İranla viza rejiminin ləğvi Azərbaycana nə vəd edir? -ekspert rəyi




"İranla Azərbaycan arasında viza rejiminin ləğv olunması məsələsi çoxdandır ki, gündəmdə saxlanılan və bununla yanaşı intensiv şəkildə müzakirə edilən məsələdir".

Bunu Sherg.az-a İran rəsmisinin "İran və Azərbaycan arasında viza rejiminin ləğvi prosesi mərhələli şəkildə irəli aparılır” firkilərini dəyərləndirərkən ekspert Azər Allahverən söyləyib.

Onun sözlərinə görə, zaman-zaman biz bu məsələ ətrafında aparılan müzakirələr və hətta hansısa nailiyyətlərin əldə olunması ilə bağlı verilən bəyanatlar barədə eşidirik: 

"Müzakirələr həm rəsmi müstəvidə, həm də müəyyən ekspert dairələri müstəvisində aparılır. Lakin məsələ ilə bağlı müzakirə aparan tərəflər ayrı-ayrı elementlərlə bağlı razılığa gəlsələr də, onunla bağlı ciddi irəliləyişə nail olmayıblar. Vəziyyətin belə şəkil almasının obyektiv və subyektiv səbəbləri mövcuddur. İran və Azərbaycan bu məsələ ilə bağlı fərqli mövqe ortaya qoyublar. Bu səbəbdən hər tərəfin öz arqumentləri və gözləntiləri var".

A.Allahverənov diqqətə çatdırıb ki, vizasız rejimin tətbiq olunması miqrasiya proseslərinə intensiv şəkil almasına səbəb olacaq bir hadisədir: 

" Iqtisadi və mədəni cəhətdən bunun müəyyən üstünlükləri var. Amma viza rejiminin aradan qaldırılması həm də siyasi bir qərardır ki, siyasi müstəvidə bunu şərtləndirən amillər olmalıdır. Müharibə vəziyyətində olan Azərbaycan üçün bu məsələ həm də ölkənin təhlükəsizlik sistemi və milli maraqları kontekstində həllini tapmalı və məhz həmin sahələrdə ziddiyyət təşkil etməməlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli həmin kontekstdə bir sıra təxirəsalınmaz tədbirlərin həllinə gətirib çıxara bilər. Bununla da mümkün təhdidlərin qarşısını almaq mümkündür. Belə olduğu təqdirdə isə viza rejiminin aradan qaldırılması üçün əsaslar yaranar. Bütün məsələlərlə yanaşı həm də hər iki tərəfin milli maraqlarına uyğun siyasətin həyata keçirilməsinə səbəb olar".

Qeyd edək ki , İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib ki,İran və Azərbaycan arasında viza rejiminin ləğvi prosesi mərhələli şəkildə irəli aparılır.

Ayyət Əhməd