İşıqlı ümidlər bəxş edən hekayələr
(Rüfət Rüstəmovun “Köç” kitabı haqqında)
Bəzilərinin məşhur fransız şairi Şarl Bodlerin, bəzilərinin də məşhur Dostoyevskinin adına yazdıqları "gözəllik dünyanı xilas edəcək” ifadəsi artıq xeyli vaxtdır ki, nəinki öz aktuallığını itirir, əksinə, bəzi məqamlarda da bu böyük deyimin az qala əsiri olursan.
Düzü, Rüfət müəllimin hekayələr toplusunu vərəqlədikcə də bir daha bu dahiyanə deyimlə anladığım və anlada bilmək istədiyim bir şəkildə baş-başa oldum. Ümumiyyətlə, dəyərli alimimiz, türkologiya sahəsində böyük xidmətləri olan Rüfət Rüstəmovla həmsöhbət olanda və ya kiminləsə onun haqqında danışanda belə istər-istəməz bu ifadəni onun həm görkəmi, həm də çoxlarına, o cümlədən doğmalarına belə örnək ola bilən, olduqca səmimi, xeyirxah və sadə həyatı ilə əlaqələndirirsən. Sanki indi də bu növbə onun bədii yaradıcılığına gəlib.
Düzü, bu hekayələr toplusu ilə tanışlığım həyatımda ən münasib olmayan bir zamanla üst-üstə düşməkdə idi - həm işin çoxluğu, bir sıra səfərlərə hazırlıq, digər tərəfdən də gecikmiş elmi işlə məşğul olmaq və imtahanlar... Yəni həyatdan, dünyadan, insanlardan tamamilə təcrid olunaraq özümü olduqca "ciddi” bildiyim bu işlərə sərf etdiyim bir zamanda. Və belə bir məqamda Rüfət müəllimin hekayələri yazı masamın üzərində mənimlə üzbəüz idi. Əslində mənə təqdim ediləndə də qarşımda hansısa bir öhdəlik-filan da olmamışdı-sadəcə vərəqləmək, nəyəsə diqqət etmək. Mən də bir az yorğunluqdan uzaqlaşmaq niyyəti ilə qeyri-ixtiyari onlara tərəf əl uzatdım. Və maraqlıdır ki, bu hekayələrlə tanışlığım mənə qəribə hisslər yaşatdı. Düzü, yaşadıqlarım, daha doğrusu, mənə yaşatdırılanlar olduqca zəngin, həm də xeyirxah bir duyğunun inikası idi. Bir tərəfdən heyranlıq hissi, digər tərəfdən doğmalıq hissləri məni hansısa ağlasığmaz bir dunyanın sakini etmişdi.
Biz həyatdan, cəmiyyətdən geninə-boluna danışa bilərik, milli dəyərlərimizi, əxlaqi-mənəvi keyfiyyətlərimizi zamanın fövqünə də ucalda bilərik və nəhayət, türkün böyüklüyü önündə milyon dəfə səcdə də edə bilərik. Amma Rüfət müəllimin hekayələrini oxuduqca bizi əhatə edənlərin böyüklüyünə və ululuğuna qəribə bir vurğunluq yarandı məndə. Digər tərəfdən başa düşə bilmirdim ki, necə ola bilər ki, hələ keçən əsrdən-tələbəlik illərindən tanıdığım Rüfət müəllimin bədii dünyasının zənginliklərini indiyə kimi niyə görə bilməmişəm?!
