Müşfiq Ələsgərli: “Cəzaların tətbiq olunması təbiidir”
İnternet medianın vəziyyəti qəlizdir
Aydın Quliyev: “Elə bir zərurət yaranıb ki, belə sayt və qəzetlərlə mütləq hüquq-mühafizə orqanlarının özləri məşğul olmalıdır”
Müşfiq Ələsgərli: “Cəzaların tətbiq olunması təbiidir”
Müşfiq Ələsgərli: “Cəzaların tətbiq olunması təbiidir”
Heç kimə sirr deyil ki, dövlət başçısı İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, ölkəmizdə söz, məlumat azadlığı və jurnalistlərin sərbəst fəaliyyəti tam təmin edilib. Hər bir media nümayəndəsinin müstəqil şəkildə informasiya əldə etmək, yaymaq hüququ var və onlar bu imkanlarından yetərincə yararlanırlar.
Lakin son zamanlar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad olunmasından sonra bəzi "media quruluşları” məsələ ətrafında şou düzəltməyə başlayıblar. Heç bir fakta və rəsmi məlumata söykənmədən, fərziyyələrinə güc verərək cəmiyyətə sensasiya doğuran və çaşqınlıq yaradan dezinformasiyalar ötürürlər. Məsələn, sabiq MTN nazirinin işdən kənarlaşdırılması və bu qurumdakı generalların saxlanılmasının səbəblərinə dair heç bir rəsmi xəbər olmadan bəzi reket sayt və qəzetlər həmin hadisələrin səbəblərinə dair həqiqəti əks etdirməyən "təhlillər” yazdılar ki, bu da birbaşa dövlət maraqlarının əleyhinə işlədi. Ona görə ki, ehtimallar əsasında verilən informasiyalar ictimaiyyətdə hakimiyyətin fəaliyyətinə dair mənfi rəy yaratmaq xarakteri daşıyırdı. Bəzən isə belə yanlış məlumatlarla məmurları şantaj edib, onlardan "haqq” alırlar. Bir sözlə, "reket” jurnalistlərin məqsədi yaranmış fürsətdən istifadə edərək, müəyyən oxucu aiuditoriyası qazanıb, reytinqini artırmaq və öz korporativ maraqlarını təmin etməkdən ibarətdir. Əlbəttə, bu işlər heç bir jurnalist etikasına sığmır. Hər bir jurnalist və ya Azərbaycan vətəndaşı dövlətçilik maraqlarını öz maddi maraqlarından üstün tutmalıdır. Çünki cəmiyyətə yalan xəbərlər ötürüb, bununla qarşı tərəfin hüquqlarını pozmaq doğru addım deyil. Məhz ona görə də bu günlərdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu cür "media orqanlarına” xəbərdarlıq etdi. Bundan sonra Mətbuat Şurası (MŞ) buna dair genişmiqyaslı tədbir keçirdi. Bundan başqa, ötən günlərdə Baş Prokurorluq bir sıra kütləvi informasiya vasitələrinin rəhbərlərinə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində "Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozulub. Belə ki, müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanıb. Göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), "Cumhuriyyət”, "Qaynarinfo”, "Gündəminfo”, "Criminal.az”, "Strateq.az”, "İstiqlal.az”, Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər kütləvi informasiya vasitələrinin rəhbərləri Baş Prokurorluğa dəvət edilib. Qeyd edək ki, "Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. Şübhəsiz ki, media ekspertləri də son vaxtlar xoşagəlməz halların xeyli artdığını, artıq belə vəziyyətin qanunların sərtləşməsini tələb etdiyini düşünürlər.
"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev "Şərq”ə söyləyib ki, "reket” jurnalistikaya qarşı başladılan işlər tarixi əhəmiyyətli bir prosesin başlanğıcıdır: "Əvvəlcə PA rəsmisi Əli Həsənov məsələyə çox sərt şəkildə reaksiya verdi və o, əslində hökumətin və cəmiyyətin mövqeyini ortaya qoydu. Yalan məlumatlarla cəmiyyəti çaşdıran, hakimiyyət komandasında müəyyən çaş-başlıq yaradan, cəmiyyətdə hakimiyyətin fəaliyyətinə inamsızlıq aşılayan media quruluşları ilə bağlı çox sərt addımların atılmasının vaxtı çatıb. Əslində gözlənilən proseslərdir və bu işlər davam etməkdədir”.
