Yasamalda insanların rahatlığı pozulub: Ərazi sakinləri polisdən kömək gözləyir

17 mərtəbəli binaların arasında gecə-gündüz səs-küy: bu ərazidə sakinlərin rahatlığı niyə heç kəsi maraqlandırmır?

Bakı şəhərinin hər yerini insanların istədiyi kimi istifadə etdiyi məkana çevirmək olmaz!

Söhbət Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 85 ünvanından gedir. 17-18 mərtəbəli yaşayış binalarının tam ortasında uşaq bağçası fəaliyyət göstərir. Amma məsələ bağçanın fəaliyyət göstərməsi deyil.

Burada tez-tez müxtəlif tədbirlər keçirilir, səs gücləndiricilərindən verilən musiqinin səsi ətrafdakı bütün binalara yayılır. Yaşlı insanlar, azyaşlı uşaqlar, xəstələr, səhər tezdən işə gedən sakinlər - heç kimin rahatlığı nəzərə alınmır.

Bu, artıq tədbir deyil, insanların gündəlik həyatına müdaxilədir.

Bu gün - 4 sentyabr, səhər saat 08:00-dan etibarən ərazidə yenidən yüksək səsli tədbir keçirildiyi bildirilir.

Bəs sakin hara müraciət etməlidir?

Ərazi sakinləri artıq polisdən kömək gözləyir.

Heç kim yaşayış məhəlləsinin ortasında “tədbir keçiririk” adı ilə ətrafdakı yüzlərlə insanın dincliyini poza bilməz. Hüquq yalnız tədbir keçirən şəxslərin deyil, orada yaşayan insanların da hüququdur.

Bu ərazidə yaşayan insanların rahatlığı təmin edilməlidir.

Aidiyyəti qurumlara müraciət edirik: məsələyə ciddi şəkildə müdaxilə edin, səs-küyə və yaşayış binalarının sakinlərinin narahat edilməsinə son qoyulsun.

Yaşayış məhəlləsi heç kimin şəxsi tədbir meydanı deyil.

Sakinlərin də hüququ var - sakit yaşamaq hüququ.