Beləcə bu hekayələrlə saat-saat, gün-gün yol getməyə - oxumağa başladım. Hər hekayə başladığım bu yolda sanki bir dayanacaq idi. Birinci, ikinci... onuncu dayanacaq... Hər dayanacaqdan sonra ürəyim çırpınmağa başlayır, sanki yeni bir həyat başlayırsan və anlayırsan ki, öz həyatı və yaradıcılığı ilə hər kəs bu dünyanın bir parçasıdır. Və bir az mücərrəd olsa da, bu hekayələr bir daha göstərdi ki, hər birimizin istənilən an qarşılaşa biləcəyimiz həqiqətlər qədər də qanunauyğunluqlar var və hər birimiz bu diaqnozların əhatəsindəyik. İstər-istəməz yadıma unudulmaz müəllimimiz, böyük insan və milli yazıçı Mir Cəlalın tənqidci və ədəbiyyatşünas Elcin haqqında yazdığı "...bədii əsərin təhlilində çılpaq, sırf ictimai məzmun ilə kifayətlənmək olmaz. Burada sənətkarlıq məsələlərinin təhlili öz ləyaqətli yerini tutmalıdır” (Мir Cəlal. "Tənqid və nəsr haqqında” (Elçin. Tənqid və nəsr. Bakı, "Günəş” 1999, s.212) deyimi düşdü. O dəqiqə də anladım ki, məhz Rüfət müəllimin sənətkarlığı, peşəkarlıqla təqdim etdiyi yaşadığımız mühit və məkan eyniliyi bu hisslərin doğmalığını ortaya qoyur. Amma bir az qlobal baxanda uşaqlıq illərinin uzaq xatirəsi və bu kimi duyğular bir ingilis, fransız, italyan üçün nə hisslər aşılayırsa, şübhəsiz ki, bir azərbaycanlı üçün də bir o qədər doğma və əzizdir. Sadəcə, həyat və yaşamaq qədər ülvi bu həqiqəti bəlkə də hər sətrində yaşadır bu hekayələr. Hekayələri oxuduğum zaman müəllifin onları necə sevərək və yaşayaraq yazdığını da anladım. Bu çox vacibdir. Əslində bu xüsusiyyət hekayələri doğmalaşdırır, daha asan və anlaşılan edir. Hekayələr tarixi aspektdə olsa belə müasir dünya ilə birbaşa əlaqəlidir və real həyati həqiqətlər üzərində qurulub. Ola bilsin ki, bu deyimi təsdiqləmək üçün "Çökə çüyü” (s.129-142), "Zarafat” (s.71-79), "Ruhlar da danışır” (s.64-70), "Ata heyfim gəldi” (s.106-111) və başqa hekayələrdən nümunələr də gətirim və bu barədə müəllifin verdiyi imkanlar o qədər genişdir ki, gətirəcəyim misallar da hər bir hekayəyə aid edilə bilər.
Hekayələrin məğzi və qayəsi haqqında danışmaq istərkən Rüfət muəllimin "Bu dağlardan bir Çahangir kecdi” kitabını xatırladım və həmin kitabın "Giriş” hissəsində diqqəti çəkən fəlsəfi amal yadıma düşdü: "İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir” (Rüfət Rüstəmov. Bu dağlardan bir Çahangir kecdi. Bakı, "Elm və təhsil”, 2015, s.34) söyləyən müəllif bu fəlsəfi, həm də həyati çağırışı indi yazdığı hekayələrdə də tam təsdiqini tapır. Həm də bu barədə danışan müəllif "... vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq...” fəlsəfəsinə, "vətənpərvərlik həm də Vətənin naminə can vermək, həm də Vətən naminə ölməkdir!” həqiqətinə bir mənəvi inam yaradır, həyatın qayəsini inandırıcı bir şəkildə ortaya qoyur. İstər "Köc” (kitabdakı hekayə nəzərdə tutulur. s.27-45) olsun, istər "Ayı əhvalatı” (s.86-94), yaxud "Ananı yaşadan bulaq”(8-26) - hər bir hekayədə müəllif bu fəlsəfi ənənələrinə sadiqdir.
Ola bilsin ki, bu hekayələr ilk baxışdan bir-birinə çox bənzəyir. Çünki qəhrəmanların adları müxtəlif olsa da hamısı, eləcə də həmin qəhrəmanların yaşadıqları, şahidi olduqları, iştirak etdikləri hadisələr, mənzərələr demək olar ki, hər gün görüb eşitdiyimiz hadisələrin az qala təkrarı təsirini bağışlayır. Tənqidçi Əhəd Hüsеynоv şаir Əli Kərimin «Üçüncü аtlı» аdlı pоеmаsı haqqında vaxtilə yazırdı: "Müəllif təbiət qоynundа sаkit görünən, хаnəndənin, аşığın səsindən хəyаlа dаlаn, musiqinin bütün gözəlliklərinə dахilən məftun оlаn, аzərbаycаnlılаrın аçıq ürəkliliyinə, qоnаqpərəstliyinə, cəsurluğunа qəribə bir hеyrаnlıqlа bахаn Lеrmоntоvu аncаq müşаhidəçi kimi göstərməmişdir (Əhəd Hüsеynоv. Tənqid və ədəbi prоsеs. Bаkı, «Nurlаn», 2009, s.78). Yəni müəllifin özünün də vurğuladığı kimi, bu həyat hekayələri demək olar ki, hər kəsin yaşadığı, şahidlik etdiyi həyatın bir parçası olmaqla, ömrümüzün və taleyimizin gerçəkliyi olmaqla, bizim reallıqlarımızdır. İstər bir döyüş səhnəsi, istər hər hansı bir mərasim olsun, yaxud kiminsə bir səfərə hazırlığı, yaxud məhəbbət ya məişət səhnəsi olsun - bütün bunlar həyatımızın tam bir şəkildə özüdür. Ona görə də bu hekayələri oxuduqca, əminliklə deyə bilərəm ki, hər kəs öz həyatının və taleyinin bir parçasını tapır burada, eləcə də mən. Sanki müəllif bunları yazmamışdan öncə məsləhətləşdiyi insanlar sırasında, yaxud onunla bir kənddə böyüyən uşaqlardan biri də mən olmuşam. Hətta bu hekayələri oxuduqca hərdən mənə elə gəlib ki, mən də oxuduqlarımın iştirakçısıyam... Gözümün qarşısına orta məktəb, kənd həyatı, ilk görüşlər, tələbəlik illəri, daha nələr, daha nələr gəlməyib.
