“Kiçik qığılcım hər şeyin sonunu gətirər”

Elman Nəsirov: “Müharibəyə başlamaq çox asandır, amma savaşı dayandırmaq çətindir”
“Erməniləri bir çox hallarda müdafiə edən siyasi dairələr mövqelərini dəyişdirdilər, çünki heç kim “uşaq qatilini” müdafiə edə bilməz”

İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusu tərəfindən törədilən dəhşətli faciə dünya ictimaiyyətini ayağa qaldırdı. Əksər ölkələrin rəsmiləri, dövlət və qeyri-hökumət təşkilatları, tanınmış siyasətçilər, eləcə də indiyədək səsi-sorağı çıxmayan İran kimi ölkələr belə təcavüzkar Ermənistanın çirkin əməlini pislədilər, Sarkisyan hökumətini ciddi tənqid etdilər. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olduğunu iddia edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilk dəfə ard-arda iki bəyanat yaydılar.

İkinci bəyanatda ermənilər təxribatçı adlandırıldı. Bir çox nüfuzlu şəxslər işğalçı Ermənistanı yaxından tanıdılar, düşmənin iç üzünü gördülər. Şübhəsiz ki, Sarkisyan hakimiyyətinin qanlı əməllərinin ifşa edilməsi Azərbaycan dövlətinin və cəmiyyətinin müstəsna xidmətləri sayəsində mümkün oldu. Dövlət qurumları, siyasətçilər, deputatlar, QHT-lər, media orqanları və sosial şəbəkələrin fəal istifadəçiləri gecə-gündüz çalışaraq 2 yaşlı körpənin qanlı fotolarını bütün dünyaya yaydılar. Xarici ölkələrdə yaşayan gənc fəallarımız səfirliklər qarşısında etiraz aksiyaları keçirdilər. Belə demək mümkündürsə, əlimizdən gələn çox şeyi etdik. Bəs bunlar kifayət edirmi? Ekspertlərə görə, Ermənistana qarşı səslənən iradları, sərt reaksiyaları müsbət hal hesab etmək olar. Amma əsas odur ki, start götürən proses bir müddət sonra səngiyib yaddan çıxmasın. Proseslərlə bağlı "Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib ki, Ermənistan silahlı qüvvələrinin 2 yaşlı uşağı qətlə yetirməsi bir daha göstərdi ki, işğalçı rejim terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırıb. Deputatın sözlərinə görə, qətldən sonra ermənilərin atəşkəsi intensiv pozması və təxribatlara davam etməsi mülki şəxslərin bilərəkdən hədəf alındığını göstərirdi...

- İki yaşlı günahsız körpə öz həyətində qətlə yetirildi. Sizcə, qanlı cinayətin ifşa olunmasında dövlət və millət olaraq üzərimizə düşəni etdikmi?

- Hadisədən sonra dünya ictimaiyyətinin diqqətini prosesə cəlb etməyi bacardıq. Dünya ölkələrinin parlamentariləri, ayrı-ayrı beynəlxalq təşkilatların təmsilçiləri BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş bir ölkənin mülki əhalisinə qarşı qanlı cinayətin törədildiyini qəbul etdilər. Cinayətkarın Ermənistan olduğunu dilə gətirdilər. ATƏT-in Minsk Qrupu ilk dəfə olaraq hadisə ilə bağlı ardıcıl şəkildə iki bəyanat verdi. Belə presedent indiyə qədər olmayıb. İlk bəyanat kifayət qədər sönük idi. Ayın 6-da verilən ikinci bəyanat isə obyektivliyi ilə seçilirdi. Bütün bunlar onu göstərir ki, Prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət ölkəmizin beynəlxalq aləmdə mövqelərini kifayət qədər gücləndirib. Artıq sözümüzə qulaq verirlər. Son günlər reallaşan uğurlu diplomatik gedişlər, Xarici İşlər və Müdafiə Nazirliyinin, o cümlədən Baş Prokurorluğun birgə addımları, Diaspora Komitəsinin gördüyü işlər erməni vandalizmini beynəlxalq aləmə çıxara bildi. Bu işdə ölkəmizdə olan xarici ölkələrin hərbi attaşeləri və əcnəbi jurnalistlərin Alxanlı kəndinə səfər etməsi, olay yerini gözləri ilə görməsi də mühüm rol oynadı. Çünki həmin mütəxəssislər təmsil etdikləri dövlətləri məsələdən olduğu kimi agah etdilər.

- Cəzasının ağır olacağını bilən Ermənistan niyə mülki şəxsləri hədəfə alır? Bu cinayətin arxasında nə durur?

- Mülki, dinc və silahsız sakinlərin, xüsusən uşaqların və yaşlıların öldürülməsi birbaşa terrorçu zehniyyətin işidir. Alxanlıdakı hadisə bir daha göstərdi ki, Ermənistandakı siyasi rəhbərlik terrorçuluqla məşğuldur. Həm də bu hadisə bir neçə həqiqəti üzə çıxartdı. Azərbaycan informasiya müharibəsində düzgün strategiyanı seçdi. Baş verən olayın operativ şəkildə, qısa müddət ərzində dünya mediasına çıxarılması və düşmənin ifşa edilməsi Ermənistanı terrorçu dövlət kimi qələmə verdi. İndi daha çox ölkə Ermənistanı, xüsusən Sarkisyanı uşaq qatili kimi tanıyır. Düşmənin mülki əhalini hədəf seçməsi erməni ordusunun həddindən artıq zəiflədiyini, gücdən düşdüyünü də ortaya qoydu. Güclü ordu silahını heç zaman dinc sakinlərin üzərinə çevirməz. Heç kim deyə bilməz ki, Azərbaycan silahlı qüvvələri nə vaxtsa mülki erməniləri hədəf alıb, onlara atəş açıb. İndiyə qədər olmayıb, bundan sonra da olmayacaq. Səbəbi çox sadədir. Milli Ordumuzun əsas hədəfi təcavüzkar erməni birləşmələridir. Biz zəif və qorumasız insanlara atəş açaraq düşmən qədər alçala bilmərik. Ona görə də diplomatiya sahəsində hücum siyasətini həyata keçiririk. Cənab Prezident diplomatik korpusların nümayəndələri ilə mütəmadi keçirdiyi görüşlərdə bu faktı dəfələrlə vurğulayıb. Son günlər beynəlxalq ictimaiyyətdən gələn rəylər göstərdi ki, Azərbaycan hakimiyyəti doğru siyasət yeritməkdədir.

