İstintaqçılar belə şoka düşüb

6 nəfər “Cinçıxaran"lar ruhi xəstəni döyüb oldürdülər
Əkrəm Həsənov: "İstər psixoloji, istər ruhi, istərsə də bədəni xəstəliklərlə qarşılaşan hər kəs həmin sahə üzrə həkimə müraciət etməlidir"


Cəmiyyətdə "cinçıxarmalara" maraq hər zaman böyük olub. Xüsusi ilə savadsız insanlar müəyyən problemləri məhz bədənə cin girmə ilə əlaqələndirir və cindarlar da bundan istifadə edərək bir çoxlarını aldadır. Bu yolla insanların külli miqdarda pulunu və zinət əşyalarını mənimsəyən dələduzlar az deyil. Ancaq bu dəfə "cinçıxarma” olayı bir gəncin ölümünə səbəb olub.
Bakı şəhər sakini, Soltanov Murad Şahin oğlunun Şabran rayonunun "5 sotlar" yaşayış massivindəki kirayədə yaşadığı evdə üzərində müxtəlif xəsarətlər olan meyiti aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, 6 nəfər Şabran rayon sakini Şabran şəhərində İbrahimov Vüsal Şahbaba oğluna məxsus evdə psixi xəstəlikdən əziyyət çəkən 1993-cü il təvəllüdlü Soltanov Murad Şahin oğlunu "cin çıxartma" müalicə üsulu ilə sağaltmaq adı ilə bədəninin müxtəlif nahiyələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər. M.Soltanov aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Atası molladan tələb edib ki, oğlunu möhkəm döysün…

Qeyd edək ki, "Cinçıxaran" və onun ortaqları Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, faktla bağlı aparılan araşdırma zamanı Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov saxlanılıb.

Saxlanılan şəxslərin ilkin dindirilmə zamanı dedikləri istintaq-əməliyyat qrupunun üzvlərini şoka salıb. Əməliyyatçılar Şabran ərazisində ilk dəfədir ki, belə faktla qarşılaşdıqlarını bildiriblər: "Faciəyə səbəb insan cahilliyi olub. Ən çox diqqətçəkən məqam ondan ibarətdir ki, bu adamlar xəstəyə kömək etmək istəyərkən, özləri də bilmədən arzuolunmaz cinayətin iştirakçısına çevriliblər".

Məlum olub ki, əvvəlcə Şahin Soltanov oğlunu psixi xəstəlikdən müalicə etdirmək məqsədilə Sabunçu rayonu Maştağa qəsəbəsinə gətirib. Burada o, kömək üçün mollaya müraciət edib. Molla Murada "Quran" oxumaqla dua edib.

Lakin Şahin Soltanov mollanın işindən razı qalmayıb. Çünki bundan sonra oğlunun davranışlarında heç bir dəyişiklik baş verməyib. Bundan sonra kişi digər molla - Füzuli Qəribovu taparaq oğlunu onun yanına aparıb. Soltanov Qəribova 400 manat verib və bildirib ki, Muradın bədənindən şər qüvvələrin çıxarılması üçün onun daha effektiv üsullardan, məsələn, çubuqla döyülməsindən istifadə eləsin.
Əvvəllər heç vaxt döymək təcrübəsindən istifadə etmədiyini vurğulayan Qəribov deyib ki, xəstənin ruhundan şeytanı çıxarmaq və onu sağaltmaq üçün yalnız duadan istifadə edir. Lakin ata Soltanov öz təklifinin yerinə yetirilməsinə təkid edib. O, Qəribovu Şabrana gətirib ki, Muradın "sağaldılma seansı"nı buradakı kirayə mənzildə həyata keçirsin. Soltanovla birlikdə onun dostu da gəlib. Kişi köməyə qonşuları da çağırıb. Muradın əl-qolunu tutmaq lazım gəlib ki, molla cinin çıxarılması ritualını maneəsiz həyata keçirsin.

Nar çubuqları ilə silahlanmış Qəribov işə başlayıb. Bədbəxt Muradın atası molladan tələb edib ki, oğlunu möhkəm döysün və cin onun bədənindən biryolluq çıxsın.