Bu məsələnin MŞ-də dəfələrlə müzakirə edildiyini söyləyən baş yazar diqqətə çatdırıb ki, "reket” sayt və qəzetlərin siyahısını hazırlayıb, onu dövlət təşkilatlarına və biznes şirkətlərinə göndəriblər: "Onlara bəyan etdik ki, bu cür media orqanları ilə münasibətlərdə diqqətli olsunlar və onların yazdıqlarına ciddi yanaşmasınlar. Lakin MŞ-nin səlahiyyətlərinin bu istiqamətdə məhdud olması, daha ciddi tədbirlər görməyimizə mane olurdu. Düşünürəm ki, bu gün PA-nın məsələyə bu cür reaksiya verməsi, ardınca Baş Prokurorluğun o cür taktika ilə işləyən media rəhbərlərini ilkin danışıqlar üçün dəvət etməsi ölkədə medianın inkişaf tarixində yeni bir mərhələnin başlanğıcıdır. İndiyə qədər ancaq maarifçilik tədbirləri ilə məşğul olduq. Öyüd-nəsihətlər verdik. Onları bu yoldan çəkindirməyə çalışdıq. Amma təəssüf ki, onlar bununla hesablaşmadılar. İndi də elə bir zərurət yaranıb ki, belə sayt və qəzetlərlə mütləq hüquq-mühafizə orqanlarının özləri məşğul olmalıdır”.
A.Quliyevin sözlərinə görə, media orqanları bütün hallarda dövlətçilik prinspilərinin müdafiəsi mövqeyində dayanmalıdırlar: "Dövlətçilik məsələsində bütün media quruluşları dövlətin yanında olmalıdır. Amma təəssüf ki, bəzi hallarda sözügedən media quruluşları özlərinin korporativ maraqları naminə bəzən dövlət maraqlarının üstündən keçirlər. Bu, təbii ki, yaxşı hal deyil. Ə.Həsənovun çıxışından sonra MŞ-nin buna dair başlatdığı tədbiri və bunun ardınca prokurorluğun müəyyən addımlar atmasını mediamızın mənafeyi üçün faydalı bir prosesin elementləri sayıram”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də qeyd edib ki, yalan informasiya yayan media qurumlarının cəzalandırılması məsələsi kifayət qədər aktual mövzudur: "KİV-də yanlış informasiyaların yayılması hər zaman ciddi müzakirə obyekti olub. Son illərdə isə bu problemin həcmi bir qədər də genişlənib. Mövzunun aktuallığını nəzərə alan Mətbuat Şurası məsələ ətrafında monitorinq aparıb. Apardığımız təhlillər məsələnin bir neçə səbəbinin olduğunu üzə çıxarıb. Təbii ki, bu xoşagəlməz halın müxtəlif səbəbləri var. Amma onları əsasən üç istiqamətdə təsnif etmək olar. Birinci səbəb qeyri-peşəkarlıqla bağlıdır. Jurnalistikanın vacib prinsiplərindən biri əldə olunan informasiyanın doğruluğunu, həqiqiliyini yoxlayıb daha sonra yaymaqdan ibarətdir. Təəssüf ki, bu gün ölkəmizdə qeyri-peşəkar media qurumları və jurnalistlər var. Onlar jurnalistikanın bu mühüm prinsipini nəzərə almırlar. İnformasiyanı dəqiqləşdirmədən, onun obyektivliyini yoxlamadan, qarşı tərəfin fikrini öyrənmədən, bir sözlə, heç bir prinsipə riayət etmədən yalan xəbər yaymış olurlar. İkinci qrupa isə yüksək İP toplamaq, oxucu auditoriyasını genişləndirmək istəyən qurumlar aiddir. Onlar ictimai rəyi aldadıb manipulyasiya yolu ilə yazının oxu sayını artırmaq istəyənlərdir. Vaxtilə ənənəvi mediada da bu hal mövcud olub. Amma belə ənənə çap mediasında o qədər də geniş yayılmamışdı. Hazırda bu hal internet mediasında baş alıb gedir”.
