Pişiklərin demək olar ki, həmişə yıxılarkən pəncələri üzərinə düşmək qabiliyyəti uzun müddətdir alimlərin diqqətini cəlb edir. Bu hadisə ilk dəfə hələ XIX əsrdə ətraflı öyrənilsə də, yeni tədqiqatlar göstərir ki, bu “fəndin” mexanizmləri hələ də tam açıqlanmayıb. Yapon alimləri müəyyən ediblər ki, burada pişiyin onurğa sütununun müxtəlif hissələrinin fərqli elastikliyi mühüm rol oynayır.
Sherg.az Azərtac-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri “The Anatomical Record” jurnalında dərc olunub.
“Pişiyin düşməsi” fenomeni elmə yüz ildən çoxdur məlumdur. 1894-cü ildə fransız fizioloq Etyen-Jül Marey ilk dəfə yüksək sürətli kamera ilə pişiyin havada necə çevrildiyini çəkib. Fotoşəkillərdə heyvanın fırlanmadan yıxılmağa başladığı, lakin havada çevrilərək pəncələri üzərinə endiyi görünür. Bu hal uzun müddət impuls anının qorunması qanununa zidd kimi görünürdü.
Sonralar fiziklər göstəriblər ki, pişik, bədəninin müxtəlif hissələrini bir-birinə nisbətən fırladaraq havada istiqamətini dəyişə bilir. Lakin bunu etməyə imkan verən anatomik xüsusiyyətlər daha az öyrənilmişdi.
Yamaquçi Universitetindən fizioloq Yasuo Hiquraşinin rəhbərlik etdiyi tədqiqat qrupu məhz pişiklərin onurğa sütununun quruluşunu araşdırmağa qərar verib. Bunun üçün alimlər beş heyvanın onurğa sütununu, fəqərələrarası diskləri və bağları qoruyaraq tədqiq ediblər.
Onurğa sütunu iki hissəyə — döş və bel nahiyələrinə bölünüb və onların burulma qabiliyyəti, sərtliyi və hərəkət diapazonu ölçülüb. Məlum olub ki, döş nahiyəsi xeyli daha elastikdir, belə ki, onun fırlanma diapazonu təxminən üç dəfə böyükdür, sərtliyi isə bel nahiyəsinə nisbətən xeyli azdır.
Bundan əlavə, onurğanın döş hissəsində “neytral zona” adlanan sahə mövcuddur ki, bu sahədə onurğa demək olar ki, heç bir güc tətbiq etmədən fırlana bilir. Bel nahiyəsində isə bu cür zona demək olar ki, yoxdur.
Bu xüsusiyyətin yıxılmağa necə təsir etdiyini yoxlamaq üçün tədqiqatçılar iki canlı pişiyin yıxılmasını yüksək sürətli kamera ilə qeydə alıblar. Heyvanlar səkkiz dəfə təxminən bir metr hündürlükdən yumşaq səthə ehtiyatla buraxılıb.
Təhlil göstərib ki, pişik bir hərəkətlə çevrilmir. Əvvəlcə bədənin ön hissəsi dönür, bir qədər gecikmə ilə isə arxa hissə hərəkət edir. Bu gecikmə təxminən 70–90 millisaniyə təşkil edib.
Alimlərin sözlərinə görə, bunun səbəbi bədənin ön hissəsinin daha yüngül olması və onurğa sütununun daha elastik döş nahiyəsi ilə əlaqəli olmasıdır. Daha ağır və sərt olan arxa hissə isə onun ardınca hərəkət edir.
Tədqiqatçılar hesab edirlər ki, onurğanın bu xüsusiyyəti pişiklərə təkcə havada çevrilməyə deyil, həm də digər mürəkkəb hərəkətləri yerinə yetirməyə — məsələn, qaçarkən və ya tullanarkən istiqaməti qəfil dəyişməyə kömək edir.
Məqalənin müəllifləri qeyd edirlər ki, yekun nəticələr çıxarmaq üçün əlavə tədqiqatlara ehtiyac var. Bununla belə, əldə olunan nəticələr onurğa anatomiyasının məməlilərin çevikliyinə və hərəkətlərinə necə təsir etdiyini daha yaxşı anlamağa kömək edir.