Azərbaycandakı bir çox banklar təhlükəsizliklə bağlı oturuşmuş vəziyyətdə deyil
"Son dövrlər baş verən hadisələr göstərir ki, banklardan xeyli vəsaitlər oğurlanıb. Bankların çoxu bunu açıqlamırlar, çünki onların nüfuzlarına xələl gəlir"
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 000 manat pulun şəxsi hesablara köçürülməsi və nağdlaşdırılması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli, əvvəllər Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunan Bakı şəhər sakini Səddam Nəzərli saxlanılıb.
Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.
Vətəndaşların bank hesablarının haker hücumuna məruz qalması ilə bağlı hallara əvvəllər də rast gəlmişik. Xüsusi proqramlardan istifadə edən hakerlər asanlıqla istəklərinə nail ola bilirlər. Bəs, bu sahəyə nəzarət mexanizmi necə olmalıdır?
Bu cür cinayət hadisələrinə yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrində rast gəlindiyini deyən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq”ə bildirib ki, baş verənlər cinayətin kiber cinayətkarlıq növünə aiddir:
"Son dövrlər Azərbaycanda bu istiqamətə maraq çoxalıb. Bizdə kart istifadəçiləri və nağdsız əmək haqları artmaqdadır. Əlbəttə, rəqəmsal sahibkarlıq inkişaf etdikcə, nağdsız ödənişlər artdıqca, bu sahəyə də maraq artır. Bütün dünyada müxtəlif proqram təminatlarından, avadanlıqlardan istifadə edilərək bu tip cinayətlər həyata keçirilir. Diqqət yetiriləsi məqam ondan ibarətdir ki, ilk növbədə vətəndaşlar ehtiyatlı olmalıdırlar. Kartlardan, onlayn ödənişlərdən, terminallardan, internetdə alış-verişdən istifadə edən şəxslər kart məlumatlarının qorunmasına cavahdehdirlər. Belə hadisələr bir var bankın, bir də var ki, vətəndaşın məsuliyyətsizliyindən baş versin.
Əgər vətəndaş hansısa güvənsiz internet saytından alış-veriş edirsə, təbii ki, özü günahkardır. Gərək birinci diqqət yetirsin ki, hansı saytdan alış-veriş edir, saytın domeni necədir, nə vaxt yaranıb, əlaqələri, kordinantları varmı? Eyni zamanda özünün də kompüterində və telefonunda elementar təhlükəsizlik qaydalarına əməl etməlidir ki, kart məlumatları başqa yerə getməsin. Vətəndaşlara müxtəlif tipli kartlardan istifadə etmək tövsiyə olunur. Məsələn, xaricdə alış-veriş aparılan kartlar ola bilər”.
Bankların özünün də güvənli olmasının vacibliyini vurğulayan forum prezidenti bildirib ki, texnologiyalar günü-gündən inkişaf edir. Hər gün təhlükəsizliklə bağlı yeni məsələlər ortaya çıxır. Lakin Azərbaycandakı banklar təhlükəsizliklə bağlı oturuşmuş vəziyyətdə deyillər: "Yəni, bankların təhlükəsizliklə bağlı ciddi problemləri var. Son dövrlər baş verən hadisələr göstərir ki, banklardan xeyli vəsaitlər oğurlanıb.
Bankların çoxu bunu açıqlamırlar, çünki onların nüfuzlarına xələl gəlir. Bu işlə məşğul olan dövlət qurumları isə hansı bankların bu durumla üzləşdiyini bilirlər. Ölkəmizdə banklar təhlükəsizliklə bağlı yeni tenxologiyalara üstünlük verməlidirlər. Əlbəttə ki, bu, vəsait tələb edir. Gərək banklar təhlükəsizliklə bağlı böyük vəsaitlər yatırsınlar. Düşünürəm ki, bu sahədə banklarımızda müəyyən problemlər var”.
Yeganə Bayramova