Yazıçının böyük uğuru təkcə hadisələrin təsvirində yox, həm də xüsusi bir duyğu ilə təqdimat etmək məharətindədir. Əslində istənilən bir mənzərəni rəssam fırçasıyla və ya fotoaparatla çəkib təqdim etmək olar. Amma peşəkarlıq onun kimi və necə çəkməyindədir. Hər kəsin qəbul edə biləcəyi təqdimatın bir adı var: peşəkarlıq! Təbii ki, indi haqqında danışdığım bu sənət nümunələrində də bu məqam, təkcə üstünlük təşkil etmir, həm də onun qayəsini peşəkarcasına ortaya qoyur. Bəlkə də buna görədir ki, söylənilənlərin həyatiliyini çox asanlıqla qəbul edirik.
Bir də hərdən mənə elə gəlir ki, Rüfət müəllimin bu hekayələri həm də, daha yaxşı insan ola bilməyimizin reseptləridir. Onları oxuduğum zaman mənə elə gəlib ki, daxili mənəvi gücünü görə bildiyi üçün, hisslərini hər kəslə paylaşa biləcək şəkildə çatdırmağa müvəffəq olduğu üçün o, xeyli azad və xoşbəxtdir. Baxın nəvənin xoş duyğularını bölüşən, onun sakit və xoşbəxt dünyasında yaşayan müəllif həm də məsum bir uşaqdır: "mən yaxınlaşdıqca səslər çoxalırdı. Cingizin yeganə nəvəsi Fidanın səsi məni məftun etdi” (s.48). Yaxud "...bu quzular analarının yan-yörəsində qaçışır, arada bir də qabaq ayaqlarının dizlərini yerə qoyaraq analarını əmirdilər. İlahi, nə gözəl mənzərədir! Dünyadan xəbərsiz bu varlıqların çıxardıqları oyunları insan seyr etdikcə bütün dərdi-qəmi unudur”(s.51). Bütün insanlar kimi onun da qəlbində qəm, kədər, nəşə, narahatlıq, nifrət və məhəbbət duyğuları vardır: "insan oğlu o gözəl günləri xatırlayanda kecmişini görür” (s.27). Yazdığı hər bir söz ona öz hisslərinin öhdəsindən gəlməklə yanaşı, eyni zamanda onları bölüşmək imkanı da yaradır. Bu hisslərin hər biri onun o anda nə söyləməyə çalışdığını və nələr hiss etdiyini göstərən fərqli və özünəməxsus keyfiyyətlərə malikdir: "Axıncı cayı elə bil gəlib-gedənlərə layla çalırdı. Onun çox möcüzəli səsi var idi” (s.43). Onun ehtiyac duyduğu şey heç də sadəcə hansısa bir yeni əsərinin müəllifi olmaq deyil, daha çox öz varlığının dərinliyindəki və ətrafındakı gözəlliyi, səmimiyyəti ortaya qoymaqdır: "Təbiətin kəndimizə verdiyi gözəllik məni məftun etmişdi. Hər tərəf bu qar kimi çox təmiz və pak idi” (s.48). Ruhun saflığından gələn bu gözəllik isə heç bir duruluqla müqayisə ediləsi deyil...
Azərbaycanın Xalq yazıçısı Мirzə İbrahimov "Mənəvi saflığa çağırış” məqaləsində yazırdı: "Hər fərdin xoşbəxt güzəranı, xoş əhval-ruhiyyəsi, səmərəli fəaliyyəti mütləq həm özünün mənəvi saflığı ilə, həm də başqa insanlara, onların nə cür insan və vətəndaş olması ilə bağlıdır” (Мirzə İbrahimov,"Mənəvi saflığa çağırış” (Еlçin. Povestlər. Bakı, "Gənclik”, 1979,s.5). Təbii ki, bu dəyərli mənəvi prizmadan baxanda elmi ictimaiyyət professor Rüfət Rüstəmovu yaxşı tanıyır. Onun zəhmətsevərliyi və yaradıcılıq enerjisi türkologiya elminə bundan sonra da yeni-yeni töhfələr vəd edir. Amma vədlərdən fərqli olaraq, oxuculara təqdim olunan bu hekayələr toplusu isə hər bir oxucusuna yaşamaq və xoşbəxt olmaq üçün böyük ümidlər bəxş edir.
Namiq Əhmədov, Əməkdar jurnalist