M.Ələsgərli hesab edir ki, İP toplamaq həvəsi peşəkarlığı geri atmamalıdır: "Sayta daha çox şəxsin girişini təmin etmək üçün sensasiya xarakterli yazılar yaymaqda maraqlıdırlar. Onların əsas niyyəti bu yolla öz reklam gəlirlərini artırmaqdır. Təəssüf ki, bu da qeyri-peşəkarlıqdan irəli gəlir. Auditoriyanı genişləndirmək üçün bilərəkdən yalan informasiya yaymağa yol vermək olmaz. Təsnif etdiyimiz üçüncü qrupa isə peşəkar, amma qərəzli, ambisioz maraqları olan media qurumları daxildir. Onlar əsasən Azərbaycana düşmən olan, ölkəmizdə sabitliyin hökm sürməsini istəməyən, cəmiyyəti hər zaman ajiotaj altında, narahatlıq içində saxlamağa çalışan şəxslərdir. Həmçinin əhalidə hökumət qurumlarına qarşı etimadsızlıq yaratmaq istəyirlər. Onların fəaliyyəti daha çox internet üzərində qurulur. Bir məqamı xatırladım. 2014-cü ilin avqust ayında cəbhə bölgəsində gərginlik yaranmışdı. Yalan məlumatlar yayanların cəzalandırılması məsələsi həmin vaxtlardan gündəmə gəlib. Çünki onda məlum oldu ki, qərəzli media nümayəndələri var. Araşdırılanda isə aydın oldu ki, onların domen qeydiyyatı xaricdədir və məsuliyyətə cəlb olunmaları praktik olaraq qeyri-mümkündür. Üstəgəl, qeydiyyatdan da anonim adlarla keçirlər. Neqativ məqamlar bununla bitmir. Sosial media aktivistləri də Azərbaycana qarşı qərəzli şəkildə yalan məlumatlar yayırlar. Azərbaycanda sabitliyin olmasını istəmirlər. Ona görə də cənab Əli Həsənovun fikirlərini dəstəkləyirik. Düşünürəm ki, bu addım çoxdan atılmalı idi. 2014-cü ildə Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin jurnalistlərlə görüşü oldu. Onda yalan məlumat yayanlara humanist yanaşıldı və sadəcə şifahi xəbərdarlıq edildi. Tapşırıldı ki, daha belə hallara yol verməsinlər”.
Ekspertin qənaətincə, xəbər istehsalçıları deyərkən yalnız jurnalistlər nəzərdə tutulmur: "Hazırda xəbər istehsalçıları yalnız jurnalistlər deyil. Həmçinin vətəndaş jurnalistikası amili, sosial şəbəkə aktivistləri var. Doğru və ya yalan olmasından asılı olmayaraq, faktiki, ölkənin əksər hissəsinə informasiya yayırlar. Buna görə də cənab Əli Həsənovun bu çıxışı tam yerinə düşdü. Cəzaların tətbiq olunması təbiidir. Xəbərdarlıqlar olunur, qanunlarda təkmilləşdirmələr aparılır, amma yenə də dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən, qeyri-obyektiv xəbərlərlə üz-üzə qalırıq. Təəssüf ki, çox zaman həmin informasiyalar düşünülmüş şəkildə, qərəzli formada yayılır. Onlara qarşı tədbirlərin görülməsi aktual məsələdir. Son zamanlar MTN ətrafında gedən söhbətlər də göstərdi ki, bu mövzu diqqətə alınmalıdır. Kiminsə səhvi varsa, dövlət, hüquq-mühafizə orqanları bu yöndə lazımi işləri görür. Bu informasiyaları yaymaq KİV-in borcudur. Amma onlar özlərindən xəbər istehsal edə bilməzlər. Təəssüf ki, digər nazirlərin də həbs olunacağı ilə bağlı əvvəlcədən reallığa söykənməyən informasiyalar yayılır. İstintaqa cəlb olunmuş şəxslər haqqında da yalan məlumatlar verilir. Bu, KİV-ə yaraşmır. Bəlkə də o insan heç bir səhv etməyib. Ola bilsin ki, istintaq müddətində öz təqsirsizliyini sübuta yetirəcək və azadlığa çıxacaq. Yəni insanın istintaqa cəlb olunması onun mütləq şəkildə cinayətkar olması və həbs olunacağı demək deyil. Amma KİV elə bir vəziyyət yaradır ki, həmin şəxs təqsirsizliyini sübuta yetirsə belə, cəmiyyət arasında öz nüfuzunu itirmiş ola bilər. Görünən odur ki, vəziyyət əndazəni aşıb. Ona görə də bu tədbirlər görülməlidir. Əli Həsənovun xəbərdarlığı yəqin ki, sonuncu olacaq”.
(davamı var)
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb