İran nə yaxşı türk fraksiyasına icazə verdi?

Tənzilə Rüstəmxanlı: “Məsələnin bu tərəfi beynimdə sual işarəsi yaradır”Tahir Kərimli: “Düşünürəm ki, İran hökuməti artıq buna zərurət olduğunu dərk edib”
Xəbər verdiyimiz kimi, İran Parlamentində türk deputatlardan ibarət fraksiya rəsmən fəaliyyətə başlayıb. Fraksiyanın sözçüsü Zəhra Sainin məlumatına görə, türklərin yaşadığı bölgələri təmsil edən fraksiya parlamentin 100 deputatının iştirakı ilə təsis olunub. Bunlardan 25 nəfəri mərkəzi şuranın üzvləridir.
İranda türk fraksiyasının yaradılması ilə bağlı "Şərq”ə danışan "Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bunun təqdirəlayiq olduğunu desə də, fraksiya ilə bağlı narahatlığını dilə gətirib: "İnşallah, bu fraksiyanı yaradanlar, dedikləri kimi, İranda yaşayan 35 milyon soydaşımızın problemlərini gündəmə gətirəcək. Azərbaycanlıların uzun illərdir yığılıb qalmış problemlərini, ana dilində kitabların nəşr olunmamasını, milli məktəblərin açılmamasını İran parlamentində səsləndirməyə nail olacaqlar. Əgər iddia etdikləri kimi səmimidirlərsə, o zaman bunları etməlidirlər. Narahatlığıma əsas səbəb odur ki, illərdir soydaşlarımıza belə bir imkan tanımayan rejim birdən-birə niyə türk fraksiyasının yaradılmasına icazə verdi, bu haqqı bizə tanıdı?! Rejim türk sözünün hallanmasından narahat olurdu. Sözün açığı, məsələnin bu tərəfi beynimdə sual işarəsi yaradır. Amma bütün hallarda belə bir fraksiyanın yaradılması mühüm addımdır. Onların hansı işi görəcəyini zaman göstərəcək. Ümid edirik, ən azından İran ermənilərinə verilən mədəni haqlar soydaşlarımıza da veriləcək”. Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli isə "Şərq”ə deyib ki, İran parlamentində yaradılan türk fraksiyası hədsiz əhəmiyyətə malikdir: "Əvvəla bu addım İran konstitusiyasının 17-ci maddəsinə tamamilə uyğundur. Həmin maddədə ölkədə yaşayan digər millətlərin məclisdə təmsilçilik haqqının olduğu öz əksini tapıb. Eşitdiyimə görə, türk fraksiyasına İrandakı milli azlıqlardan olan aysorlardan da bir nəfər daxil olub. Fikrimcə, burada əsas məqam azərbaycanlı deputatlardan ibarət qrupun "türk fraksiyası” adlandırılmasıdır. İranda soydaşlarımızı milli kimliklərindən uzaq tutmaq məqsədi ilə rəsmi olaraq azərilər deyə təqdim edirlər. Ona görə də parlamentdə dövlət səviyyəsində türk adının işlədilməsinin özü böyük əhəmiyyətə malikdir. Düşünürəm ki, İran hökuməti artıq buna zərurət olduğunu dərk edib. Fraksiya soydaşlarımızın mədəni dəyərlərinin və adət-ənənələrinin inkişafı üçün mühüm addım olacaq. Nəzərə almaq lazımdır ki, əvvəllər fraksiya söhbətinin gündəmə gətirilməsi belə rejimi narahat edirdi. Görünür, artıq İranın ali rəhbəri və prezidenti məsələyə razılıq verib”.
İsmayıl