- Hesab edilir ki, Azərbaycana qarşı mövqe dəyişikliyi "aprel savaşı”ndan sonra baş verib. Bu iddia ilə razısızmı?

- "Aprel döyüşləri” ümumiyyətlə münaqişənin həllində dönüş məqamı oldu. Həmin məqam sadəcə savaşda hərbi üstünlüyümüzü deyil, eyni zamanda danışıqlar masasında da diplomatik üstünlüyümüzü təmin etdi. Həmçinin, informasiya məkanında yeni bir mərhələnin başlanmasına şərait yaratdı. Azərbaycan tərəfi sonuncu hadisədə bütün mümkün vasitələrdən istifadə edərək Ermənistanın siyasi rəhbərliyinin vəhşi hərəkətlərini bütün bəşəriyyətə çatdırdı. Yəni "aprel döyüş”ündən sonra həm cəbhədə, həm diplomatiyada, həm də informasiya məkanında üstünlüyü ələ aldıq.

- Sizcə, dövlət və cəmiyyət olaraq bundan sonra hansı addımları atmalıyıq? Deyirlər ki, əgər Ermənistan təxribatlardan əl çəkmirsə, biz də düşmənə qarşı kampaniyaya fasilə verməməliyik...

- Şübhəsiz ki, prosesi zəiflətmək və ya sonlandırmaq yolverilməzdir. İnformasiya əsrində yaşayırıq. İnformasiya məkanında qalib gələn tərəf digər məsələlərdə avtomatik qələbə qazanacaq. Ermənistana qarşı ardıcıl və dinamik şəkildə həm media, həm də sosial şəbəkə üzərindən mübarizəmizi davam etdirməliyik. Təkcə belə hadisələr baş verən məqamda, bir ay ərzində yox, torpaqlarımız işğaldan azad olunanadək üstünlüyümüzü qoruyub saxlamalıyıq. Prezidentimiz hansı siyasi kursu həyata keçirirsə, bizim də fəaliyyətimiz o yöndə olmalıdır. Son günlər gördüyümüz işlər göstərdi ki, sistemli, ardıcıl və səmimiyyətlə edilən hərəkət müsbət nəticə verir. Erməniləri bir çox hallarda müdafiə edən siyasi dairələr mövqelərini dəyişdirdilər, çünki heç kim "uşaq qatilini” müdafiə edə bilməz.

- "Zəhranın öldürülməsi müharibəyə başlamaq üçün ən yaxşı bəhanədir” kimi fikirlər gündəmə gəldi. Digər kəsim isə iddia etdi ki, ermənilərin məqsədi təxribatla Azərbaycanı savaşa çəkməkdir? Bu məsələ ilə bağlı görüşünüz nədir?

- "Müharibəyə nə vaxt başlamaq lazımdır” məsələsini sadəcə Ali Baş Komandan bilir. Ondan başqa heç kim bu barədə doğru proqnoz verə bilməz. Əvvəla onu deyim ki, Azərbaycan sülhpərvər dövlətdir. Ancaq bununla yanaşı, münaqişəni hərbi yolla həll etmək hüququmuz var. Bu haqqı bizə BMT nizamnaməsinin 51-ci maddəsi verir. Həmin maddəyə əsasən, ərazisi təcavüzə məruz qalan dövlətin torpaqlarını kollektiv müdafiə hüququ mövcuddur. Lakin Prezidentimiz İlham Əliyev dəfələrlə ən yüksək kürsülərdən səsləndirib ki, "biz münaqişənin dinc yolla həllinə tərəfdarıq, amma düşmən tərəf unutmasın ki, bizim də səbrimizin limiti var”. 

Dövlət başçısının bəyan etdiyi kimi torpaqlarımızın işğal altında qalması ilə barışmayacağıq. Müharibəyə başlamaq çox asandır, amma savaşı dayandırmaq çətindir. Hələ münaqişənin dinc yolla həll variantları tükənməyib. İnamımız var ki, münaqişə sülh yolu ilə çözülə bilər. Lakin "aprel savaşı” göstərdi ki, münaqişə dondurulmuş deyil və istənilən an dəhşətli müharibə başlayar. Bax, o zamana kimi problem danışıqlar yolu ilə həllini tapmalıdır. Əks halda kiçik qığılcım hər şeyin sonunu gətirər. Ermənistan hakimiyyəti baş verənlərdən dərs çıxarmalıdır. Unutmamalıdır ki, mütəmadi həyata keçirdikləri təxribatlar onlara baha başa gələcək. "Amandır, müharibə etməyin” deyən beynəlxalq güclər prosesin qəlizləşməməsi üçün düşmən tərəfə ciddi təzyiq göstərməlidir. Cəzasızlıq erməni quldurlarının daha da azğınlaşmasına səbəb olur. Axı kim təminat verə bilər ki, ermənilər sabah daha bir körpəni qətlə yetirməyəcək?!

İsmayıl