Ankara cinayətin izinə düşüb, ABŞ isə baş qatır
Jurnalistin qətli müəmmalara bürünüb
Səudiyyə Ərəbistanı dünyanın gözü qarşısında rüsvay olub
Ankara cinayətin izinə düşüb, ABŞ isə baş qatır
Ankara cinayətin izinə düşüb, ABŞ isə baş qatır
ABŞ Prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı Səudiyyə Ərəbistanın reaksiyasına və rəsmi açıqlamalarına münasibət bildirib. Ağ Ev rəhbəri deyib ki, Ər-Riyad özünü ən pis şəkildə müdafiə edib. Trampa görə, Ərdoğanla razılaşmadan öncə jurnalistin ölümü ilə bağlı daha dolğun məlumat almaq istəyir. O qeyd edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin hadisə ilə bağlı araşdırma barədə hesabatı tezliklə hazır olacaq. İran Prezidenti Həsən Ruhani də dünya gündəmini zəbt edən hadisə barədə danışıb. Ruhani bəyan edib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyini almadan Qaşıqçı cinayətini törədə bilməzdi.
Ər-Riyad Konsulluqdan çıxan şəxsin Qaşıqçının dublyoru olduğunu etiraf edib
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasından çıxan şəxsin öldürülən Camal Qaşıqçı olmadığı etiraf edilib. Yüksək vəzifəli iki şəxs bildirib ki, "dublyor"dan istifadə etməkdə məqsəd Camal Qaşıqçını Baş Konsulluğun binasından çıxarmaq və daha etibarlı bir yerə apararaq "sorğu-sual etmək” olub. Məlumatda deyilib ki, Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıb.
ABŞ Səudiyyənin 21 rəsmisini hədəfə aldı - Qərar
Tramp administrasiyası Camal Qaşıqçının öldürülməsi ilə əlaqəsi olan Səudiyyə Ərəbistanının 21 rəsmisinə sanksiya tətbiq edib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçülərindən biri bildirib. Sözçü jurnalistin ölümü ilə əlaqəsi olan 21 Səudiyyə rəsmisinin vizasının ləğv edildiyini vurğulayıb. Departament rəsmisi qeyd edib ki, ABŞ qanunlarına əsasən sanksiyalara məruz qalan şəxslərin adı açıqlanmayacaq. Xatırladaq ki, dünən ABŞ dövlət katibi Pompeo mətbuat konfransında jurnalistin ölümü ilə bağlı bəzi Riyad rəsmilərinə sanksiya tətbiq ediləcəyini bildirmişdi.
Səudiyyəli rəsmilərin vizası ləğv edilir
ABŞ Dövlət katibi Mayk Pompeo növbəti dəfə açıqlama verərək Camal Qaşıqçı cinayətində adı keçən səudiyyəlilərin vizasının ləğv ediləcəyini söyləyib. Dövlət katibi "Vaşinqton Post" yazarı Camal Qaşıqçının qətlində iştirak edən bütün günahkarların layiqli cəzasını alacaqlarını bildirib. Onun sözlərinə görə, Türkiyə Qaşıqçı ilə bağlı aparılan istintaqda Amerika ilə yaxından əməkdaşlıq edir.
"O itin başını mənə gətirin” – Qaşıqçı ilə bağlı şok
Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sözçülərindən olan Məhkəmə müşaviri əl-Qahtani jurnalist Camal Qaşıqçının öldürülməsini internetlə izlədiyi və idarə etdiyi iddiası ortaya çıxıb. Bu iddianı "Röyter” agentliyi səudiyyəli rəsmilərə istinadla yayıb. Xəbərdə qeyd edilib ki, vəliəhd şahzadənin sosial media üzrə fəaliyyətini tənzimləyən Abdullah əl-Qahtani qəzetçi cinayətini video bağlantı vasitəsilə izləyib. Qaşıqçı konsulluqda həbs edildikdən sonra öldürüləcəyi otağa aparılıb. Otaqda isə əvvəlcədən video-əlaqə qurulub və Qahtani Riyada otağında əyləşərək İstanbul konsulluğuna bağlanıb. Camal Qaşıqçının saxlanıldığı otağa internetlə bağlanan Qahtani söyüş söyərək jurnalisti təhqir edib. Bundan sonra şahzadənin təmsilçisi otaqda olan ölüm qrupuna "mənə o itin başını gətirin” deyib. Ancaq Qahtaninin jurnalistin öldürüldüyü anı izləyib-izləmədiyi bəlli olmayıb. Lakin Səudiyyə Krallığı Məhkəməsində adının açıqlanmasını istəməyən bir məmur "Röyter”ə deyib ki, Camal Qaşıqçı cinayətində cavabdehliyi Qahtaninin üzərinə götürməsi istənilib.
"Jurnalistin qətli hansısa dövlətin hakim siyasi qolu tərəfindən planlaşdırılıb və idarə olunub”
Qaşıqçı olayını "Şərq”ə dəyərləndirən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov qətlin çox qarışıq məsələ olduğunu bildirib. Onun fikrincə, hadisənin Səudiyyə Ərəbistanının Baş Konsulluğunda baş verməsinin özü ciddi sual doğuran məqamdır:
"Buna baxmayaraq, ortalıqda danılmaz reallıqlar var. İlk növbədə Ər-Riyad özü cinayətin dərindən araşdırılmasında maraqlı olmalıdır, çünki hadisə onların nəzarət etdiyi ərazidə baş verib. Hələlik proses ləng gedir, çünki Səudiyyə Ərəbistanı əsas ittiham olunan ölkədir və dövlət rəsmilərinin suçu təsdiq olunarsa, Ər-Riyad Qərbin sanksiyaları ilə üzləşə bilər. Ancaq Səudiyyə Ərəbistanına qarşı hansısa sanksiyanın tətbiq olunacağına inanmıram. Çünki Amerika Səudiyyə ilə çox yaxın əməkdaşlıq edir. Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdəki həm səmimi, həm də etibarlı partnyorudur. Hesab edirəm ki, indiki məqamda qətl hadisəsini araşdıran, ən azından buna təşəbbüs göstərən Türkiyə rəhbərliyi çox düzgün addımlar atır. Ankaranın məsələyə bu formada reaksiyası başadüşüləndir. Düşünürəm ki, istintaq bir müddət davam edəcək və sonda məsələyə nöqtə qoyulacaq”.
Professorun qənaətincə, Səudiyyə Ərəbistanın öz günahını etiraf etməsi və cinayətkarları cəzalandırması Ər-Riyadın suçlanmasını zəiflədəcək:
"Bir çox dövlətlər, o cümlədən Səudiyyə Ərəbistanı, Türkiyə və Avropa dövlətləri bu hadisədən nəticə çıxarmalıdır. Çalışmalıdırlar ki, bugündən sonra heç bir ölkənin diplomatik korpuslarında belə dəhşətli hadisələr yaşanmasın. Aydın görünən odur ki, jurnalistin qətli hansısa dövlətin hakim siyasi qolu tərəfindən planlaşdırılıb və idarə olunub”.
İsmayıl