deyib. Həmçinin də monitorinq müddətində hazırlanan materialların
əksəriyyətinin təkrar dərc olunan xəbərlərdən ibarət olduğunu qeyd edib. Onun sözlərinə görə,
iyun ayında 4 saytda cəmi 31, iyulda 9, avqustda isə 16 eksklüziv material olub. Qalan
materiallar təkrar dərc olub: "O cümlədən də mövzuya aid hazırlanan materialların böyük
hissəsində alternativ mənbələrdən informasiya alınması müşahidə olunmayıb. Yalnız iyun ayında
Qafqazinfo.az saytında 1, Axar.az saytında 4, Modern.az saytında 4 materialın hazırlanmasında
alternativ mənbələrdən informasiya alınması müşahidə olunub. Digər aylarda alternativ
mənbələrə müraciət olunmayıb”.
Monitorinq dövründə qeydə alınan mənfi və müsbət tendensiyalara toxunan Birlik sədrinin
sözlərinə görə, monitorinq dövründə əsasən Qarabağ münaqişəsi ilə bağlı aparılan intensivdanışıqlar və cəbhə xəttində baş verənlər medianın diqqətində olub. Cəbhə xəbərləri əsasən rəsmi informasiyalara əsaslanaraq hazırlanıb və sosial şəbəkələrdən Qarabağ mövzusunda informasiyaların rəsmi saytlara yol tapması çox az hallarda müşahidə edilib:
"Mənfi tendensiya isə erməni mənbələrinə heç bir aydınlaşdırma olmadan istinad probleminin müşahidə olunmasıdır. Digər xoşagəlməz hal isə müharibə tarixi ilə bağlı materialların çox az olması,
alternativ mənbələrdən istifadə hallarının olmamasıdır. Bəzi hallarda rəsmi qaynaqlar
informasiyanı gecikdirdiyi üçün, Azərbaycan KİV-ləri erməni mənbələrinə müraciət etməli olur.
Aprel döyüşləri zamanı rastlaşdığım mənfi hallardan birini xüsusi ilə qeyd etmək istəyirəm ki, bu
cür hallar jurnalistikanın peşə etikasına ziddir. Çox təəssüflər olsun ki, bizim media orqanları
cəbhə bölgəsinə gedən erməni top modelini snayper kimi təqdim eləmişdi. Ermənilər də bu
xəbərdən istifadə eləyib, əks təbliğata keçdilər ki, azərbaycanlılar bizim modellərimizdən də
qorxurlar. Hesab edirəm ki, jurnalistlərimiz bu cür xəbərləri yaymaqdan əvvəl ətraflı araşdırma
aparmalıdırlar. Əks halda biz ermənilərin lağ obyektinə çevrilirik. Hətta bəzən Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı verilən informasiyalarda belə əleyhimizə işləyən məqamlara rast gəlinir.
Qarabağ müharibəsi dövründə bir dəfə belə bir informasiya verildi ki, Ağdamda Vəzirovun
villasını vurublar. Sonradan həmin yerin tarixi Şahbulaq qalası olması üzə çıxdı. Belə tipli
informasiyalardan ermənilər istifadə edərək Dağlıq Qarabağın Azərbaycan torpaqları olmadığını
isbatlamağa çalışırlar”.
A.Quliyevin sözlərinə görə, "İnternet media resurslarında Qarabağ mövzusunun
stimullaşdırılması” layihəsi çərçivəsində Qarabağ mövzusunda internet mediada yazılan yazılarla bağlı keçirilən monitorinqin yeganə müsbət cəhəti əvvəlki monitorinqlərdən fərqli olaraq Qarabağ mövzusunda verilən informasiyalarda sosial şəbəkələrə istinadın azalmasıdır.
A.Quliyev monitorinqin metodologiyası və aparılan araşdırmaların hansı parametrlərə görə
olduğunu diqqətə çatdırdıqdan sonra əldə olunan nəticələrlə bağlı Mətbuat Şurasına və digər
əlaqədar qurumlara məlumat veriləcəyini bildirib.