Murad Soltanov təpik atıb, qışqırıb, lakin heç kəs ona acımayıb və proses dayandırılmayıb. Psixi xəstəni "sağlam adamlar" iki saat ərzində möhkəm döyüblər. Xəstə bu ağrıya tab gətirməyib. "Cinçıxarma" prosesi başa çatandan dərhal sonra halı pisləşib və ölüb.

"Cinçıxarma" prosesində iştirak edən Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı "Toz-8" markalı tüfəng də aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müalicə edən şəxs xəstəyə Quran ayələrində, hədislərdə bildirilən dualar edərək onun əsəblərinin düzəlməsinə səbəb ola bilər

Cindarlığın islamla heç bir əlaqəsi olmadığını vurğulayan ilahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə, bu kimi hallar insanların savadsızlığından, bilməməzliyindən, cəhalətindən irəli gəlir. İlahiyyatçının sözlərinə görə, istər psixoloji, istər ruhi, istərsə də bədəni xəstəliklərlə qarşılaşan hər kəs həmin sahə üzrə həkimə müraciət etməlidir:

 "Əgər savadlı həkim olarsa, əsəbləri, psixologiyanı müalicə etmək mümkün olur. Yəni bunun üçün Quran oxuyaraq, dua edərək kimisə döyməzdən və özünü döyülməyə şərait yaratmazdan əvvəl həkimə müraciət edilməlidir. Əgər həkimlər bu cür xəstəliyi müalicə edə bilməsə, o zaman dünyada məşhur olan özü-özünü müalicə etmək, mümkün qədər özü üçün Allaha dua edib kömək istəmək, yaxud da qəlbinin rahatlaşması üçün Quran dinləmək olar. Hətta bir çox Avropa ölkələrində musiqi ilə, təbiət səsləri ilə də əsəbləri müalicə etmək mümkün olur. Ancaq bir daha qeyd edirəm ki, insan xəstələndikdə mütləq həkimə müraciət etməlidir”.

Bununla belə Ə.Həsənov islam dinində məşhur olan rüqyə ilə müalicə barəsində saysız-hesabsız kitablar yazıldığını da əlavə edib. Onun sözlərinə görə, müalicə edən şəxs sadəcə xəstəyə Quran ayələrində, hədislərdə bildirilən dualar edərək onun əsəblərinin düzəlməsinə səbəb ola bilər: "Yoxsa ki, hansısa bir cin formalaşdırıb onun bədəndə olmasını deyərək xəstəni döyüb öldürmək, əlbəttə, cinayətdir. Buna görə də islam alimləri yekdil qərara gəliblər ki, belə psixoloji xəstə olan insanları hər kəs müalicə etməməlidir. Onu müalicə edən şəxs çox mükəmməl tibb elminə və şəriət elminə sahib olan şəxs olmalıdır. Yoxsa ki, indi dəb düşüb. Kim Qurandan nəsə oxuya bilir, iddia edir ki, mən bədənə girən cini çıxara bilirəm və belə iddia ilə bir çox avamları aldadıb onlardan külli miqdarda pul alırlar, nəticə isə heç zaman həmişə yaxşı olmur.

Böyük islam alimlərindən olan İmam Süyuti (rahimahullah) ovsun barəsində demişdir: "Alimlər belə bir yekdil fikrə gəliblər ki, üç şərt yerinə yetirildikdə ovsunla müalicəyə icazə verilir: 1) Ovsunla müalicə Allahın kəlamı, yaxud isim və sifətləri, yaxud da onun Peyğəmbərinin (s.a.v) hədisləri ilə olmalıdır; "(Ya Muhəmməd!) de ki: "O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır" (əl-Fussilət 44). "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik" (əl-İsra 82). "(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir" (Yunus 57)”.

"Cinçıxarma” məsələsinin problemli bir mövzu olduğunu qeyd edən ilahiyyatçı hesab edir ki, bu işlə məşğul olduğunu iddia edən dələduzlara aldanmaq olmaz.
Bütün islam alimlərinin də bəyan etdiyi kimi, hər şeydən öncə həkimə müraciət edilməlidir.

Şəymən