“Düşünürəm ki, bu, yeyinti məqsədilə edilmir. Bunun adı texniki məsuliyyətsizlikdir”
Kimi 1 manat itirir, kimi 20...
Milli Ön vətəndaşların cibinə girir
“Düşünürəm ki, bu, yeyinti məqsədilə edilmir. Bunun adı texniki məsuliyyətsizlikdir”
“Düşünürəm ki, bu, yeyinti məqsədilə edilmir. Bunun adı texniki məsuliyyətsizlikdir”
Milli Ön ödəmə terminallarının oyunları bitib-tükənmir. Demək olar ki, həmin aparatlar hər gün yüzlərlə vətəndaşın pulunu ağlagəlməz bir metodla mənimsəyir. Mən özüm də bu problemlə dəfələrlə üzləşmişəm. Məsələn, ötən günlərdə Azərbaycan Nəşriyyatının qarşısındakı dayanacaqda yerləşdirilmiş bu aparat vasitəsilə marşrut kartıma gediş haqqı yükləmək üçün terminala 50 qəpik daxil etdim. Aparat qəpiyi qəbul etsə də, karta gediş yükləmədi. Kartın boş olduğunu görüb, növbəti dəfə aparata 40 qəpik atdım. Bu dəfə də həmin vəziyyət təkrarlandı. Əlbəttə, belə halla yalnız mən deyil, redaksiyadakı həmkarlarımız da çox üzləşiblər. Hətta bir neçə dəfə ictimai nəqliyyatda ayrı-ayrı sərnişinlərin Milli Ön-dən gileyləndiklərinin canlı şahidi olmuşam.
Kimi 1 manatının, kimi isə 20 manatının mənimsənilməsindən şikayətlənir. Əlbəttə, bu xidmətin rəhbəri məlum qeyri-ənənəvi yolla gün ərzində yüzlərlə, bəlkə də minlərlə manat əlavə qazanc əldə edir. Ölkədə sosial şəraitin zəif olduğu bir dönəmdə bu cür arzuolunmaz hadisələr insanlarda aqressiya, gərginlik yaradır. Doğrudur, məlum problem dəfələrlə mətbuatın və sosial medianın gündəminə daşınıb. Məsələ ətrafında konseptual müzakirələr aparılıb və Milli Ön-ün fəaliyyəti ciddi tənqid atəşinə tutulub. Buna rəğmən xidmət rəhbərliyinin heç tükü də tərpənməyib. Maraqlıdır, görəsən, bu cür problemlər nədən qaynaqlanır? Və Milli Ön rəhbərliyi niyə buna əncam çəkmir? Suallarımıza cavab tapmaq məqsədilə məsələni növbəti dəfə mətbuatın gündəminə gətirdik və ekspertlərin cavablarını öyrəndik.
İqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə açıqlamasında qeyd etdi ki, indiki məqamda bu, çox aktual məsələdir. Onun sözlərinə görə, həmin problemlə çox insan üzləşib: "Mən özüm də bu problemlə üzləşmişdim. Milli Ön ödəmə aparatı vasitəsilə etdiyim ödəniş karta yüklənmədi. Amma aparatın verdiyi qəbzi saxlamışdım deyə, telefon vasitəsilə Milli Önə müraciət etdim. Onlar mənə yolunu dedilər və mən də başqa aparata yaxınlaşıb, itirdiyim pulu geri qaytardım. Düşünürəm ki, bu, yeyinti məqsədilə edilmir. Bunun adı texniki məsuliyyətsizlikdir. Aparatlara xidmət göstərən personal var. Onlar ən azı gündə bir dəfə həmin terminallara baxış keçirməlidirlər. Amma həmin terminala az qala ayda bir dəfə baxış keçirir ki, bu da, sonda yaxşı nəticələnmir. Belə vəziyyətlər insanlara həm psixoloji, həm maddi, həm də mənəvi əziyyət verir. Bu, həmin qurumun texniki xidmət göstərən heyətinin məsuliyyətsizliyidir. Ancaq belə faktlar olduğu halda qəbzlər atılmayıbsa, problemi aradan qaldırmaq mümkün olur. Vətəndaşlara tövsiyə edərdim ki, ödəmə prosesindən sonra aparatın verdiyi qəbzi ən azı bir gün özlərində saxlasınlar ki, ödəniş həyata keçməmiş olsa, onu sonradan bərpa edə bilsinlər”.
