Körpə uşaqlar 1 gün ərzində sətəlcəm ola bilirlər

"Daha çox hava-damcı yolu ilə keçən infeksiyalar fonunda virusların qarşısını almaq lazımdır"



Uşaq Sətəlcəminə qarşı Qlobal Koalisiyanın təşəbbüsü ilə hər il 12 noyabr Dünya Sətəlcəmə qarşı Mübarizə Günü kimi qeyd edilir. Həmin gün səhiyyə müəssisələri profilaktik tədbirlər və tibbi baxışlar keçirirlər. Bundan başqa, könüllülər insanlara sətəlcəm və onunla bağlı risklərdən danışır, məlumat vərəqələri, bukletlər paylayırlar.

Tibbi dildə pnevmaniya kimi də tanınan sətəlcəm yaşlılar, xroniki xəstəliyi olanlar və immun sistemi zəif olanlar üçün təhlükəli ola bilər. Sətəlcəm kəskin infeksiya xəstəliklərinə aid edilir və əsasən hava-damcı yolu ilə ötürülür. Xəstəliyin bir çox növləri öz ağırlıq dərəcəsinə görə orta və ağıra qədər dəyişir. Xəstəxana daxilində olarkən əmələ gələn sətəlcəm xüsusən virulent və ölümcül olur. Bir çox sətəlcəmlər isə qəfil əmələ gəlir, sinədə ağrı, temperatur, öskürək, bəlğəmlə və qısalmış tənəffüslə xarakterizə olunur. İnfeksiya adətən soyuqdəymə və qripin ardınca gəlir, lakin başqa xəstəliklərdən sonra və ya öz-özünə də əmələ gələ bilər.

Bu xəstəlikdən ilk növbədə uşaqlar əziyyət çəkirlər. Dünyada həddi-buluğa çatmamışların ölüm faizinin əsas səbəbi sətəlcəmdir. Sətəlcəm hər il beş yaşınadək olan 1,4 milyona yaxın uşağın həyatına son qoyur. Bu, QİÇS, malyariya və qızılcadan ölənlərin birgə statistik göstəricisindən daha çoxdur.


Sətəlcəmin uşaqlarda çox qısa müddətdə inkişaf etdiyini və təhlükəli hala gəldiyini deyən həkim-allerqoloq Şahvələd Məmmədov "Şərq”ə bildirib ki, bəzən sətəlcəm yeni doğulmuş uşaqlarda 1 gün ərzində virus infeksiyası fonunda inkişaf edir: 

"Böyüklərdə isə bu vaxt bir qədər uzana bilər. Məsələn, bu müddət 3 gündən 7 günə kimi olur. Ümumiyyətlə, sətəlcəm hər zaman riskli xəstəliklər qrupuna aid olub. Belə bir aforizm də var: "Xəstələnir ağciyər, təhlükə ürəkdədir”. Çünki sətəlcəm zamanı ürək çatışmazlığı daha da inkişaf edir və ürəkdə problemlər yaranır. Ona görə də daha çox hava-damcı yolu ilə keçən infeksiyalar fonunda virusların qarşısını almaq lazımdır”.

Həkim bildirib ki, azyaşlı uşaqlara vaxtında bir çox infeksiyalar üçün peyvənd vurulması olduqca vacibdir: 

"Bu infeksiyalara qrip, göy öskürək və s. aiddir. Həm uşaqların, həm də böyüklərin immunitetlərini möhkəmləndirmək üçün qidalarına fikir verilməlidir. Həmçinin insanların həyat tərzində də dəyişiklik etmələri məsləhətdir. Qida rejimi düzgün tənzimlənməlidir, idmanla məşğul olmaq da əsas şərtlərdəndir. 

Elə etmək lazımdır ki, insanlar hava-damcı yolu ilə yayılan infeksiyalara yoluxmasınlar. Virus infeksiyaları tez bir zamanda ağırlaşıb sətəlcəmə çevrilə bilər. Lakin bunun üçün mübarizə aparmaq lazımdır. Sətəlcəm vərəm və digər ağır xəstəliklər demək deyil və bugünkü gündə müalicə ilə çox asanlıqla tabe olan bir xəstəlikdir”.

Yeganə Bayramova