Kamerunlu tələbələrin cəsədlərinin qaytarılması ilə XİN məşğul olmalıdır

Rəsmi əlaqə vasitəsilə bu problem öz həllini tapmasa, həmin tələbələr hansısa bir qəbiristanlıqda dəfn oluna bilər


Bakıda dəm qazından zəhərlənərək ölən 5 kamerunludan 4-nün cəsədi hələ də ölkələrinə göndərilməyib. Onlardan yalnız birinin valideyni Bakıya gələrək övladının nəşini Kameruna apara bilib. Yanvarın 2-də dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır. Meyitlərin Bakıda qalma səbəbi isə ailələrin maddi imkansızlığıdır. Kamerundan olan 4 nəfərin ailəsi maddi imkansızlıqdan Bakıya gələ bilmir. Onlardan Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilib. 

Qeyd edək ki, hadisə bu il yanvarın 2-də Yasamal rayonunda baş vermişdi. Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü həvəskar futbolçu imiş. Digər 1 nəfər isə Texniki Universitetin tələbəsi olub. 5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra tapılmışdı. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb və o, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib. Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum və Texniki Universitetin tələbəsi Nzemele Ezzambe olub.

Miqrasiya problemləri üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, bu işlə Xarici İşlər Nazirliyi və ya Daxili İşlər Nazirliyi məşğul olmalıdır: 

"Dövlət Miqrasiya Xidməti sırf miqrantların qeydiyyatı, onların ölkəyə giriş-çıxışı ilə bağlı səlahiyyətlidir. Xarici İşlər Nazirliyi Kameruna yaxın olan ölkələrin diasporası ilə əlaqə saxlamalıdır ki, dövlət öz vətəndaşlarının meyitlərinə sahib çıxsın. Kamerun dövləti ilə əlaqə vasitəsilə bu problem öz həllini tapmasa, həmin tələbələr hansısa bir qəbiristanlıqda dəfn oluna bilər. Əgər Kamerunun Azərbaycanda hansısa bir təşkilatı olsaydı, bu zaman problemin həlli daha asan olardı”.

Şəymən