"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyinin "İnternet media
resurslarında Qarabağ mövzusunun stimullaşdırılması” layihəsinə bu cür ürəkdən və dərindən
yanaşmasının təqdirəlayiq hal olduğunu vurğulayan "Pillələr” qəzetinin baş redaktoru Şöhrət
Abbasın sözlərinə görə, əksər QHT-lər mövzulara başdansovu yanaşdıqları üçün bir sıra
məsələlər aktual problem olaraq qalır:
"Mənə elə gəlir ki, Azərbaycanın kütləvi informasiya vasitələrində Qarabağ mövzusu getdikcə unudulur. Bu problem təkcə internet mediada yox, eyni zamanda televiziya və radiolarımızda da özünü daha qabarıq formada büruzə verir. Bizim ən böyük bəlamız hələ də Dağlıq Qarabağ problemi ilə bağlı ortalığa doğru-düzgün təbliğat konsepsiyasının qoyulmaması ilə bağlıdır. Məhz bu çatışmazlıq pərakəndəliyə gətirib çıxarır.
Televiziyalarımızda günün 24 saatı bayağı şou-proqramlar, mətbəx verilişləri yayımlanır.
İnandırım sizi ki, hansısa jurnalist Qarabağ mövzusuna həsr olunmuş bir layihə ilə
televiziyalarımızın qapısını döysə, heç bir kanal rəhbərliyi onu qəbul etməyəcək”.
Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, konfliktoloq Əvəz Həsənov da internet media
resurslarının Dağlıq Qarabağ mövzusuna daha az diqqət ayırdığını hesab edir. Dağlıq Qarabağ
mövzusu ilə bağlı jurnalistlərin yaradıcılıq potensialının aşağı olduğunu vurğulayan
konfliktoloqun sözlərinə görə, Qarabağla bağlı "ququlda” axtarış verəndə bir yazının 30 saytda
nüsxəsinə rast gəlinir: "Bunun Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan dövlətinin ictimaisiyasi maraqlarına, yaxud da sayt rəhbərliyinin özünə nə xeyri var ki?” Mövzu seçimi
baxımından internet mediada mövzu qıtlığı müşahidə olunur. Xüsusən də, 2014-cü ilin avqust
hadisələri zamanı biz bunun şahidi olduq. Prezident Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevin məlum müşavirəsinə qədər bizim internet resursları heç bir araşdırma aparmadan,
ekspert rəyi öyrənmədən erməni mətbuatında dərc olunan fikirləri yayırdılar”.
"Azeri Defence” jurnalının əməkdaşı, ehtiyatda olan polkovnik-leytenant Abuzər Əbilov isə
jurnalist məsuliyyətinin artıq arxa plana keçdiyini deyib:
"Bu gün internet resurslarında çalışan insanların hamısı jurnalist olmaq istəyir, amma təəssüf ki, jurnalist ola bilənlərin sayı çox azdır.
Tənbəllikdəndirmi, biganəlikdəndirmi deyə bilmərəm, ancaq jurnalistlərimiz arasında Qarabağ
mövzusuna həssas yanaşanların sayı barmaqla sayılacaq qədər azdır. Bəzi saytlarda xəbər gedirki, Ağdərənin filan kəndindən Tərtərin filan kəndinə qumbaraatanlardan atəş açılıb. Hansı ki,
həmin kəndlər arasındakı hava məsafəsi 8 kilometrdir. Qumbaraatanlar isə 800 metrdən o tərəfə
keçmir. Yaxşı, deyək ki, bu xəbəri yazan jurnalist gənc və təcrübəsizdir. Bəs, saytın redaktoru
hara baxır?”
Jurnalist Bəxtiyar Məmmədli isə jurnalistlərin ünvanına səslənən ittihamların əsassız olduğunu
deyib: "Jurnalist fəaliyyətim müddətində dəfələrlə hərbiyə aid hansısa bir xoşagəlməz xəbər
olanda redaktorlarıma həmin xəbəri saytda yerləşdirməyin düzgün olmadığını desəm də, buna
əməl etməyiblər. Belə olan halda niyə jurnalist ittiham edilməlidir ki?”
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə hazırlanıb