Ekspertin sözlərinə görə, Azərbaycan qanunvericiliyində insanların zamanını almaqla bağlı cinayət məcəlləsi olmalıdır ki, belə hallar olanda vətəndaşlar məsələ qaldıra bilsin: "İnsan üçün ən qiymətli amil zamandır. Təsəvvür edin, hansısa bir aparatın texniki səhvinə görə, həmin ödənişi edən adam aparatdan aldığı qəbzi götürüb, Milli Ön-ə zəng vurmalıdır. O da göstəriş verir ki, filan terminala gedib, filan əməliyyatları yerinə yetirin. Bu, artıq ciddi vaxt itkisi və aqresiyya deməkdir. Heç kimin bizim vaxtımızı almağa ixtiyarı yoxdur. Bu boşluqlar dövlət nəzarət orqanlarının fəaliyyətsizliyindən irəli gəlir. Həmin dövlət qurumları bu cür təşkilatlara lisenziya verirlər. Misal üçün, həmin aparatlar bizim Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçir. Düzdü, biz sahibkarları qoruyuruq ki, dövlət nəzarət orqanları onlara müdaxilə etməsin. Amma görürsünüz, insanların təfəkkürü necə işləyir? Bu sahibkar öz işini belə görmək istəmir. Bazara girib bu xidməti öz boynuna götürmüsənsə, onu layiqincə yerinə yetirməlisən. Hətta belə adamlar digər sahibkarlara da imkan vermirlər. Bu bazarda inhisarçılıq yaradıblar. Xidmətləri isə keyfiyyətsizdir. Amma burada rəqabət sağlam olsa, hamı görsə ki, Milli Ön aparatında problemlər var, gedib başqasından istifadə edəcək. Nə başı ağrıyacaq, nə də vaxt itirəcək. Bax, bu mühit yaradılmalıdır. Bu mühit yaradılmasa, biz daim belə çətinliklərlə üzləşəcəyik”.
"ASAN xidmət”in uğurlu və şəffaf xidmətinə diqqət çəkən ekspert onu da əlavə edib ki, bu qurum vətəndaşların işini çox asanlaşdırıb: "Yadınızdadırsa, xarici pasport almaq üçün insanlar günlərlə növbə gözləyirdilər. İndi şükürlər olsun ki, bu hal yaşanmır. Çünki sağlam xidmət göstərə bilən qurum yaradılıb. Ödəmə sahəsində sağlamlaşdırılma aparılmalıdır. Bu sahədə konkret addım atılmasa, belə problemlərlə çox üzləşəcəyik. Vaxtımız da itəcək, əsəblərimiz də pozulacaq. Cəmiyyətdə də narazılıqlar yaranacaq. Fikir verirsinizsə, küçədə insanlar biri-birinin üzünə baxanda gülümsəmir, hamının üzündən "zəhrimar” yağır. Hamı qaş-qabaqlı gəzir. Hamısı bu cür problemlərin yaratdığı aqressiyadan irəli gəlir”.
Hüquqşünas İradə Çavadova da bəyan edib ki, Milli Ön aparatları ilə bağlı problemlər mövcuddur: "O aparatların kimə məxsus olduğunu bilmirəm. Həmin terminallara məsul olan şəxslərdən əlaqədar qurumlara şikayətlər olunmalıdır. Burada istehlakçı hüquqlarının pozulmasından söhbət gedir. Baxın, bizim gözümüzə görünməyən 10, 20 qəpik gün ərzində yığılıb, 10-20 min manat ola bilər. Vətəndaş hər bir mübahisə üçün məhkəməyə müraciət edə bilər. Amma heç bir vətəndaş ayrı-ayrılıqda 20, 50 qəpiyə görə məhkəməyə müraciət etmir. Bu da normal haldır. Düşünürəm ki, istehlakçı hüquqları ilə bağlı İqtisadiyyat Nazirliyinin departamenti var. Onların qaynar xətləri mövcuddur. Ora müraciət edib, məlumat vermək olar. Və yaxud da kiçik bir ərizə yazıb, şikayət etmək mümkündür. Əgər həmin pozuntu, yeyinti bilərəkdən olunursa, bu artıq cinayət sayılır. Yox əgər texniki nasazlıqdırsa, dərhal aradan qaldırılmalıdır. Ödəniş edən vətəndaş isə əllərində qəbzi saxlamalıdır. Çünki həmin qəbzi təqdim etməklə itirilmiş pullarını geri qaytara bilərlər. Düzdü, ola bilsin ki, vətəndaş vaxtını ayırıb bununla məşğul olmur. Ən azından cəhd göstərməlidir. "Qaynar xətt”ə zəng edib şikayətini bildirməlidir”.
Sosioloq Əhməd Qəşəmoğlu də hesab edir ki, bu məsələlərin qaydaya salınması üçün inzibati yoldan istifadə edilməlidir: "Görünür, həmin aparatı quranlar kələkbaz adamlardır. Bu faktları siz bilirsinizsə, onların özləri də bilməmiş deyil. Bu variant onları qane edirsə, deməli, məsələnin arxasında özlərinin maraqları var. Yəni el dilində desək, "çaqqı-çuqqu” edirlər. Ona görə də, media məsələni ictimailəşdirməlidir. Onlar haqqında ümumi fikir yaratmalıdır. Bu ictimai rəy onları şəffaf işləməyə məcbur edəcək. Həmçinin ortada fakt varsa, məhkəməyə müraciət edib, onları cəzalandırmaq lazımdır”.
Ayyət Əhməd